Kürdəmir rayonunda yerli sakinlər piket keçiriblər.
Yerli mənbələrdən musavat.com-a daxil olan məlumata görə, piketin keçirilməsinə səbəb yerli sakinlərdən birinin həbs edilməsidir.
Belə ki, həmin şəxsin Kürdəmir rayonunda mövcud olan vəziyyətdən Bakıdakı dövlət orqanlarına şikayət etdiyi bildirilir. Həmin şikayətdən xəbər tutan rayon rəhbərliyi onu həbs ediblər.
Rayon rəhbərliyinin bu addımı Kürdəmir sakinləri arasında ciddi narazılıq yaradıb. Nəticədə təxminən 60-70 nəfərlik bir narazı qrup Kürdəmir rayon məhkəməsinin qarşısında piket keçirib. Və Kürdəmirdəki vəziyyətdən Bakıdakı mərkəzi dövlət orqanlarına şikayət etdiyinə görə həbs olunmuş həmin şəxsin azad olunması tələb edilib.
Rayon sakinlərinin verdiyi məlumata görə, tələblərinə hələlik müsbət cavab ala bilməyən piketçilər bir azdan Kürdəmir rayon İcra Hakimiyyətinin qarşısına toplaşmaq qərarına gəliblər.
Əldə etdiyimiz məlumata görə, həbs edilən rayon sakini Əlvan Nəbiyevdir. Ona beş sutka həbs verilib. Narazı vətəndaşlar isə yeni piketə hazırlaşırlar.
Sakinlərdən Natiq Məmmədov musavat.com-a bildirib ki, problem martın 6-də 25 rayon sakininin dövlət başçısı İlham Əliyevə yazdığı məktubdan sonra ciddiləşib: “Biz ayın 6-da prezidentə məktub yazdıq, rayondakı özbaşınalıqlardan cana doyduğumuzu bildirdik. Dövlət başçısına və xanımına məktub göndərdikdən sonra bizə təzyiqlər başladı. Dükanlarımızı, mağazalarımızı sökməyə, dağıtmağa başladılar. İcra başçısı Ceyhun Cəfərov və polis rəisi Oqtay Məmmədov bizə zülm edir. Deyirlər ki, niyə prezidentə məktub yazmısınız? Hətta polis rəisi hədə-qopxu gəldi ki, siz kimsiniz, neyləyəcəksiniz? Rəis icra başçısı ilə kirvədir və birləşib bizə zülm edirlər. deyirlər ki, rayonda dğvlət bizik. Bizə edilən zülmlərin sayı-hesabı yoxdur. Dükanları bağlayanda da ərizə yazanlardan birini- Əlvan Nəbiyevi tutublar. Guya polisə tabe olmayıb. Ərizə yazanlardan bir neçəsi polis tərəfindən təhqir edilib, döyülüb. İndi gözləyirik ki, bu işin axırı necə olacaq. Burada özünü yandırmaq, binadan atmaq istəyənlər var. Bizi İsmayıllıdakı kimi hərəkətlər etməyə məcbur edirlər”.
Sakinlər bildiriblər ki, onlar yenidən piketə hazırlaşırlar. Həmçinin dövlət başçısına da yenidən məktub yazacaqlar.
Röya