Cəbhə xəttindəki döyüşlər total savaşa keçə bilərmi?

27-03-2015, 09:39   
Cəbhə xəttindəki döyüşlər total savaşa keçə bilərmi?
Status-kvo hələ ki ən çox vasitəçi dövlətləri qane edir; ABŞ İsrail kimi Ermənistanı da işğala son qoymağa çağıracaqmı? Moskvalı politoloq: “Rusiya imtina etsə, Azərbaycan silahları heç bir problemsiz Kremlin dünya bazarındakı rəqiblərindən alacaq...”
Novruz ərəfəsi Qarabağ münaqişəsi zonasında qarşı duran tərəflər arasında növbəti eskalasiyanın özünü göstərməsi ilə müşahidə olundu. Budəfəki qarşıdurma zamanı erməni tərəfi çoxsaylı canlı itkilər verdi. Azərbaycan Müdafiə Nazirliyinin məlumatına görə, 20-dək düşmən əsgəri sıradan çıxarıldı, xeylisi yaralandı - erməni tərəfi ölüm faktlarının hamısını etiraf eləməsə də.

Ermənistanın müdafiə naziri Seyran Ohanyanın təcili şəkildə işğal altındakı Dağlıq Qarabağa, Xankəndinə gələrək yaralı erməni əsgərlərinə baş çəkməsi, martın 22-də erməni hərbi qulluqçusu Andranik Qriqoryanın könüllü şəkildə Azərbaycan tərəfə keçməsi və bu tərəfdə verdiyi ilginc açıqlamalar (“Mənasız müharibədə ölmək istəmirəm”, “Əsgər çatışmazlığı üzündən postlara mülki şəxslər yerləşdirilir”, “Ölənlərin sayı gizlədilir” və s.) düşmənin ciddi zərbə aldığına şübhə yeri qoymur.

Son insident bir daha Dağlıq Qarabağ məsələsində status-kvonun saxlanmasının nə dərəcədə qorxulu olduğunu, eskalasiyanın istənilən an genişmiqyaslı müharibəyə keçmə riskinin böyük olduğunu göstərdi. Əfsus ki, münaqişənin dinc yolla həllinə məsul olan vasitəçi dövlətlər - Rusiya, ABŞ və Fransa konfliktin hərbi fazaya adlamasını önləmək üçün etibarlı mexanizm ortaya qoya bilmir. Etibarlı mexanizm isə işğalçıya, nəhayət, öz yerini göstərməkdən keçir.

* * * * *
Çox maraqlıdır ki, bu arada ATƏT-in Minsk Qrupunun üç həmsədr ölkəsindən biri kimi ABŞ İsraili Fələstin torpaqlarının 50 illik işğalına son qoymağa çağırıb. Ağ Ev administrasiyasının rəhbəri Denis Makdonou bu xüsusda bildirib ki, İsrail başqa bir xalq üzərində silah gücünə hökmranlıq edə bilməz. Ağ Ev rəsmisi onu da bəyan edib ki, sülh anlaşması İsraili daha güclü edə bilər. Amrtika prezidenti Barak Obama isə bəyan edib ki, İsrail-Fələstin bölgəsində sabitliyin əldə edilməsinin yeganə yolu Fələstin dövlətinin yaradılmasıdır.




Çox yaxşı. Ancaq yaxşı olmazdımı ki, Vaşinqton Güney Qafqazın “İsraili”nə - işğalçı Ermənistana da arada göz ağardaydı, Azərbaycanla sülh sazişinin ilk növbədə blokadadan əziyyət çəkən Ermənistana, onun xalqına və Dağlıq Qarabağdakı Azərbaycan vətəndaşları olan ermənilərə böyük fayda gətirəcəyini anladaydı?! Axı istənilən müharibənin, işğalın axırı sülhdür...

* * * * *
Nə qədər ki, belə bir sülh üfüqdə görünmür, əraziləri işğal altında olan Azərbaycan təbii ki, öz hərbi büdcəsini artırmaqda, silahlı qüvvələrini və hərbi parkını daha müasir silah-sursatla modernləşdirməkdə davam edəcək - təcavüzkar Ermənistanı bu, qıcıqlandırıb narahat eləsə də. Azərbaycan isə İrəvanın narazılığına rəğmən, bəllidir ki, silah və hərbi texnikanı həm də Ermənistanın strateji müttəfiqi Rusiyadan alır.



Rusiyalı politoloq Aleksandr Krılov Bakı ilə Moskva arasında silah ticarəti ilə əlaqədar erməni tərəfinin narazılığını əbəs sayır. Erməni KİV-ə müsahibəsində ekspert bununla bağlı deyib: “Aydındır ki, Rusiya və Ermənistanın Türkiyə və Azərbaycanla, Ukrayna və Gürcüstanla tamamilə fərqli münasibətləri, Avropa İttifaqı ilə tərəfdaşlıq perspektivlərinə fərqli yanaşmaları var və s. Azərbaycan işğalçı dövlət kimi tanınmayıb və ona digər ölkələrdən silah satışı ilə əlaqədar heç bir məhdudiyyət mövcud deyil. Üstəgəl, bu istiqamətdə erməni diplomatiyasının hər hansı fəallığı müşahidə edilmir.

Şübhə yox ki, Rusiyanın Azərbaycana silah verməsi Rusiya-Ermənistan münasibətlərində ən ağrılı problemlərdən biridir. Ermənistanda bu, olduqca emosional qarşılanır - hansı ki, təmas xəttindəki gərginliyin daima artması fonunda anlaşılandır. Odur ki, Rusiya tərəfinin bütün arqumentləri Ermənistanın nə hakimiyyəti, nə də cəmiyyəti tərəfindən qəbul edilir".
Ekspert bu arqumentlər arasında ən mühümləri kimi aşağıdakıları qeyd edir: “Əgər Moskva Azərbaycanla hərbi-texnika əməkdaşlıqdan imtina eləsə, regiona təsirinin əhəmiyyətli hissəsini itirəcək. Azərbaycan heç bir problemsiz bütün özünə lazım olan silah növlərini dünya bazarında Rusiyanın rəqiblərindən alacaq. Moskva Bakı ilə anlaşmadan imtina etməklə bir çox milyardlardan məhrum olacaq ki, bu da onun Ermənistana hərbi-texniki dəstək verməsi kontekstində imkanlarını məhdudlaşdırır. Nəticədə məhz Ermənistanın mövqeləri mürəkkəbləşir”.

Politoloq Minsk Qrupu çərçivəsində aparılan danışıqların dalana dirənməsinə də toxunub. Onun sözlərinə görə, bütün növ yeni formatlar çərçivəsində yeni görüşlər və danışıqların effekti (əgər onlar baş tutacaqsa), elə əvvəlki effektdə olacaq: “Onların əsas nəticəsi - tərəflərin sülh nizamlanması ilə bağlı danışıqlar prosesinin davamı haqda razılığa gəlməsi olacaq. Situasiyanın sonrakı inkişaf perspektivlərini isə tam başqa faktorlar diktə edəcək. Söhbət ilk növbədə regionda formalaşacaq hərbi-siyasi qüvvələr nisbətindən gedir”.



*****
“Təəssüf ki, yaxın zamanlarda Dağlıq Qarabağ probleminin nizamlanması prosesində ciddi dəyişiklik gözlənilmir”. Bunu isə erməni politoloq, İrəvandakı Qafqaz İnstitutunun siyasi tədqiqatlar şöbəsinin rəhbəri Sergey Minasyan deyir.

Onun sözlərinə görə, Minsk Qrupu həmsədrləri “böyük müharibə”dın qaçmaq üçün bütün siyasi və qeyri-siyasi rıçaqlardan istifadə edirlər. “Ancaq situasiyanı Ukraynadakı, Suriyadakı və ya dünyanın başqa qaynar nöqtəsi ilə müqayisə edəndə, o zaman əlbəttə ki, ABŞ, Avropa Birliyi və Rusiya üçün Qarabağ konflikti zonasındakı hadisələr elə də birinci dərəcəli əhəmiyyət daşımır...”

* * * * *
Bu arada məlum olub ki, Ermənistan hökuməti Gümrü şəhərindəki 102 saylı Rusiya hərbi bazasına növbəti dəfə əlavə ərazi ayırmaq niyyətindədir. Bu barədə “Joxovurd” nəşri xəbər yayıb. Qəzetə bəlli olub ki, müvafiq anlaşma layihəsi artıq hökumətin növbəti iclasının gündəliyinə salınıb.

Həmin sənədə görə, Rusiya tərəfinə Gümrü şəhərinin Lalayan küçəsindəki 9 saylı hərbi kvartala bitişik ərazilər veriləcək. O sırada söhbət həmçinin, rus kilsəsinin də yerləşdiyi torpaq sahəsi və tikililərlə birgə ona bitişik ərazilərdən gedir. Yəni bir daha aydın olur ki, Rusiya Azərbaycana dünya qiymətlərinə silah satmaqla yanaşı, öz forpostu Ermənistanı da əsla unutmur, orada hərbi mövcudluğunu gücləndirməkdə davam edir.

Bu yerdə xatırladaq ki, şimal qonşumuz 2015-ci ilin sonunadək Gümrüdəki hərbi bazasını müstəsna olaraq kontraktçılardan (muzdlulardan) komplektləşdirməyi planlaşdırır.
http://musavat.com/
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar