2009-cu ildə Antaliyanın Kundu sahilində təxminən 1.5 milyard dollar xərclənərək inşa edilən və təntənəli bir mərasimlə açılan "Mardan Palace" borcları səbəbiylə Antalya 4-cü İcra Dairəsi tərəfindən açıq artırma üsulu ilə satılır.
Musavat.com Türkiyə mediasına istinadla bildirir ki, artıq otelin hərraca çıxarılacağı tarix də məlum olub - 3 iyun.
Azərbaycan əslli Telman İsmayılov tərəfindən tikilən otelə 650 milyon TL, otelin yanındakı villalar üçün də 69 milyon 750 min TL qiymət qoyulub.
3 iyunda baş tutacaq tenderə qatılmaq istəyənlər iyirmi gün əvvəl təklif verə biləcək. İlk tenderdə satış reallaşmazsa ikinci tender 30 iyunda olacaq.
Dünyanın ən lüks otelləri arasında göstərilən "Mardan Palace" 2009-cu ildə fəaliyyətə başlayıb. İstanbulun Dolmabahçe Sarayı, Anadolu və Avropa tərəfi nümunə alınaraq, 3 blok olaraq tikilən otelin 16 min kvadrat metrlik nəhəng hovuzu da İstanbul boğazını andırır. Otelin açılışına Paris Hilton, Meri Keri, Riçard Gir, Şaron Stoun və Tom Cons kimi Hollivud ulduzları qatılmışdı.
Tender şərtnaməsinə Kunduda 93 min 64 kvadrat metr daşınmaz əmlak olaraq göstərilən "Mardan"ın ümumi yataq tutumu 1238-dir. Oteldə 4-ü kral dairəsi olmaq üzrə 560 otaq var. 900 nəfərlik ana restoranın yanında əlavə 10 lüks restoranı da olan oteldə 500 nəfərlik bir gecə klubu və 3 hamam da var.
"Mardan" otelinn rəhbərii Çətin Pehlivan verdiyi açıqlamada icra hadisəsi ilə bağlı prosesin nəzarət altında olduğunu bildirib və deyib ki, bu, düzəldilməsi mümkün olan bir vəziyyətdir. Pehlivan icra hadisəsinin Halk Bankdan qaynaqlı olduğunu bildirib.
N.Asifli