Məmur oğlu bölmədə polisləri döyüb şikəst etdi

12-05-2014, 15:50   
Məmur oğlu bölmədə polisləri döyüb şikəst etdi
Daxili İşlər Nazirliyinin İnsan Alverinə qarşı Mübarizə İdarəsinin rəisi polkovnik Şərif Əsədullayevin oğlu Tamerlan Əsədullayev bir neçə gün öncə polis əməkdaşları tərəfindən saxlanılıb. Buna səbəb Tamerlan Əsədullayevin həm polis işçilərini, həm də kimsəsiz bir qızı küçədə ağır söyüşlərlə təhqir edərək döyməsi olub. Bu barədə polisdəki etibarlı mənbələdən məlumat verilib. Hadisə may ayının 5-i, gecə saat 04:00-da Qış parkının yaxınlığında baş verib. Sərxoş olan Tamerlan Əsədullayevin bir xanımı döydüyünü görən polislər yaxınlaşaraq onu bölməyə aparmaq istəyiblər. Tamerlan Əsədullayev isə polis əməkdaşlarını da söyüb və onlara əl-qol ataraq ordan uzaqlaşıb. Daha sonra yenidən geri qayıdan T.Əsədullayev polis əməkdaşlarını növbəti dəfə təhqir edib. Polislər isə hadisə yerinə Post Patrul Xidməti əməkdaşlarını çağırmaq məcburiyyətində qalıblar və köməyə gələn polislərin yardımı ilə Tamerlan Əsədullayevi çətinliklə də olsa, 27-ci polis bölməsinə aparıblar. Polislər bölmədə də döyülür Bölməyə çatan kimi qardaşına zəng edən Tamerlan Əsədullayev ondan kömək istəyib və bir neçə dəqiqə sonra idmançılarla birgə polis idarəsinə gələn qardaşı polis əməkdaşlarını təhqir etməyə başlayıb. Daha bir neçə dəqiqə sonra isə Tamerlan Əsədullayevin atası, İnsan Alverinə qarşı Mübarizə İdarəsinin rəisi polkovnik Şərif Əsədullayev bölməyə gəlib. Şərif Əsədullayevə oğlu Tamerlanın sərxoş vəziyyətdə olması və polis əməkdaşlarını bir neçə dəfə döyməsi barədə məlumat veriləndə isə onun cavabı belə olub: “Mənim oğlum hacıdır, içki nədir?” Əsədullayev bölmədə xidmət aparan taqım komandirindən ərazinin dislokasiyasını istəyib. Taqım komandiri dislokasiyanın Baş idarədə olduğunu deyib. Polis rəisi araşdırmaya göstəriş verib, amma... Yasamal Rayon Polis İdarəsinin rəisi İsmayıl Əsədov polislərə qarşı bu hörmətsizliyə görə araşdırma başladılması barədə göstəriş verib. Ancaq iki gün sonra araşdırmaya xitam verilib. Məlumatlı mənbənin dediyinə görə, araşdırmanın dayandırılmasının əsas səbəbi Şərif Əsədullayevin üzrxahlıq etməsidir. Döyülən polislərin vəziyyəti ağırdır Yasamal Rayon Polis İdarəsinin 27-ci polis bölməsindən faktı təsdiqləyərək bildirdilər ki, baş verən bu insidentlə bağlı təhqiqatı İdarədə təhqiqat şöbəsinin rəisi Xıdır Mustafayev aparıb: “Amma heç bir həbs və ya saxlanılma olmayıb”. Polis bölməsindən həmçinin onu da bildiriblər ki, döyülən polislərin vəziyyəti o qədər də yaxşı deyil: “Polislərdən birinin beyni silkələnib, həyati təhlükəsi var. Onun başına o qədər döyüblər ki, bölmədə, çox pisdir vəziyyəti”. Növbətçi hissədən həmçinin bildirilib ki, Şərif Əsədullayev özü gələnə qədər oğlanları daha sakit aparıblar özlərini: “Ancaq polkovnik Şərif Əsədullayev gələndən sonra onlar ipə-sapa yatmadılar, yenicə təmirdən çıxan bölmənin növbətçi hissəsinin böyük şüşəsini vurub sındırdılar”. “Qudurğan məmur balalarının törətdiyi bu əməldən cana gəldiyini” bildirən növbətçi hissədən həmçinin onu da söylədilər ki, hadisə ilə bağlı onlardan bir neçə media orqanı məlumat alsa da, nədənsə yayımlamayıblar: “Prezidentin iradəsinə qarşı çıxan bu cür şəxslərin ifşa olunması hamımızın işidir”. Mövzunu diqqətdə saxlayacağıq...
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.