Hacı Rahil Türkanda reketlik edir

5-04-2015, 21:53   
Hacı Rahil Türkanda reketlik edir
Redaksiyamıza Xəzər rayonu, Türkan qəsəbəsi, Üzümçülük sovxozunun bir qrup sakini müraciət edib. Qəsəbə sakinləri yerli icra nümayəndəsinin özbaşınalığından narazıdır. Sakinlərin müraciətini araşdırmaq üçün hadisənin baş verdiyi ünvana yollandıq.Gördüyümüz ilk mənzərə belə idi: hasarları uçurulmuş 7 ayrı-ayrı torpaq sahəsi, ətrafda gedən tikinti işləri, üstündə “Ev alqı-satqısı” sözləri yazılmış balaca bir köşk və… aşırılmış tualet… İlk həmsöhbətimiz zərərçəkən şikayətçilərdən biri – icra nümayəndəsi tərəfindən təzyiqlərə məruz qalan, torpaq sahəsinin hasarı uçurulan Rövşən Babayev oldu. O, boş torpaq sahələrinin hasarının bir gün ərzində heç bir xəbərdarlıq edilmədən sökülməsi, icra nümayəndəsinin “qoçu dəstəsi” ilə vətəndaşların üzərinə gəlməsi və sonradan baş verən hadisələr barədə danışır.Məlum olur ki, bütün baş verənlərin səbəbi bir az əvvəl qeyd etdiyimiz aşırılan tualetdir. Belə ki, qəsəbədə ev alqı-satqısı ilə məşğul olan Rövşən Babayev və onun tanışları alqı-satqı ofisinin yaxınlığında özlərinin və ərazidən keçənlərin istifadəsi üçün tualet tikmək istəyiblər. Bunu qanunsuz tikinti kimi qiymətləndirən Xəzər Rayon İcra Hakimiyyətinin (RİH) Türkan qəsəbəsi üzrə nümayəndəsi Rahil Babayev (o, həm də hacıdır və daha çox “Hacı” deyə çağırılır) müavini Firudinlə bu il martın 28-də həmin əraziyə gəlib. İcra nümayəndəsi tualeti tikənlərə iradını bildirib və tikintinin dayandırılmasını tələb edib.

Qarşı tərəfin buna reaksiyası isə belə olub: “Hacı, bu qədər torpaq sahən var. Gözünü bu bir-iki sotamı dikmisən?”

Elə nə olubsa, bu sözlərdən sonra olub.

İcra nümayəndəsi R.Babayevi və tualet tikmək istəyənləri “mən sizə göstərərəm…” deyə hədələyib və gedib. Rahil Babayev səhərisi gün -martın 29-da saat 11-də 70-ə yaxın adam və traktorla həmin əraziyə gəlir. Və tikililərin sökülməsini əmr edir.Bir məsələni də qeyd edək ki, icra nümayəndəsinin Rövşən Babayevdən ötən ildən incikliyi var imiş. Rövşən Babayev ötən il keçirilən bələdiyyə seçkilərində namizəd olandan sonra icra nümayəndəsinin ona münasibəti dəyişibmiş. Seçkilərin nəticəsi isə icra nümayəndəsinin istədiyi kimi olub. Rövşən Babayevin dediyinə görə, o, xeyli səs yığsa da icra nümayəndəsi Rahil Babayevin keçmiş müavini Firudin Məmmədov bələdiyyə sədri seçilib.

Məlum olduğu kimi, Bakı və ətraf qəsəbələrdə son illər aparılan tikinti işlərinin çoxu qanunsuz olaraq həyata keçirilir. Hətta 20 ildən çoxdur ki, tikilən evlərin sənədləri yoxdur. Elə burada da sökülən hasarların ətrafında qanunsuz tikinti işləri aparılır. Lakin icra nümayəndəsinin qanunsuz tikilən ev və obyektlərlə işi yoxdur. O, hasara alınmış torpaq sahələrini hədəfə alıb. Bunun nəticəsidir ki, hasara alınan və darvazası qoyulan 7 torpaq sahəsinin hasarı icra nümayəndəsinin göstərişi ilə sökülüb.Torpaq sahibləri və qəsəbə sakinləri buna etiraz etmək istəsə də icra nümayəndəsinin yanındakı “qoçular” bunun qarşısını alır.Şikayətçi Rövşən Babayevin dediklərindən: “Bu adamlar kimdir – bilmirik. Nə bələdiyyədə, nə də icra nümayəndəliyində bu qədər işçi yoxdur. Rahil Babayev bu adamları yığıb gətirmişdi. Bilirdi ki, sakinlər söküntüyə etiraz edəcək. Kimki etiraz edirdi, 3-4 nəfər üstünə gedirdi. Deyirdilər “yaxşı edirik”. Kənd camaatı onları tanıyır. Heç biri nə bələdiyyənin, nə də icra hakimiyyətinin işçisi deyil”.İcra nümayəndəsi hasarları sökəndən sonra yaxınlıqda olan ev alqı-satqısı ofisini də sökmək istəyir. Elə əsas gərginlik də bu zaman baş verir. Sakinlərin ciddi etirazını görən icra nümayəndəsi qəsəbədə “sağ əli” olan Tariyel adlı şəxsi çağırır.Rövşən Babayev Tariyel adlı şəxsin nə işə baxdığını belə izah edir: “Tariyel Rahil Babayevin yaxın adamıdır. Özünü qəsəbədə “avtoritet” kimi aparır. Onu hamı tanıyır. İcra nümayəndəsinin “şilləvuranı”dır. Bütün problemli tikililərlə bağlı mübahisələri, vətəndaşlarla münasibətləri o “həll edir”. Lazım gələndə zor gücünə”.İcra nümayəndəsinin çağırışı ilə hadisə yerinə gələn Tariyel adlı şəxs narazı vətəndaşlara səslənərək ağsaqqalın kim olduğunu soruşub. Camaat içində olan və hamının ağsaqqal kimi tanıdığı və hörmət etdiyi Əlixan adlı şəxs “mən” deyib. Hadisə şahidlərinin dediyinə görə, bu “mən” sözü ağsaqqala bir neçə ağır yumruq zərbəsinə başa gəlib. Tariyel adlı şəxs ağsaqqala başla və yumruqla zərbələr endirib. Daha sonra isə onun üstünə bıçaq çəkib. Ətrafdakı şəxslərin hadisəyə müdaxiləsi isə vəziyyəti daha da gərginləşdirib.Şikayətçilərin dediyinə görə, insident baş verərkən Post Patrul Xidmətinin əməkdaşları da hadisə yerində olublar. Lakin heç bir müdaxilə etməyiblər. Sakinlər bundan sonra DİN-in 102 xidmətinə zəng ediblər. Vəziyyətin ciddiləşdiyini görən “qoçular” Tariyeli maşına əyləşdirərək tələsik aparıblar.Hadisə yerinə əməliyyat qrupu gəlib. Lakin o zamana qədər icra nümayəndəsinin “qoçuları” ərazini artıq tərk edibmiş. Polis əməkdaşları döyülən ağsaqqalı tibbi ekspertizaya aparıb, daha sonra izə izahatını alıblar.

Sakinlərin dediklərindən: “Əlixan kişi Hövsan və Türkan qəsəbələrinin ağsaqqalıdır. Onu burada tanımayan yerli sakin yoxdur. Əlixan kişi bu iki qəsəbə arasında 15 kilometrlik asfalt yolu xeyli əvvəl öz hesabına çəkdirib. Hacıbala Abutalıbov Suraxanı rayonunun icra başçısı olan zaman ağsaqqalı bu addımına görə mükafatlandırmaq da istəmişdi. Lakin ağsaqqal bundan imtina etmişdi. Bu qəsəbələrdə Əlixan kişiyə hamı hörmət edir. Onun necə insan olduğunu hər kəs yaxşı bilir. Bu hadisədə onun heç bir günahı yoxdur”.Sikayətçilər dediklərinin hamısının sübutu kimi yaxınlıqda olan nəzarət kamerasını göstərir. Döyülmə və icra nümayəndəsinin “qoçuları”nın törətdiyi əməlləri lentə alan nəzarət kamerası hadisənin baş verdiyi yerdən bir neçə metrlik məsafədədir. Narazı sakinlər deyir ki, polislər nəzarət kamerasının işlədiyini deyib.Yəni hadisələrin sübutu kimi nəzarət kamerasının qeydə aldıqlarını göstərmək olar.İcra nümayəndəsi və “qoçular”ı söküntü aparılan ərazini tərk edəndən sonra sakinlər Xəzər Rayon İcra Hakimiyyətinə şikayət etməyi qərarlaşdırırlar. Martın 30-da Xəzər RİH-ə gedən sakinlərə qəbula növbəti gün – martın 31-də gəlmək məsləhət görülür. Martın 31-də icra başçısı ilə görüşmək istəyən vətəndaşları başçının müavini Arif Balayev qəbul edir. Vətəndaşların şikayətini dinləyən RİH rəsmisi icra nümayəndəsi Rahil Babayevin bu addımının qanunsuz olduğunu, icra hakimiyyətinin bundan xəbərsiz olduğunu deyir.İcra başçısının müavini belə bir söküntünün aparılması haqda icra hakimiyyətinin heç bir göstərişinin olmadığını deyərək məsələnin araşdırılacağına dair söz verib.Bu torpaq sahələri Xəzər rayonunun ərazisində olsa da Abşeron Rayon İcra Hakimiyyətinin tabeliyindədir. Torpaq sahibləri deyirlər ki, sovet hökuməti dağılandan sonra boş torpaq sahələri vətəndaşlar tərəfindən istifadəyə götürülüb. Bəzi yerlərdə evlər tikilib, bəzilərindən təsərrüfat məqsədilə istifadə olunub. Sovet hökuməti vaxtında bu torpaqlar üzüm bağları və təsərrüf sahələri olub. Hasarları sökülənlər arasıda rəsmi sənədləri olanlar da var. Rəsmi sənədləri olmayanlar isə ən azı 20 ildir bu torpaqları alıb. Şikayətçi sakinlər deyir ki, icra nümayəndəsi ətrafda bu qədər qanunsuz tikinti, boş torpaqlar olduğu halda heç bir əsas olmadan onların hasarlarını uçurub.

Şikayətçilərin dediklərindən: “Rahil Babayevin Türkan qəsəbəsində ucsuz-bucaqsız torpaq sahələri var. Dənizin kənarını və bir çox yerləri hasarlayıb. Hektarlarla torpaq sahələri var. Bu günə qədər isə hektarlarla torpaq sahələri satıb.Onun qəsəbədə bir neçə ticarət obyekti var”.Şikayətçi Rövşən Babayev deyir ki, icra nümayəndəsi bu işi şəxsi prinsipinə görə edib.Onu isə bu əməli törətməyə sövq edən kimlərsə var.Hasarları uçurulan 20-dən çox sakin dövlət qurumlarına da müraciət edib. Onlar artıq Milli Təhlükəsizlik Nazirliyi, Daxili İşlər Nazirliyi və Baş Prokurorluğa müraciət ediblər. Baş prokuror Zakir Qaralova ünvanlanan müraciətə artıq reaksiya verilib. Baş Prokurorluqdan şikayətçi vətəndaşlarla əlaqə saxlanılıb və hadisənin təfərrüatları öyrənilib. Lakin hələ ki, heç bir tədbir görülməyib.Məmur harınlığı ilə üzləşən sakinlər müvafiq qurumların lazımi tədbirlər görəcəyinə ümid edir. Şikayətçilər müraciətlərinə baxılmayacağı təqdirdə Xəzər rayonundan millət vəkili olan Mehriban Əliyevaya müraciət edəcəklərini deyirlər. Səslənən bu ittihamlarla bağlı Xəzər RİH-in və digər qurumların da mövqeyini öyrənməyə çalışdıq.Türkan qəsəbəsi, Üzümçülük sovxozunun sahə inspektoru, polis kapitanı Fuad Osmanov açıqlamasında bildirdi ki, bu insident haqda onlarda da məlumat var: “Fakt üzrə araşdırma aparıldığından əlavə məlumat verə bilməyəcəyik”. Xəzər Rayon İcra Hakimiyyətindən isə bildirildi ki, bu haqda yalnız icra başçısının müavini Arif Balayev məlumat verə bilər. Çünki narazı vətəndaşları qəbul edən şəxs Arif Balayev olub. Lakin gün ərzində Arif Balayevi yerində tapa bilmədik.Bir neçə dəfə zəng etsək də onun “ərazidə olduğu” bildirildi.

Vətəndaşların şikayətçi olduğu icra nümayəndəsi Rahil Babayevi də iş başında tapa bilmədik. Daha doğrusu, nümayəndəlikdən məşhur “ərazidədir” cavabını aldıq. Məmurlar sussa da narazı vətəndaşların problemlərini gündəmdə saxlamağa çalışacağıq.

Məqalədə adları keçən şəxslərin də mövqeyini dərc etməyə hazırıq./Bizimdovr.az
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.