Rəhim Qazıyevdən Ənvər Seyidova ağır sözlər: sabiq nazir hakimi ifşa etdi

29-03-2015, 00:30   
Rəhim Qazıyevdən Ənvər Seyidova ağır sözlər: sabiq nazir hakimi ifşa etdi
“Onun necə bir hakim olduğunu və xarakterini, təfəkkürünü, hansı mənəvi dəyərlərin daşıyıcısı olduğunu çox gözəl bilirəm”
rehimqaziKeçmiş müdafiə naziri Rəhim Qazıyevin moderator.az-a göndərdiyi yazını oxuculara təqdim edirik:
“Ağır Cinayətlər Məhkəməsinin hakimi Ənvər Seyidovun müsahibəsini oxudum. Oxucularınızın yadına salmaq istəyirəm ki, müsahibədə özünü az qala peyğəmbər kimi təqdim etməyə çalışan və hətta bir az da qabağa gedərək cızmaqaralarını “Allahın göstərişi” kimi qələmə verən həmin bu Ənvər Seyidov 1994-cü ildə Şuşa və Laçının işğalıyla bağlı gedən məhkəmə prosesində hakim kimi çıxış edirdi və mənə qiyabi ölüm hökmü çıxarmışdı. Onun necə bir hakim olduğunu və xarakterini, təfəkkürünü, hansı mənəvi dəyərlərin daşıyıcısı olduğunu çox gözəl bilirəm. Amma onun böyük istedad sahibi, yazıçı, şair olduğunu öz müsahibəsindən oxuyub agah oldum. Müsahibədə diqqətimi cəlb edən bir məqam onun gənc yazarları aşağılaması, onları təcrübəsilikdəı, maraqsız və yorucu yazmaqda ittiham etməsi oldu. Məni qıcıqlandıran ən vacib məqamsa onun Allahın göstərişi ilə yazı yazmasını dilinə gətirməsidir. Allahın adıyla danışan bir adam, Ağır Cinayətlər Məhkəməsində hakimlik edən Ənvər Seyidov bu günə qədər də anlamayıb ki, əslində hakimlər konstitusiyadan əlavə həm də elə Allahın göstərdiyi ən ali insani keyfiyyətləri-ədalətli olmağı və haqqı nahaqqa verməməyi, vicdanının səsinə qulaq asaraq Allaha xoş gedən hökm çıxarmaqda görəvləndiriliblər. Yəni Allah başqa peşə sahiblərindən fərqli olaraq insan taleyini həll etdikləri üçün hakimlərə tamam fərqli bir missiya həvalə edib. Amma təəssüflər olsun ki, Ənvər Seyidov mən tanıyandan hələ bir dəfə də ədalətli mövqeyi ilə seçilməyib. İnanın ki, bu ittihamlarım heç də onun mənim barəmdə tamamilə qanunsuz və ədalətsiz, qüvvədə olan qanunlarımızın ziddinə olan hökm çıxarmasıyla bağlı deyil. Ona görə onu qınayıram ki, onun apardığı məhkəmə prosesi Azərbaycanın qara yarasına çevrilmiş, bu gün qanayan yarası olan Şuşa və Laçının işğalının guya səbəblərinin araşdırılmasına həsr olunmuşdu. Şuşa və Laçının işğalıyla bağlı istintaq materialları 11 min səhifə və 51 cilddən ibarət idi və həmin işğal zamanı baş verən cinayətlər və xəyanətlər bilərəkdən, qəsdən dəqiq araşdırılmadı. Bu günki günə qədər də əsas baiskarların kimliyini hamı bilə-bilə günahkarlar nəinki haqq etdikləri cəzaları almayıblar, əksinə, “xidmətlər”inin müqabilində daha yüksək postlara layiq görülüblər. Millət və dövlətçilik üçün belə bir məsuliyyətli yükün altına girən Ənvər Seyidov günahkarların əhatə dairəsini aşkara çıxarıb ifşa etmək əvəzinə barəmdə qiyabi ölüm hökmü çıxardı. rr12 may 1995-ci il tarixində barəmdə çıxardığı hökmlə adını Azərbaycanın hüquq tarixinə qara ləkə kimi yazdıran bu hakimi debata çağırıram. Mən respublikanın bütün peşəkar hüquqşünaslarını və onun təcrübəsiz, savadsız adlandırdığı gənc yazarların da bir qrupunu, eyni zamanda Şuşa və Laçının cəngavər oğullarını həmin debata dəvət edirəm. Bu günə qədər çıxardığı qanunsuz sifarişli hökmlərdən xəcalət çəkməyən bir adamı onların gözləri önündə ifşa etməyə söz verirəm. Əgər bu adam vicdandan, namusdan dəm vurursa, buyurub gəlsin. Axı o özündə olmayan şeyi başqalarından necə və hansı haqla uma bilər? Bu adam haqqın, ədalətin nə olduğunu hardan bilər? Mən fürsətdəın istifadə edərək onun yadına bir epizodu salmaq istəyirəm. 1994-cü ilin 29 iyununda mənim məhkəmə prosesim başladı. Bir həftədən sonra Ənvər Seyidovun anası Allah rəhmətinə getdi. Buna görə prosesə 10 gün fasilə verildi. 10 gündən sonra məhkəmə başlayanda məni zala gətirib dəmir qəfəsə saldılar və fasilədə Ənvər Seyidov şəxsən mənə yaxınlaşaraq dedi ki, Rəhim müəllim, bax, əlimdəki bu məktubu sənin anan yazıb və mənim varlığımı yerindən oynadıb. Bunu deyib məktubu mənə uzatdı. Oxudum, anam yazmışdı ki, ay Ənvər Seyidov, Allah anana rəhmət eləsin, sən çox ağır bir yükün altına girmisən, bu işi ədalətli həll edə biləcəksənmi? Mənim bu məktubun yazılmasından qətiyyən xəbərim yox idi. Çünki MTN-də saxlanılırdım və heç bir görüş-filan da verilmirdi. Ənvər Seyidov mənə bildirdi ki, Rəhim müəllim, indi görərsən necə ədalətli mövqedə dayanacam. Onda anamın 74 yaşı vardı, indi 94 yaşı var və şükr Allaha ki, sağdır. İndi siz təsəvvür edin ki, anamın məktubunu oxuyub mənə and içən bir adam sifarişlə barəmdə ölüm hökmü çıxardı. Təsəvvür edirsinizmi? Ona görə də mən bu adam haqqında fikir bildirməyi oxucuların mühakiməsinə buraxıram.”
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar