Dubay şeyxi Məhəmməd bin Rəşid əl-Məktumun 19 övladından biri, 18 milyard dollar məbləğində sərvətə malik Dubay şahzadəsi Həmdan bin Məhəmməd bin Rəşidin hələ də Azərbaycandadır.
Əshabələri ilə birlikdə ov etmək üçün martın 24-də Hacıqabul rayonunun Qarasu kəndinə gəlmiş şahzadənin ov əyləncəsi davam edir.
Əvvəllər də dəfələrlə Azərbaycana ova gəlmiş şahzadə və onu müşayiət edən şəxslər bu dəfə çöldə çadırlar quraraq ov etmək ənənəsindən hava şəraitinə görə daşınıblar. Onlar bu dəfə Rusiyada yaşayan hacıqabullu biznesmenin Qarasu kəndindəki istifadəsiz, amma hər cür şəraiti olan lüks villasını kirayələyiblər və orada qalırlar.
Ərəb zənginlərinin ovdanı isə Şamaxı rayonu ilə həmsərhəd olan Hacıqabulun Qarasu və Muğan kəndlərinin düzəngahlarıdır. Onların buranı ovdan seçməsi təsadüfi deyil. Yerli sakinlər bildirir ki, hazırda sıx ot örtüyünə malik olan bu yerlərdə şahin quşlarına nadir hallarda rast gəlinsə də əti delikates sayılan nadir bəzgək quşları çoxdur. Belə ki, bəzgəklər adətən sıx, şirəli və yaşıl otla qidalanmaq üçün ilin bu vaxtlarında sürülər halında bu düzəngaha enirlər. Bu zaman ərəblərin saatda 100 km-dək sürətlə uçmaq qabiliyyətinə malik şahin quşları bəzgəkləri ovlayır. Təxminən adi toyuq boyda olan bəzgəklərin əti əvəzolunmaz dada malikdir və qiymətli delikates sayılır. Kür-Araz ovalığında yerləşən bu çöllüklərdə həm də turac və çöl göyərçinləri məskunlaşıb.
Ərazinin hamar relyefə malik olması isə ovçulara sürətlə uçan quşları CİP-lərlə müşayiət etməyə və alıcı quşların bu ov prosesini izləməyə imkan yaradır.
Şahzadə və müşayiətçiləri də bura əslində bu ov həzzini yaşamağa gəlib. Ərəb ölkələrində hər birinin qiyməti 50-100 min dollara çatan şahin quşlarının ov ovlamasına, daha doğrusu, quş quşlamasına tamaşa etmək varlı ərəblərin ən sevimli əyləncəsidir.
Onu da qeyd edək ki, ərəblər şahin quşlarını adətən ya quzu əti , ya da vəhşi göyərçinlə yemləyirlər. Onlar bir neçə il əvvəl Salyanda qalıb ov edərkən çöl göyərçininin birini yerli əhalidən 10 manata alıb şahinlərinə yedirirdilər./Virtualaz.org
Qeyd edək ki, ərəblər əsasən şahin və bəzgək quşlarını ovlayırlar, halbuki həmin quşların adı “Qırmızı kitab”a düşüb. Meşədə bir ağac kəsilən kimi xəbər tutan Ekologiya və Təbii Sərvətlər Nazirliyinin bu boyda ov mərasimi ilə bağlı tədbir görməməsi maraq doğurur…