Türkiyə və ABŞ prezidentləri 5 aylıq fasilədən sonra telefonla danışıblar; Obama Netanyahu ilə münasibətlərinin gərginləşməsini Ankara ilə balanslaşdırır
Ərəb ölkələrinin Yəmənə hava hücumu Yaxın Şərqdə gərginliyi yeni ünvana daşıyıb. Yəmən hadisələri dünya liderlərinin diqqətində olan əsas mövzu olub. Bölgənin əsas güc mərkəzlərindən olan Türkiyə də birbaşa sərhəd olmasa da, Yəmən hadisələrinə münasibət bildirib. Türkiyə XİN martın 26-da yaydığı bəyanatda ərəb ölkələrinin Yəmənə hava zərbələrini dəstəkləyib.
Həmin gün axşam isə Türkiyə prezidenti Yəməndə baş verən proseslərlə bağlı ABŞ prezidenti Barak Obama və Səudiyyə Ərəbistanı kralı Salman bin Əbdüləzizlə telefonla danışıb. Ərdoğan Fil Dişi Sahili prezidenti ilə görüşdən sonra keçirdiyi mətbuat konfransından əvvəl Obama ilə telefonla danışıb. ABŞ prezidenti ilə Türkiyə prezidenti arasında sonuncu dəfə ötən ilin oktyabrın 19-da telefon danışığı olub.
Telefon danışığı 1 saat davam edib. Bəzi media orqanlarında telefon danışığı təşəbbüsünün Obamadan gəldiyi, digər mətbuatda isə bunun Türkiyə tərəfinin istəyi ilə baş tutduğu bildirilir. Rəsmi Ankaranın yaydığı açıqlamada telefon danışığı zamanı İŞİD-ə qarşı mübarizə mövzusunda əməkdaşlıq, İraq və Suriyada sülh və sabitliyin əldə olunması istiqamətində görülən ortaq işlər müzakirə olunub. O cümlədən Suriyada müxalifləri hazırlamaq üçün nəzərdə tutulmuş “təlim və təchiz” proqramı çərçivəsində mülayim müxalifətin dəstəklənməsi, radikal cihadçıların Suriyaya buraxılmaması istiqamətində əməkdaşlığın artırılması müzakirə olunub. Eyni zamanda Obama Türkiyəyə sığınmış 2 milyon suriyalı qaçqına qucaq açdığı üçün Türkiyə hökumətinə təşəkkür edib. Bundan başqa telefon söhbətində Yəməndə, Ukraynada vəziyyət, İranın nüvə proqramı müzakirə olunub.
Həmin gün Ərdoğan daha bir telefon danışığını kral Salmanla edib. Türkiyə mediası xəbər verir ki, telefon danışıqları zamanı Yəməndə son vəziyyət müzakirə olunub. Ərdoğan bildirib ki, Yəmənin birlik və bütünlüyü, bölgənin təhlükəsizliyi və sabitliyini riskə atan fəaliyyətlər narahatlıq doğurur. Kral Salman isə Ərdoğana olaylara həssaslıq göstərdiyi üçün və verdiyi dəstəyə görə təşəkkür edib.
Qeyd edək ki, Obamanın Ərdoğanla 5 aylıq fasilədən sonra telefonla danışması (hansı tərəfin istəyi ilə olmasından asılı olmayaraq – K.) bölgədəki şərtlərə bağlıdır. Məsələ ondadır ki, Türkiyə ilə İŞİD və Suriya, İraq mövzusunda fikir ayrılıqlarına sahib olan Vaşinqton və Ankara son aylarda bir sıra məsələlərdə ortaq nöqtələr tapıblar. Digər tərəfdən hazırda daha aktual mövzular ortaya çıxıb və şərait Obamanı Türkiyə ilə münasibətləri yumşaltmağa sövq edir. Bunlardan birincisi İraq və Yəməndəki vəziyyətdir. Xüsusən də son olaraq Yəməndə ərəb ölkələrinin başlatdığı hərbi əməliyyatlara ABŞ Cibutidəki hərbi bazası vasitəsi ilə kəşfiyyat və təchizat dəstəyi verir. Çünki Yəmən dünya neft ixracatının böyük bir qisminin keçdiyi Bab əl-Məndəb boğazına nəzarət edir və bu ölkədə qeyri-sabitlik və ya şiə husilərin hakimiyyətə gəlməsi Qərbin maraqlarına uyğun deyil. Bu mənada Qərb ərəb körfəz ölkələrini Yəmən məsələsində vahid mövqedən çıxış etməyə sövq edir.
Ancaq Obamanı Ərdoğanla küsülülüyü aradan qaldırmağa sövq edən ən mühüm səbəb İsraillə münasibətlərdir. Hazırda ABŞ hökuməti ilə İsrail hakimiyyəti arasında gərginlik ən yüksək səviyyəyə çıxıb. Netanyahunun Konqresdə Obama hökumətinə qarşı çıxışları, Obamanın İran siyasətinə qarşı çıxması Vaşinqtonda qəzəblə qarşılanıb və Vaşinqton İsrailin nüvə silahları ilə bağlı məxfi sənədlərini yayıb. Vaşinqtonun Təl-Əvivlə münasibətlərinin gərginləşməsi bölgədə ənənəvi müttəfiq olan Ankara ilə yaxınlaşmasını şərtləndirir. İsrail bölgədə ciddi gücə sahibdir və ABŞ hökumətinin siyasətinə zərbə vurmaq iqtidarındadır. Buna qarşı ola biləcək əsas güc isə Türkiyədir. Türkiyənin ABŞ-la əlaqələrinin gücləndirilməsi İsrailin müqavimətini neytrallaşdıra bilər. Bu mənada Obamanın Ərdoğanla danışmağa sövq etdirən amil İsraildən başqası deyil.
Kənan