Naxçıvanda parkın çökməsi nəticəsində xəsarət alanlar xəstəxanadan evə buraxılıb.
Bu məlumatı Naxçıvan Şəhər Mərkəzi Xəstəxanasından veriblər.
Qeyd edək ki, dünən Naxçıvandakı “Qala park”ın çökməsi zamanı xeyli sayda insan xəsarət almışdı. Xəsarət alanlar Naxçıvan Diaqnostika Mərkəzinə və Şəhər Mərkəzi Xəstəxanasına yerləşdirilmişdi.
Xəsarət alanların sayının 20-30 nəfər olduğu deyilirdi.
Diaqnostika Mərkəzindən də virtualaz.org-a bildirdilər ki, xəsarət alanlar evə buraxılıb.
10 may Gül bayramı münasibətilə təşkil olunan konsert zamanı parkdakı beton örtüyün çökməsi konsert proqramını yarımçıq saxlamışdı.
Naxçıvandakı mənbələrdən verilən məlumata görə, çökməyə səbəb beton pillələrin altından su axıntısının olması olub.
Qeyd edək ki, “Qala park” Nuh peyğəmbərin məqbərəsinin yaxınlığında yerləşir. Park bu yaxınlarda istifadəyə verilmişdi.