Bu şirkətlərin əksəriyyəti hakimiyyətə bağlıdır
Vergilər Nazirliyinin mətbu orqanı “Vergilər” qəzetinin fevral və mart buraxılışlarında yüzlərlə şirkətin ləğv edilməsi haqda elanın dərci bir sıra aspektlərdən maraq doğurur. Öncə onu qeyd edək ki, bu ilin fevralında Vergilər Nazirliyi yanında Vergi Cinayətlərinin Ibtidai Araşdırılması Departamenti bir neçə nəfərdən ibarət mütəşəkkil cinayətkar dəstənin 2011-2013-cü illərdə 1 milyon 702 min 467 manat məbləğində vergiləri dövlət büdcəsinə ödəməkdən yayınmasına dair məlumat yaymışdı.
Həmin məlumatda Ilkin Abbasovun qısa müddətdə 106 şirkət təsis etdiyi bildirilirdi. Nazirliyin cinayətin izinə necə düşdüyü açıqlanmırdı. Amma deyilirdi ki, cinayətkar dəstənin üzvlərinə qarşı ümumi məbləği 6.6 milyon manat olan mülki iddia ittiham aktı ilə təsdiqlənməsi üçün Respublika Baş Prokurorluğuna göndərilib. Nazirliyin məlumatında müqavilə öhdəliklərinin yerinə yetirilib-yetirilməməsi barədə bir kəlmə də deyilmir.
Onun da altını cızmaq lazımdır ki, bu şirkətlər bir qayda olaraq regionlarda, kiçik kəndlərdə yaradılır. Hansısa bir şəxs hüquqi ünvanları müxtəlif olan yüzlərlə şirkətə direktor təyin olunur. Hüquqi şəxslərin dövlət reyestrinin təqdim etdiyi kasad məlumatların təhlili göstərir ki, bu ünvanlar bir-biri ilə hörümçək toru kimi bağlıdırlar. Bir ünvanda ayrı-ayrı şəxslərin direktoru olduqları müxtəlif şirkətlər qeydə alınır. Həmin şirkətlər bağlandıqdan sonra bu ünvanlar daha neçə-neçə şirkətlər üçün qeydiyyat yeri olur.
Ləğv edilməsi haqda qərar verilən 200 şirkətə adı Sumqayıt şəhər Polis Idarəsi tərəfindən kriminal işlərdə hallandırılan 30 yaşlı Ağarəhim Məmmədov rəhbərlik edib. 2013-cü ilin avqustun 30-dan 2014-cü ilin aprelin 12-dək təsisçisi bizə məlum olmayan şəxs və ya şəxslər tərəfindən yaradılan bu şirkətlərin bir çoxu, güman ki, tender və kotirovka sorğularında 3 iddiaçıdan ibarət süni yetərsay yaradılması üçün marionet rolunda çıxış ediblər.
Ləğv edilən şirkətlər arasında Əlirza Kərimovun təsisçisi olduğu kommersiya qurumları da var. Bu şəxsin kimliyi barədə dəqiq məlumat yoxdur. Əvəzində onu bilirik ki, vaxtilə “Caspian Fish Co-Azərbaican” MMC-yə rəhbərlik edən, indi isə Salyan rayonunun icra başçısı olan Tahir Kərimovun qardaşıdır. Onun sahibi olduğu 74 şirkət 2010-2013-cü illərdə nə az, nə çox - 563 dövlət satınalma prosedurundan qalib çıxıb. Həmin satınalmalar üzrə müqavilələrin toplam məbləği təxminən 9 milyon manat edir.
Şirkətlərlə bağlı bütün bu məlumatlar, onların yeni şirkət olmalarına baxmayaraq tenderlərdə asanlıqla qalib gəlməsi bəzi suallar yaratmamış deyil.
Bəs bu tendensyanın qarşısını almaq üçün müvafiq strukturlar qanunvericiliyə uyğun olaraq hansı addımları atmalıdır?
Müzəffər Baxışov: “Siyasi hakimiyyətdə arxaları olan bu şirkətlər keçirilən saxta tenderlərdə qalib gəlmək üçün yaradılır”
Hüquqşünas Müzəffər Baxışov bildirdi ki, ləğv edilən 106 şirkətlə bağlı cinayət işi başlanıb. Həmin şirkətlərin vergidən yayınmasına görə araşdırma başlanıldığını deyən M.Baxışov vurğuladı ki, qanunvericiliyə görə Azərbaycanda komerssiya və hüquqi şəxslərin yaradılması ilə bağlı imkanlar genişdir. Amma bu şəxslər vergiləri zamanında ödəməlidirlər: “Hər adam bir şəxsin adına yüzdən çox şirkət yaratmır. Bir qayda olaraq belə şəxslərin siyasi hakimiyyətdə arxaları olur. Belə şirkətləri siyasi hakimiyyətdə təmsil olunan şəxslərin yaxın qohumları yaradır. Müəyyən müddətdən sonra onların fəaliyyətinə ya xitam verilir, ya da onlar fəaliyyətlərini dayandırmaları barədə vergi orqanlarına sənəd verirlər. Burada məqsəd odur ki, bu şirkətlərin törətdiyi cinayətlərin qarşısı alınsın. Bu şirkətləri də hakimiyyətdə təmsil olunan şəxslərin yaxın qohumları ona görə yaradır ki, keçirilən saxta tenderlərdə qalib gəlsinlər. Tenderdə qalib gəldikdən, nəzərdə tutulan pulları əldə etdikdən sonra həmin şirkətlər öz fəaliyyətlərinə xitam verirlər.
Samir Əliyev: “Tenderlərin şəffaf aparılmaması nəticəsində problemlər yaranır”
Iqtisadçı Samir Əliyev də bildirdi ki, Azərbaycanda mövcud qanunvericiliyə görə şirkət yaratmaq çox rahatdır. Bunun müsbət hal olduğunu deyən S.Əliyev bildirdi ki, amma məsələ dövlət satınalmalarına, tenderlərə gəldikdə bu prosesin şəffaf aparılmaması problemlər yaradır: “Ona görə də nəticədə şirkətlərin ləğvi kimi hallar baş verir. Onu vurğulamaq yerinə düşər ki, tenderlərlə bağlı elanlara rast gəlinmir. Hər hansı dövlət müəssisəsi tender keçirir. Amma bu barədə heç kimin məlumatı olmur. Bu məlumat yalnız dar çərçivədə yayılır. Ikinci mühüm məqam tenderdə iştirak edən şirkətlərlə bağlıdır. Onlar tenderdən bir neçə gün, ən yaxşı halda bir neçə ay əvvəl yaranır. Sonucda isə həmin şirkət tenderi udur. Halbuki bu şirkətin bu sahədə heç bir məlumatı, təcrüəbsi yoxdur. Ancaq şərt qoymaq olar ki, tenderdə bu sahədə bir neçə il təcrübəsi olan şirkətlər iştirak edə bilər”.
Xəyal