Almaniya Olimpiya Konfederasiyası Əliyevdən izahat istəyir

30-03-2015, 09:38   
Almaniya Olimpiya Konfederasiyası Əliyevdən izahat istəyir
Avropa ölkələrinin olimpiya komitələri də Azərbaycan hökumətinin repressiyalarına qarşı fəaliyyətə başlayır

Hollandiya Olimpiya Komitəsi: «Azərbaycandakı repressiyalar hamıya məlumdur; «Ev sahibi» dəyərlərə hörmət etməlidir»

Avropa Oyunları yaxınlaşdıqca Azərbaycanda insan haqlarının vəziyyətinə beynəlxalq diqqət də artır. Artıq Avropanın müxtəlif ölkələrinin olimpiya komitələri də turnirin keçirildiyi ölkədə insan haqlarının pozulmasıyla bağlı məsələyə müdaxilə etmək qərarına gəlib. Məsələn, Almaniya Olimpiya Konfederasiyası ölkəmizdəki repressiyalarla əlaqədar Azərbaycan hökumətinə müraciət edəcəyini açıqlayıb.
Hollandiya Olimpiya Komitəsi isə Azərbaycandakı vəziyyətin araşdırılması üçün Avropa Olimpiya Komitəsinə məktub ünvanlayıb. Bu barədə Almaniyanın “Frankfurter Allgemeine Zeitung” qəzetində Avropa Oyunlarının keçirildiyi ölkədəki vəziyyətdən bəhs edən geniş məqalədə məlumat verilib. “Mənim anam niyə həbs olunub?” başlıqlı məqalənin tərcüməsini təqdim edirik:
***
Təxminən on həftə sonra Bakıda Avropa Oyunları - Azərbaycandakı rejimin prestij layihəsi başlayacaq. Azərbaycanda insan haqları sahəsində vəziyyət pisləşdikcə belə bir ölkədə turnirin keçirilməsinə görə Avropa Olimpiya Komitəsinin ünvanına tənqidlər də güclənir.
Avropa Oyunları iyunun 12-də başlayacaq. Turnirin açılışına təxminən on həftə qaldığı bir vaxtda “Human Rights Watch” beynəlxalq hüquq-müdafiə təşkilatının Avropa və Mərkəzi Asiya üzrə departament rəhbəri Hyuc Uilyamson Almaniya Olimpiya Konfederasiyasının nümayəndələrilə görüşərək, Azərbaycanda Ilham Əliyev rejimi tərəfindən insan haqlarının kobud şəkildə pozulmasından danışıb.
“Avropa Oyunlarına ”ev sahibliyi"nin Azərbaycana həvalə olunması bu ölkədə siyasi vəziyyətin dəyişməsinə gətirib çıxarmadı. Əksinə, Azərbaycanda vəziyyət bir il əvvəlkindən daha da pisdir", - deyə Hyuc Uilyamson “Frankfurter Allgemeine Zeitung”a müsahibəsində də bildirib.
Hyuc Uilyamson Konfederasiyanın Idarə Heyətinin sədri Mixael Vesperlə görüşüb.
“Biz daha çox iş görmək istəyirik. Amma vacib olan budur ki, Almaniya Olimpiya Komitəsi Azərbaycandakı vəziyyətin ciddiliyini etiraf edir və məsələ ilə əlaqədar hökumətə müraciət etmək niyyətindədir”, - deyə Uilyamson qeyd edib.
“Human Rights Watch”ın departament rəhbəri eyni zamanda, turnirin təşkilatçısı olan Avropa Olimpiya Komitəsinin mövqeyini də tənqid edib: “Biz Avropa Olimpiya Komitəsinin prezidenti Patrik Hikkiyə iki ətraflı məktub yazmışıq. Həmin məktublarda Azərbaycandakı vəziyyət geniş şəkildə öz əksini tapıb. Almaniya Olimpiya Konfederasiyasından fərqli olaraq, Avropa Olimpiya Komitəsi etiraf etmək istəmir ki, Avropa Oyunları həvalə olunan ölkədə insan haqlarının vəziyyəti onların məsuliyyətinin tərkib hissəsidir. Avropa Olimpiya Komitəsi məktublarımıza rəsmi cavab verməyib. Bu da məyusluq yaradır”.
Ötən ilin dekabrında Vesperin də üzv olduğu Idarə Heyəti Avropa Olimpiya Komitəsində islahatlar həyata keçirilməsini nəzərdə tutan “2020 gündəliyi” adlı sənəd qəbul olunub.
“Bakıda keçiriləcək Avropa Oyunları Avropa Olimpiya Komitəsində islahatlar həyata keçirilməsi barədə qərarın qəbulundan sonra keçirilən ilk böyük tədbir olacaq. Avropalıların Bakıda olması pis nümunədir. Bu, Avropa Olimpiya Komitəsi çərçivəsində həyata keçirilən islahatlara pozucu təsir göstərə bilər”, - deyə Uilyamson qeyd edib.

“Ev sahibi insan haqlarına görə məsuliyyət daşıyır”

Məyusedici hal həm də odur ki, bir sıra başqa ölkələrin olimpiya komitələri Azərbaycanda insan haqlarının vəziyyəti məsələsinə qarışmağa maraq göstərmədilər. Hələlik ancaq Almaniya Olimpiya Konfederasiyası Azərbaycan hökumətinə bu ölkədə insan haqlarının pozulmasıyla əlaqədar müraciət edəcəyi haqda vəd verib.
Hollandiya Olimpiya Komitəsinin mətbuat katibi Hert “Frankfurter Allgemeine Zeitung”un sorğusuna cavab olaraq deyib ki, Olimpiya dəyərləri Avropa Oyunlarının tərkib hissəsidir. “Ev sahibi” də bu dəyərlərə hörmət etməyə borcludur.
“Azərbaycandakı repressiyalar, o cümlədən tanınmış jurnalistlərin, hüquq müdafiəçilərinin, vətəndaş cəmiyyətinin fəallarının həbsi hamıya məlumdur. Bu səbəbdən də biz Avropa Olimpiya Komitəsindən xahiş etmişdik ki, bu məsələni nəzarətdə saxlasın, ”Human Rights Watch"ın bu ölkə ilə bağlı narahatlıq ifadə etdiyi problemləri araşdırsın", - deyə mətbuat katibi Hert cavab məktubunda yazıb.
Norveç Olimpiya Komitəsindən isə qəzetin sorğusuna cavab olaraq bildirilib ki, Bakıdakı turnirdə idmançıların iştirakı bu ölkədə insan haqlarının pozulması hallarına işıq salacaq. Insan hüquqlarına yüksək dəyər verilən ölkələrin təmsilçilərinin də dediyi kimi, turnir başlamamışdan əvvəl hüquq-müdafiə təşkilatlarının gördüyü iş təqdirəlayiqdir.
Almaniya Olimpiya Konfederasiyasının nümayəndəsi Kristian Klo bildirib ki, təmsil etdiyi təşkilat Uilyamsonla görüşdən və əldə etdiyi məlumatlardan sonra Azərbaycanda baş verənlərdən narahatdır. Əlbəttə ki, lazımi reaksiya verəcək və Bakıda bu məsələlərlə bağlı cavab istəyəcək.
Keçmiş sovet respublikası olan Azərbaycanı ötən əsrin 60-cı illərindən Əliyev klanı idarə edir. 2014-cü ildə bu ölkədə bir sıra məşhur jurnalist və hüquq müdafiəçiləri həbs olunub. Onların arasında Leyla və Arif Yunuslar, Xədicə Ismayılova da var. “Amnesty International” son vaxtlar bir video yayıb. Həmin videoda hazırda həbsdə olan Leyla və Arif Yunusların qızı Dinara prezident Ilham Əliyevə müraciət edərək, ondan soruşur: “Cənab prezident, mənə izah edə bilərsinizmi ki, anam Avropa Oyunları ilə bağlı tənqidi çıxışından sonra niyə həbs olundu?”
“Sərhədsiz reportyorlar” təşkilatının mətbuat azadlığı reytinqində Azərbaycan 180 ölkə arasında 162-ci yerdə qərarlaşıb.
Bugünlərdə Jurnalistlərin Beynəlxalq Müdafiə Komitəsinin açıqladığı sənəddə Azərbaycanın adı jurnalistlərin ən çox həbs edildiyi ölkələr sırasında ilk onluqda (9-cu) yer alıb.
Idmanı siyasi ambisiyaların alətinə çevirən Ilham Əliyev həm də Azərbaycan Milli Olimpiya Komitəsinin prezidentidir. Bakı bu il ilk dəfə keçiriləcək Avropa Oyunlarına “ev sahibliyi” etmək istəyən yeganə namizəd olub. Azərbaycan bu turnirdə iştirak edəcək bütün idmançıların səfər, otel, qida və s. xərclərini öz üzərinə götürüb.
Yeri gəlmişkən, Bakı həm 2016, həm də 2020-ci illərdə keçiriləcək Olimpiadaya “ev sahibliyi” etmək üçün namizədliyini irəli sürsə də, hər iki cəhddə uduzub. Amma gələn il “Formula-1" yarışı da Bakıda keçiriləcək. Bundan başqa, 2020-ci ildə futbol üzrə Avropa çempionatının dörd oyununun da Bakıda keçirilməsi nəzərdə tutulub.
Bu həftə təşkilatçılar Avropa Oyunlarının səfirləri adlanan şəxsləri təqdim ediblər. Onların arasında stolüstü tennis üzrə alman idmançı Dmitri Ovçarov da var. Həmin şəxslər Əliyevin bu prestij layihəsini reklam eləməlidilər.
“Human Rights Watch”ın departament rəhbəri Uilyamson deyib ki, təmsil etdiyi təşkil turnirin səfirlərinə müraciət edəcək: “Biz onlara izah etməliyik ki, Avropa Oyunları hansı şəraitdə keçirilir. Onların bu haqda məlumatlı olması çox vacibdir”.
Əliyev ötən həftə çıxışında bildirib ki, son illərdə onun ölkəsinə qarşı davamlı kampaniya aparır. Söhbət beynəlxalq təşkilatların tənqidlərindən gedir.
“Dünya siyasəti beynəlxalq hüquqla tənzimlənmir, ikiüzlülük, ikili stadartlar, diskriminasiya, rasizm, islamafobiya və ksenofobiya ilə müşayiət olunur”, - deyə Ilham Əliyev bildirib.
Siyasət şöbəsi
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar