Yəmən Türkiyə və İranı üz-üzə qoydu

28-03-2015, 11:43   
Yəmən Türkiyə və İranı üz-üzə qoydu
Vəfa Quluzadə: «Husilər Yəməndə hakimiyyəti tam ələ keçirə bilsələr, bu, Rusiya və İranın regionda güclənməsi demək olacaq»

Hazırda dünyanın diqqəti Yəməndə baş verən proseslərə yönəlib. Proseslər artıq bölgə dövlətlərini üz-üzə qoyub. Türkiyə və Iran arasında qarşılıqlı sərt mesajlar səslənməkdədir. Iranın Azərbaycandakı səfiri Möhsün Pakayin Yəməndə baş verən hadisələrlə bağlı narahatlığını bildirib. Bu barədə “Trend” Iranın Azərbaycandakı səfirliyinə istinadən məlumat verir.
M.Pakayin Yəməndəki ağır vəziyyət və dinc sakinlərin öldürülməsindən narahatlığını qeyd edib və beynəlxalq ictimaiyyəti, regionun sülhsevər ölkələrini Yəmənə qarşı hərbi əməliyyatların dayandırılması üçün çalışmağa çağırıb.
Iranın Azərbaycandakı səfiri bildirib ki, müstəqil bir ölkəyə qarşı hərbi əməliyyatların aparılması bu ölkənin suverenliyini pozmaq deməkdir və beynəlxalq qanunlara ziddir: “Bu kimi hücumların dinc və günahsız insanların öldürülməsi, dağıntılar və insanların evlərindən didərgin düşməsindən başqa nəticəsi yoxdur”.
Səfir, həmçinin Suriya kimi müstəqil ölkələrə hücumların qarşısında beynəlxalq qurumların sakit qalmasının bölgədə gərginliyin artması ilə nəticələndiyini bildirib. Diplomat beynəlxalq ictimaiyyətin Suriya ilə bağlı səhvinin Yəmənə münasibətdə təkrarlanmayacağına ümid etdiyini də söyləyib.
M.Pakayin bildirib ki, Iran Yəməndəki prosesləri diqqətlə izləyir: “Yəmənin daxili münaqişəsi dinc yolla və danışıqlarla digər ölkələrin müdaxiləsi olmadan həll olunmalıdır”.
O deyib ki, Iran Yəməndə böhranın yarandığı ilk gündən yəmənli qruplarla danışıqlar aparılmasını istəmişdi: “Iran inanır ki, üçüncü bir ölkənin Yəmənə hərbi müdaxiləsi böhranın daha da dərinləşməsinə - terrorizmin, gərginliyin artmasına səbəb olacaq”.
Diplomat eyni zamanda qeyd edib ki, Iran sülhsevər ölkə olaraq Yəməndə beynəlxalq hüquqların pozulmasının qarşısını almaq üçün çalışacaq.
Qeyd edək ki, Səudiyyə Ərəbistanı martın 25-də husilərin Yəməndə ölkənin cənub regionlarına irəliləməsinin qarşısını almaq və BMT-nin rəsmi tanıdığı prezident Əbd Rəbbi Mənsur Hadinin yenidən hakimiyyəti ələ keçirməsi məqsədilə Yəmənə hava hücumlarına başlayıb. Səudiyyə Ərəbistanı 10 ərəb ölkəsinin bu əməliyyatı dəstəklədiyini bildirib. ABŞ husilərə qarşı hücumları dəstəkləyib.
Husilər keçən ilin sentyabrından Yəmənin paytaxtı Səna şəhərinə hücum edib, M.Hadi hakimiyyətini devirərək paytaxtı nəzarətə götürüblər. M.Hadi keçən ay ölkənin cənubunda yerləşən Ədən şəhərinə sığınıb. Husilər cəbun regionlarına irəlilədiyinə görə onun ölkədən çıxdığı bildirilir.
Xatırladaq ki, M.Hadi BMT Təhlükəsizlik Şurası və Ərəb Dövlətləri Liqasından husiləri dayandırmaq üçün hərbi yardım istəmişdi.
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Iranın Yəmən və Iraqdakı fəaliyyətini tənqid edib. Ərdoğan qeyd edib ki, Iran rəhbərliyi regionda hökmranlıq etməyə çalışır. O bildirib ki, Iranın bu siyasəti qəbuledilməzdir. “Yəmən daxildən parçalanmağa doğru gedir. Biz Yəmən xalqının hamısına qardaş münasibəti bəsləyirik. Qardaşlarımızın hüquqları üzərində hər halda düşüncələrimizi ifadə etməliyik. Hələlik Yəmənə hərbi dəstək olmaq barədə bir söz demək istəmirəm. Bu doğru olmazdı. Lakin nəqliyyat, təchizat və kəşfiyyat məsələlərində dəstək verməyə hazır olduğumuzu açıqladım.
Indiyə qədər Yəməndə baş verən hadisələr artıq səbr kasalarını daşırmağa başlamışdı. Iranın açıqlaması təbiidir. Istənilən halda, Iran Iraq və Suriyadakı proseslərdə də özünü göstərib",- deyə Ərdoğan bildirib.ÿ
Bəs Azərbaycanın qonşuluğundakı iki dövlətin münasibətlərində yaşanan gərginlik necə qiymətləndirilməlidir? Bu gərginlik regiona nə vəd edir?
Politoloq Vəfa Quluzadə bildirdi ki, hazırda Yəməndə baş verənlər bütün dünyanın diqqətini cəlb edir. Aparıcı dövlətlərin bu regionda maraqları olduğunu deyən V.Quluzadə bildirdi ki, baş verənlər neftin qiymətinin artmasına səbəb olub: “Yəmən enerji baxımından olduqca əhəmiyyətli ölkədir. Dünyaya neft daşıyan tankerlər məhz Yəmənin ərazisində yerləşən boğazdan keçirlər. Husilər ilk növbədə məhz bu ərazini ələ keçirmişdilər. Yəməndəki hakimiyyət Qərbyönümlü idi. ABŞ-ın hətta Yəməndə Əl-Qaidəyə qarşı döyüş aparmaq üçün döyüşçüləri də var idi. Amma müharibə başlayan zaman ABŞ həmin qüvvələri bu dövlətdən geri çəkdi”.
V.Quluzadə hesab edir ki, əgər husilər Yəməndə hakimiyyəti tam ələ keçirə bilsələr, bu, Rusiya və Iranın regionda güclənməsi demək olacaq. “Iran və Rusiya onun tərəfdarıdır ki, Yəməndə baş verənlərə dünya müdaxilə etməməlidir. Başqa ərəb ölkələri, başda Səudiyyə Ərəbistanı olmaqla böyük bir koalisiya yaradıblar. Onlar husilərin mövqeyini bombalayırlar və quru əməliyyatı da həyata keçirməyə hazırdılar. Iran çox arzu edərdi ki, husilər hakimiyyətdə qalsınlar və Tehran Yəmən vasitəsilə bütün neft transportuna nəzarət etsin”, deyə V.Quluzadə vurğuladı.
Xəyal
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar