Qəza nəticəsində iki nəfərin ölümünə, Ekologiya və Təbii Sərvətlər nazirinin müavini Firdovsi Əliyev və xanımının xəstəxanaya düşməsinə bais olan Tural Rəhimovun vəziyyəti stabilləşib. Tural Rəhimov 3 saylı şəhər xəstəxanasında olan əməkdaşlarına bildirib ki, qəzaya səbəb avtomobilində olan Sara adlı şəxsin ürəkkeçməsidir: “Babək prospektində “Koroğlu” metrostansiyasına qədər bizi üç polis maşını izləyirdi. Sara və Təbriz mənimlə bir maşında idilər. Saranın ürəkkeçməsi var idi. Ona görə həyacanlı idim və nə etdiyimi bilmirdim”. Tural Rəhimov hazırda 3 saylı şəhər xəstəxanasının Travmotologiya şöbəsinin 318 nömrəli palatasında müalicə olunur. Onun üzündə və boynunda yara izləri var. Ağciyəri zədələnib və qarın nahiyəsindən əməliyyat olunub. Tural Rəhimov avtomobilində olan Sara və Təbriz adlı şəxslərin dünyasını dəyişməsindən hələ də xəbərsizdir. Qeyd edək ki, mayın 10-na keçən gecə Heydər Əliyev prospektində iki nəfərin ölümü ilə nəticələnmiş ağır yol qəzası baş verib. Tural Rəhimovun idarə etdiyi VAZ-2107 markalı 90 KC 023 dövlət nömrə nişanlı avtomobil Aeroport şosesi istiqamətində hərəkətdə olarkən qəfildən geriyə dönüş edib və Firdovsi Əliyevin idarə etdiyi "Lexus" markalı avtomobillə toqquşub. Nəticədə VAZ-2107 markalı avtomobildə olan iki sərnişin dünyasını dəyişib, avtomobilin sürücüsü Tural Rəhimov, eləcə də, "Lexus"un sürücüsü Firdovsi Əliyev və onun həyat yoldaşı Arifə Əliyeva ağır bədən xəsarətləri alıblar. Firdovsi Əliyev Ekologiya və Təbii Sərvətlər nazirinin birinci müavinidir.