Erdogan: “İran və terrorçu qruplar Yəməndən çıxarılmalıdır”

27-03-2015, 10:33   
Erdogan: “İran və terrorçu qruplar Yəməndən çıxarılmalıdır”

Yəməndəki hadisələr Yaxın Şərqdə sünni-şiə davası təhlükəsi yaradıb.

İranın dəstəklədiyi şiə yaraqlılar ölkənin böyük hissəsinə nəzarəti ələ keçirəndən sonra Səudiyyə Ərəbistanı başda olmaqla 9 ərəb ölkəsi prosesə müdaxilə etmək qərarı verib.

Səudiyyə təyyarələri şiə yaraqlıların paytaxt Sanaadakı mövqelərinə hava zərbələri endiriblər.

Bu arada Yəmənin ölkədən qaçan prezidenti Abd-Rabbu Mansour Hadinin Səudiyyə Ərəbistanına gəldiyi deyilir.

Səudiyyə krallığının dövlət televiziyası xəbər verir ki, onun təyyarəsi Riyad aviabazasına enib. Yəmən prezidentini krallığın müdafiə naziri qarşılayıb.

Amerikanın yaxın müttəfiqi olan Hadi paytaxtdan Aden şəhərinə qaçmışdı.Amma yaraqlıların Adenə də yaxınlaşdığını görən prezident xaricə üz tutub.

YARAQLILARIN LİDERİ ƏHALİYƏ MÜRACİƏT EDİB

Sanaa aeroportu hava zərbələrindən sonra, 25 mart
Sanaa aeroportu hava zərbələrindən sonra, 25 mart
Koalisiya qüvvələrinin təyyarələri Taez şəhəri və Saada bölgəsinə də zərbələr endiriblər.

Səudiyyə Ərəbistanının ABŞ-dakı səfiri Adel al-Jubeir deyib ki, “Çözüm fırtınası” əməliyyatı Yəmənin “qanuni hökumətini müdafiə etmək” məqsədi daşıyır. Bu əməliyyata 100-cən təyyarə cəlb edilib.

Şiə yaraqlıların lideri Abdulmalik al-Huthi xaricdən müdaxiləni pisləyib və öz televiziya müraciətində əhalini “kriminal təcavüzə qarşı çıxmağa” çağırıb.

İransa bildirib ki, xaricdən müdaxilə Yəməndəki böhranı daha da dərinlşdirəcək.

Livandakı Hizballah qruplaşması da Səudiyyə Ərəbistanını “təcavüzü dərhal dayandırmağa” çağırıb.

ABŞ və Britaniya isə xaricdən hərbi müdaxiləni dəstəklədiklərini və ona kəşfiyyat və logistik dəstək verdiklərini bildiriblər.

TÜRKİYƏDƏN DƏSTƏK

Türkiyə prezidenti Tayyip Erdogan da deyib ki, durumdan asılı olaraq koalisiyaya logistik dəstək verməyi nəzərdən keçirə bilər:

“İran və terrorçu qruplar Yəməndən çıxarılmalıdır”.

Səudiyyə Ərəbistanı Yəməndəki şiə azlığının sünni çoxluğu üzərində hakimiyyətə yiyələnməsindən, Yəmənin İranın təsir dairəsinə düşməsindən narahatdır.

Rəsmi Tehran Yəməndəki şiə yaraqlılara təlim keçməsi və onlara maliyyə dəstəyi verməsi haqda iddiaları rədd edir.

Səudiyyə Ərəbistanının hava zərbələrindən sonra dünya bazarlarında neftin qiyməti 6 faiz qalxıb. Bu region dünya neftinin 25 faizini verir.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.