Vəfa Quluzadə: «Azərbaycan İran, Türkiyə, ABŞ və Avropa Birliyilə münasibətləri dərinləşdirməli, islahatlara başlamalıdır»
Qərblə Iran arasında martın 26-dan başlanan davamlı danışıqlar aprelin 2-də Isveçrənin Lozanna şəhərində uğurla başa çatdı. Dünyanın əsas gücləri kimi BMT Təhlükəsizlik Şurasının daimi üzvləri (ABŞ, Britaniya, Fransa, Çin, Rusiya) və Almaniya (5+1) ilə Iran arasında nüvə razılaşması əldə olundu. Razılaşmaya əsasən, Iranın uran ehtiyatları müəyyən edilmiş müddətdə məhdudlaşdırılacaq, Tehran yeni nüvə obyektinin tikintisindən imtina edəcək. Mövcud uran ehtiyatları yalnız tədqiqat məqsədilə istifadə ediləcək və artıq qalanlar ölkədən çıxarılacaq. ABŞ, Avropa Birliyi və BMT TŞ isə əsas saziş imzalanandan dərhal sonra Irana qarşı sanksiyaları dayandıracaq.
Ekspertlər əldə olunan razılaşmanın dünya siyasətinə bir yenilik gətirəcəyi fikrindədirlər. Eyni zamanda Iranla Qərbin problemləri həll etməsi regionumuz üçün də ciddi perspektivlər vəd edir. Regional dövlət olan Iran artıq regionda Qərbin növbəti tərəfdaşına çevrilmək istiqamətində mühüm addım atmış oldu.
Qərbin Iranla münasibətləri normalaşdırmasını Israil birmənalı qarşılamayıb. Israil baş verənlərdən sonra sərt ritorikaya keçib.
Israilin Milli təhlükəsizlik naziri Yuval Steinitz Iranla “altılıq” ölkələrinin məlum nüvə anlaşmasından dərhal sonra rəsmi Tehranı hədələyən açıqlama verib. Nazir bildirib ki, Iranın nüvə silahı hazırlaması cəhdlərinə qarşı hərbi müdaxilə daxil olmaqla, bütün variantlar masa üzərindədir: “Bütün təhlükələrə diplomatik və digər yollarla qarşı çıxacağıq. Başqa yolumuz qalmasa, hərbi müdaxiləyə əl atacağıq”.
Bəs Iranla əldə olunan razılaşma Azərbaycana nə vəd edir? Azərbaycan regional dövlətlə münasibətləri bundan sonra necə qurmalıdır?
Politoloq Vəfa Quluzadə hesab edir ki, Qərblə Iran arasında əldə olunan dialoq qlobal səviyyədə siyasi proseslərə təsir edəcək. ABŞ-ın danışıqlarda faktiki olaraq Irana güzəştə getdiyini deyən V.Quluzadə vurğuladı ki, ABŞ Israilin təzyiqinə baxmayaraq Iranla razılaşmaya getdi: “Qərb Iranın üzərindən sanksiyaları götürməyə hazırlaşır. ABŞ-Iran yaxınlaşması Qərbin xeyrinə işləyəcək. Çünki Rusiya Iranı antiAmerikan qüvvə kimi istifadə edə bilməyəcək. Iran da Qərbə münasibətdə yumşalır və Tehran bundan sonra Amerikanın regiondakı siyasətilə razılaşacaq. Iran özünü düşünərək sanksiyalardan çıxaraq inkişafa nail olmaq fikrindədir. Baş verənlər bir daha sübut etdi ki, hazırda Qərbə təhlükə Iran deyil, Rusiyadır. Rusiya, üstəlik, güclü nüvə dövləti kimi də Qərbə təhlükədir”.
V.Quluzadənin fikrincə, Rusiyanın yürütdüyü aqressiv siyasətin fonunda ABŞ çalışacaq ki, digər rəqibləri münasibətləri normallaşdırsın. Qərb bununla Rusiyanı təkləməyə çalışır.
Israilin etirazlarına gəlincə, V.Quluzadə bildirdi ki, ABŞ qlobal dövlət olduğundan onun qlobal maraqları var. Amma Israil ABŞ-a istinad edən regional dövlətdir: “Regional dövlət kimi Israil narahatdır və buna ciddi əsas var. Çünki Israil bundan sonra öz siyasətini olduğu kimi yürüdə bilməyəcək. Iranın Qərblə münasibətlərini normallaşdırması hazırkı siyasətindən əl çəkməyən Israil üçün təhlükədir. Israil Yaxın Şərqdə hegemon dövlət olmaq istəyir. Amma Iranın regionda mövqeləri güclənəndən sonra Israilə ciddi rəqib meydana gələcək. Amma ABŞ qlobal maraqlarını heç kimə güzəştə getməyəcək”.
Iran ətrafında baş verənlərin region dövlətlərinə təsirinə gəlincə, V.Quluzadənin qənaətincə, Azərbaycan gərək özü taleyini əlində saxlayaraq, ayaq altında qalmamaq üçün siyasəti barədə ciddi düşünməlidir: “Amerika hazırkı qlobal siyasətini yürüdən zaman kiçik dövlətlərin maraqlarını nəzərə almayacaq. Əgər ABŞ Israilin maraqlarını nəzərə almaya bilirsə, Azərbaycana da güzəştə gedilməyəcək. Azərbaycan Iran və Türkiyə ilə sıx əlaqələr yaratmalı və ölkəsində də gərəkən islahatları aparmalıdır ki, bu addımlar Azərbaycanı suyun üzərində saxlasın. Eyni zamanda Azərbaycan ABŞ və Avropa Birliyi ilə də münasibətlərə diqqət edərək onları dərinləşdirməlidir”.
Xəyal