Avropa Birliyindən Azərbaycanla bağlı sərt hesabat

26-03-2015, 19:48   
Avropa Birliyindən Azərbaycanla bağlı sərt hesabat
Sənəddə insan haqları, söz azadlığı və QHT-lərlə bağlı vəziyyətin kəskin pisləşdiyi deyilir

“Müxalifət qəzeti olan “Azadlıq” çox ciddi təzyiqlərlə üzləşməkdə davam edir”

Martın 25-də Avropa Komisiyası Avropa Qonşuluq Siyasəti çərçivəsində əməkdaşlıq etdiyi ölkələrlə bağlı hesabat yayıb. Sənədin hazırlanmasında Avropa Parlamentinin iştirakı da qeyd olunur. Hesabatda 2014-cü ildə Avropa Birliyi ilə Azərbaycan arasındakı münasibətlərə geniş yer verilib.

Sənəddə Avropa Birliyi Azərbaycan əlaqələrinin təşkilat üçün ciddi əhəmiyyət daşıdığı vurğulanır.


Hesabatda ölkədə insan hüquq və azadlıqlarının vəziyyətilə bağlı məsələlərə xüsusi diqqət yetirilir. Bildirilir ki, 2014-cü ilin may-noyabr aylarında Azərbaycan Avropa Birliyi Şurası Nazirlər Komitəsinə sədrlik edib. Bu müddət ərzində ölkədə müstəqil qeyri-hökumət təşkilatları ilə bağlı vəziyyət son dərəcə pisləşib. Qanunvericiliyə onların fəaliyyətini hədsiz şəkildə çətinləşdirən dəyişikliklər edilib. 2014-cü ildə qəbul edilən yeni qanundan sonra yerli və beynəlxalq qeyri-hökumət təşkilatları çox ciddi inzibatı və məhkəmə təzyiqlərinə məruz qalıblar. Avropa Şurasının Venesiya Komisiyası da QHT-lərlə bağlı qanunvericiliyə edilmiş dəyişikləri onların fəaliyyətinin məhdudlarşdırılması kimi dəyərləndirib.

Yerli qeyri-hökumət təşkilatlarının rəhbərləri vətənə xəyanət, vergidən yayınma, qanunsuz sahibkarlıq və vəzifə səlahiyyətlərindən sui-istifadə halları ilə ittiham olunub. Müstəqil qeyri-hökumət təşkilatlarının çoxu fəaliyyətini dayandırmalı olub. Tanınmış hüquq müdafiəçiləri həbs edilib, bəzilərinə ölkədən çıxmaq qadağan olunub və bank hesabları dondurulub.

ATƏT-in seçkilərin demokratik keçirilməsini nəzərdə tutan tövsiyələri 2014-cü ildə də yerinə yetirilməyib. İnsan hüquq və azadlıqları açıq-aşkar pozulur, beynəxalq standartlara hörmət olunmur. Məhkəmələrin müstəqilliyi üçün heç bir ciddi addım atılmayıb. AB ilə Azərbaycan arasında siyasi dioloq sahəsində təmaslar da çox azalıb.

Sənəddə qeyd olunur ki, söz azadlığı ilə bağlı vəziyyət pis olaraq qalır. Müxalifət qəzeti olan “Azadlıq” çox ciddi təzyiqlərlə üzləşməkdə davam edir. Böyük məhkəmə cərimələri qəzetinin maddi vəziyyətini son dərəcə pisləşdirib. Bütün telekanallar hökumətin nəzərəti altındadır. 2014-cü ilin dekabr ayında müstəqil mətbuat üçün təhlükəli qərar qəbul edilib. Haqqında iki məhkəmə qərarı olan qəzetin bağlanması üçün qanuni əsas yaradıb.

Hesabatda toplaşma azadlığına məhdudiyyətlərin davam etdiyi də əksini tapır. Həmçinin, din azadlığı ilə bağlı vəziyyətin yaxşı olmadığı da bildirilir. Qeyd olunur ki, bu sahədə də son dövrlərdə yeni məhdudiyyətlər müəyyənləşdirilib.

Sənəddə göstərilir ki, korrupsiyaya qarşı mübarizə elan olunmasına və bütöv strukturlar yaranmasına baxmayaraq, ölkə “Transparency İnternational”ın siyahısında 175 ökə arasında 126-cı yerdə qərarlaşıb. Korrupsiya ilə bağlı mübarizədə ciddi irəliləyişə nail olunmayıb.

Hesabata görə, 2014-cü ildə məhkəmələrin müstəqilliyi sahəsində də nəzərə çarpan irəliləyişlər olmayıb. AB nümayəndələri qeyi-hökumət təşkilatları nümayəndələrinin məhkəməsinin monitorinqini aparıb. Onlar ciddi qanun pozuntularının şahidi olublar. Hökuməti tənqid edən şəxslərin müdafiəsi prosesi çətinləşib. Səbəblərdən biri müstəqil vəkil çatışmazlığıdır. Bir çox vəkillər belə şəxsləri müdafiə etməkdən çəkinir. Vəkillər Kollegiyası müxalifətçiləri müdafiə edən şəxslərə qarşı təqib kampaniyası aparır. Azərbaycan hökuməti Avropa İnsan Hüquqları Məhkəməsinin bəzi qərarlarına açıq-aşkar saymazyana münasibət göstərir və onları yerinə yetirmir.

Hesabatda Naxçıvandan da bəhs olunur. Bildirilir ki, Muxtar Respublikada insan hüquq və azadlığı ilə bağlı vəziyyət ciddi narahatlıq doğurmaqda davam edir.

azadliq.info
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar