Azərbaycanda güclü zəlzələ gözlənilirmi?

26-03-2015, 19:24   
Azərbaycanda güclü zəlzələ gözlənilirmi?

Bu həftə mətbuat bir neçə dəfə zəlzələ xəbərləri ilə “silkələndi”. Baş verən təkanların gücü 4 baldan çox olmasa da, bu xəbərlərin bir-birinin ardınca yayılması insanlarda narahatlıq yaratdı.

Xatırladaq ki, martın 25-də Bakı vaxtı ilə saat 13:49-da Gəncə bölgəsində zəlzələ qeydə alınıb. Zəlzələ ocağına yaxın yaşayış məntəqələrində təkanların gücü 3,7 bala qədər hiss olunub.

Bundan iki gün öncə martın 23-də Xəzər dənizinin Azərbaycan hissəsində də zəlzələ baş verib. Respublika Seysmoloji Xidmət Mərkəzinin saytında yayılan məlumata görə, yeraltı təkanın maqnitudası 5.4, dərinliyi 6 km olub. Zəlzələ hiss edilməyib.

Martın 22-də isə Lerik rayonunda, gecə saat 03:33-də 3.0 bal gücündə zəlzələ qeydə alınıb.

Bütün bu xəbərlər cəmiyyətdə zəlzələ ocaqlarının aktivləşməsi ilə bağlı suallar yaradır.

Bəs, görəsən ölkədə 4 baldan yuxarı zəlzələnin baş vermə ehtimalı gözlənilirmi? Seysmoloji proqnozlar narahatlığa nə dərəcədə əsas verir?

AMEA Respublika Seysmoloji Xidmət Mərkəzinin baş direktoru Qurban Yetirmişli musavat.com-un sualına cavab olaraq, bildirdi ki, zəif yeraltı təkanlar gözləniləndir və bundan narahat olmağa dəyməz: “Narahatçılığa heç bir əsas yoxdur. Bu, normal bir haldır, zəif yeraltı təkanlar daim olur. Bu təkanların içində nisbətən güclüsü də olur. Ancaq onlar dənizdə olduğu üçün çox az hiss olunur. Son günlər baş verən ən güclü zəlzələ Gəncədə olan yeraltı təkanlardır. Bu da o dərəcədə güclü deyil ki, narahatlığa səbəb olsun”.

Milli Ekoloji Proqnozlaşdırma Mərkəzinin rəhbəri, ekoloq Telman Zeynalov isə bildirdi ki, hər zaman zəlzələnin baş verməsinə hazırlıqlı olmaq lazımdır: “Güclü zəlzələnin baş verməsi 10-15 ildən bir baş verir. Bu da Günəş və Ayla əlaqəlidir. Günəşin tutulması, ləkələrin artması və partlaması ilə zəlzələlər meydana gəlir. Ayın Günəşin önünü tutması, yəni gün tutulması adlanan təbiət hadisəsinin baş verməsi bu və ya digər proseslərin güclənməsinə gətirib, çıxarır. Bununla əlaqədar zəlzələlərin, vulkan püskürmələrinin baş verməsi intensivləşir. Hazırda ən güclü vulkan püskürməsi Amerikada gözlənilir. Əgər, həmin vulkan aktivləşsə, dünyanın üçdə bir hissəsini zəlzələ bürüyəcək. Azərbaycanda isə ildə 3 minə qədər kiçik zəlzələlər, zəif təkanlar baş verir.

Ancaq biz həmişə hazırlıqlı olmalıyıq, bu təkanların gücü arta bilər. Mütəxəssislər vaxtaşırı məlumat verməlidirlər ki, cavabdeh olan şəxslər - icra hakimiyyətləri, bələdiyyələr, FHN və digər qurumlar öncədən əhaliyə xəbərdarlıq edə bilsinlər. Son dövrlərdə Azərbaycan buna hazırdır. Təbii fəlakətlər baş verməzdən öncə əhaliyə xəbərdarlıq edilir. Dünyada da zəlzələ qurbanlarının azalmağa doğru gedir. Əgər əvvəllər zəlzələ baş verərkən 10 minlərlə insan ölürdüsə, indi ən pis halda 60-100 nəfər həlak olur.

Qafqaz dağları yeni, cavan dağlardır, tam formalaşmayıb. Bu səbəbdən də Azərbaycanda da zəlzələlər hələ çox olacaq. İldə 2-3 min dəfə xırda təkanlar olur. Ancaq zəlzələnin gücü arta da bilər, bu baxımdan, insanlar həmişə hazırlıqlı olmalıdırlar”.

Azərbaycanda, xüsusən də Bakıda tikililərin zəlzələyə davamlılığına gəlincə, Telman Zeynalov bildirdi ki, çoxmərtəbəli binaların tikilməsinə son qoyulmalıdır: “Dünyada son 10 ildə çoxmərtəbəli binaların tikilməsinə tədricən son quyulub. Bizdə isə əksinə, daha yüksək binalar tikirlər. Onunla biz heç nə qazanmırıq. Əksinə, çoxmərtəbəli binalar küləyin, buludun qarşısnı kəsir, yeraltı suların axmasının qarşısını alır və bu da sürüşmələrin baş verməsinə səbəb olur. Ancaq təbii proseslərin axınına müdaxilə etməmək üçün ən hündürmərtəbəli bina 5 mərtəbədən yüksək olmamalıdır. Əks halda, hər hansı güclü zəlzələ baş verərsə, bütün binalar dağılar və həm milyardlarla vəsait, həm də çoxlu sayda insanlar həlak olarlar”.

Nərgiz Liftiyeva
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar