Məşhur türk onkoloq: “Azərbaycanlı həkimlər daha asan yolu seçir“

12-05-2014, 11:47   

Məşhur türk onkoloq cərrah Hamdi Köçər Bakıdan qovulub.

Azadlıq qəzetixəbər verir ki, bu haqda məşhur həkim “Facebook” səhifəsində məlumat verib. Hamdi Köçer bildirib ki, mayın 3-də Bakıda yerləşən “Elva” Sağlamlıq Klinikasında xəstələrini müalicə etməyə gəlibmiş.

“Mayın 3-də 21, 4-də isə 31 xəstəni qəbul etdim. Mayın 5 -i isə 20 xəstə qəbula yazılmışdı. Lakin yüksək vəzifəli bir məmur Klinikaya zəng edərək mənim orada çalışmama izn veriləcəyi təqdirdə ”Elva"nın bağlanılacağı xəbərdarlığını etdi. Bundan sonra mən xəstələrimi müayinə etmədən mayın 5-də Istanbula geri döndüm. Qəbula yazıldıqlarına baxmayaraq, yoxlaya bilmədiyim bütün xəstələrdən üzr istəyirəm. Ancaq bilin ki, bunun sorumlusu mən deyiləm. Insanların sağlamlığı olan yerdə, monopoliya olurmu?".

Qeyd edək ki, Hamdi Köçər Ümumi Cərrahiyyə üzrə mütəxəssisdir. Türkiyədə, Fransada, Almaniyada cərrah kimi fəaliyyət göstərib. Avropa yırtıq dərnəyi və Amerika süd vəzi cərrahları birliyinin üzvüdür. Hazırda Istanbulda özəl xəstəxanaların birində süd vəzi xərçəngi əməliyyatlarını həyata keçirən cərrah kimi fəaliyyət göstərir.

Onu da bildirək ki, Hamdi Köçər bir müddət öncə “Azadlıq”a müsahibəsində Bakıda ona edilən haqsızlıqlardan söz açmışdı. O müsahibəsində demişdi ki, Azərbaycanda xərçəng xəstələrini artıq müəyyənləşmiş cərrahlar əməliyyat edir, yəni bu sahədə xüsusi bir monopoliya yaranıb: “Bunun bir dövlət qanunu, yoxsa Milli Onkologiya Mərkəzinin öz qanunu olduğunu tam bilmirdim. Mənim əməliyyat etdiyim xəstələri Milli Onkologiya Mərkəzində kimyaterapiyaya və şüaterapiyaya qəbul etmirdilər. Belə olan zaman mənimlə aralarında problem yarandığından şübhələndim. Xəstələrimin incidildiyini görüb Bakıda ən böyük xəstəxanalardan olan Mərkəzi Klinikaya müraciət etdim. Orada da ilk əvvəl hər şey yaxşı başladı. Xəstəxananın idarəçisi Məlikşah bəy mənim Milli Onkologiya Mərkəzi ilə aramda olan bu problemi həll edə biləcəyini dedi. Müəyyən vaxt əməliyyatlarıma davam etdim, amma sonra yenə də eyni problemlərlə üzləşdim. Məlikşah bəy mənə özümü tanıdan, etdiyim əməliyyatlar haqqında bir təqdimat hazırlayıb Mərkəzin rəhbərliyinə təqdim etməyi məsləhət gördü. Bunu da etdim. Amma faydasız oldu”.

“Bakıda yeni açılan ”Baku Medikal Plaza" klinikasından mənə iş təklifi gəldi və qəbul etdim. Orada 1 il işləyə bildim və bu zaman kəsiyində heç bir xəstəmi əməliyyat edə bilmədim. Çünki Milli Onkologiya rəhbərliyi mənim qarşıma şərt qoymuşdu. Özümlə birgə gətirdiyim radioloq, USM həkimləri də xəstədə xərçəngi təsdiq etdiyi zaman onları Türkiyəyə əməliyyata dəvət edirdim. Buna əksəriyyətinin maddi imkanı yol vermədiyi üçün onları Milli Onkologiya Mərkəzinə yönləndirirdim. Xarici ölkələrdən gələn həkimlər işləmək üçün icazə sənədi almalıdır. Bunun üçün mən də sənədlərimi lazımi dövlət qurumuna verdim. Nəticəni gözlədiyim zaman tibb bacısı olan bir xəstəyə süd vəzi xərçəngi diaqnozu qoydum. Sən demə, bu xəstə bir il imiş ki, Milli Onkologiya Mərkəzində mastitdən müalicə olunurmuş. Xəstə Türkiyədən gətirdiyim analiz cavabları ilə Mərkəzdə onu müalicə edən həkimləri bir-birinə qatdı, üsyan etdi. Elə səhəri gün “Baku Medikal Plaza” rəhbərliyi məni işdən azad etdi", deyə Hamdi Köçər bildirir.

Hamdi Köçər “Azadlıq”a müsahibəsində onu da qeyd edib ki, Bakıda işlədiyi müddətdə 2000 qadını müayinə edib, onların əksəriyyətinə Milli Onkologiya Mərkəzində gərəksiz olduğu halda əməliyyatın vacib olduğunu deyiblər: “Dəqiq diaqnoz qoya bilməyən həkim dəqiq müalicə də edə bilməz. Mən bunları deyirdim. Burada süd vəzi xərçəngi diaqnozu qoyulan xəstələrin əksəriyyətinin süd vəzisi tamam götürülür. Ancaq Türkiyədə 90% xəstələrdə yalnız şiş əməliyyatla alınır. Patologiya üzrə 1 mütəxəssisi olan, əməliyyatdan sonra şüaterapiyası vacib olduğu halda bu cihazların yoxluğu və ya onları işlədə bilən mütəxəssis qıtlığı olan Azərbaycanda süd vəzisinin bütöv alınması daha rahat bir yol kimi görünür. Mən azərbaycanlı həkimləri başa düşürəm. Onlar daha asan və etibarlı yolu seçir.
Mən süd vəzisində olan əməliyyata ehtiyacı olmayan fibrodinomaların burada əməliyyat olunduğunu gördüm. Hətta mastopatiyanın bir xəstəlik kimi müalicə olunduğunu ilk dəfə burada eşitdim. Türkiyədə, Almaniyada, Fransada illərlə bu sahədə işləmiş həkim kimi, əlbəttə, bu mənə çox təəccüblü gəlirdi. Və mən gördüklərimi gizlətmirdim, açıq deyirdim.

Bu da onların etirazına səbəb oldu. Azərbaycan telekanallarında çıxdığım proqramlarda mastopatiyanın xəstəlik olmadığını, onun üçün insanlara dərman yazmayın, ölkənizdə əməliyyat olunmalı xəstələri yox, əməliyyat olunmaması gərəkən xəstələri əməliyyat edirlər, deməyim Milli Onkologiya Mərkəzinin rəhbərliyi və həkimləri tərəfindən böyük etirazla qarşılanmışdı.

Burda 17-18 yaşlı gənc qızları əməliyyat edirlər. Bakıda işlədiyim müddətdə 2000 qadını müayinə etdim, inandırım sizi onların əksəriyyətinə Milli Onkologiya Mərkəzində gərəksiz olduğu halda əməliyyatın vacib olduğunu demişdilər.

Mən bu 2000 qadının sadəcə 50 nəfərinə əməliyyat olunmağı vacib saymışdım. Bütün bunlar, yəni həqiqətlər bu qurumun rəhbərliyini mənə düşmən edib".
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.