Rusiya təhlükəsi “Şərq Tərəfdaşlığı” planlarını dəyişir; Avropa Birliyinin komissarı Yohannes Hann Riqa sammitinə hazırlıqlar üçün hakimiyyətlə danışıqlara gəldi; Putinin “işğal siyahısında” olan Azərbaycanı qorumaq üçün AB ilə geniş əməkdaşlıq tələbi qoyulmayacaq, amma...
Avropa Birliyinin Avropa qonşuluğu siyasəti və genişlənmə üzrə komissarı Yohannes Hann aprelin 7-də Bakıya gəlib. Aprelin 9-dək davam edən səfər zamanı əsas müzakirə mövzusu “Şərq Tərəfdaşlığı” üzrə gələn ay keçiriləcək Riqa sammitinə hazırlıqlardır. Xatırladaq ki, bu, Yohannes Hannın Avropa Birliyi komissarı vəzifəsinə təyin olunmasından sonra Bakıya ilk səfəridir.
“Şərq Tərəfdaşlığı” ölkələrinin may ayının 21 və 22-də Riqada keçiriləcək sammiti Avropa Birliyi üçün böyük əhəmiyyət kəsb edir. Son bir il ərzində “Şərq Tərəfdaşlığı” proqramı çərçivəsində Avropa Birliyinin əməkdaşlıq etdiyi altı ölkə ilə -Azərbaycan, Ermənistan, Gürcüstan, Moldova, Ukrayna və Belarusla daha sıx münasibətləri nəzərdə tutsa da, Rusiyanın ciddi müqaviməti nəticəsində bu proqramın reallaşması yubanır.
Vilnüs sammitindən keçən müddətdə (2013-cü ilin noyabr ayının 28-29-u) Ukrayna Rusiya ilə müharibəyə cəlb edilib, Krım ilhaq edilib, ölkənin şərq vilayətləri isə Kiyevin nəzarətindən çıxarılıb. Assosiativ sazişi imzalayan Gürcüstan və Moldova isə “gözüçıxmış qardaşından” ibrət götürərək Rusiya ilə münasibətlərdə korrekt davranmağa çalışır, Avropa Birliyi ilə münasibətlərdə Kremli qıcıqlandıracaq xüsusi yaxınlaşmaya meyl etmir. Gözlənilir ki, Riqa sammitdə assosiativ sazişi imzalayan ölkələrin vətəndaşlarının Avropa Birliyinin Şengen zonasında sərbəst hərəkət etməsi məsələsində irəliləyiş əldə olunsun.
Qeyd edək ki, Moldova vətəndaşları artıq ötən ildən bu imtiyazdan istifadə edir. Avropa Birliyindəki mənbələr Ukrayna vətəndaşlarının Şengen ölkələrinə vizasız səyahəti məsələsinin bu sammitdə həllini tapmayacağını, Gürcüstanın şansının isə 50/50-yə olduğunu bildirirlər. Amma həm Gürcüstan, həm də Ukraynanın dövlət rəhbərləri Riqada bu sənədin imzalanacağına ümid edirlər.
Avropa Birliyinin liderləri Riqa sammitində “Şərq Tərəfdaşlığı” proqramına daxil ölkələrə çətin ki, yeni daha dərin əməkdaşlıq təklifləri versinlər. Bildirilir ki, Avropa Birliyi Azərbaycan, Ermənistan və Belarus kimi həmin sazişləri imzalamamış ölkələrlə əməkdaşlığın genişləndirilməsini nəzərdə tutur, amma hələki sənədlərin layihəsinin təfərrüatlarını açıqlamır. Konkret olaraq Azərbaycana gəldikdə, Brüssel Bakı ilə hər iki tərəfi qane edəcək ortaq mövqeni əldə etməyə çalışır: “Azərbaycanla Avropa Birliyi arasında birgə hava məkanın yaradılması məsələsinə Riqa sammitində toxunmaq istəyirik”. Bunu Avropa Birliyinin Bakı ofisinin rəhbəri Malena Mard bu günlərdə mətbuata verdiyi açıqlamada deyib. “Məsələ ilə bağlı danışıqların nəticəsi Riqada bilinəcək. Lakin ötən il aviasiya sahəsində konkret danışıqlar aparılmayıb. Azərbaycan tərəfi istəyərsə, bu il danışıqları yenid?n başlaya bil?rik” deyə, diplomat qeyd edib.
Belarus və Ermənistan Rusiya ilə sıx şəkildə bağlı olduğundan, Avropa Birliyinin müstəqil və balanslı siyasət tərəfdarı olan Azərbaycanla münasibətləri daha yüksək inkişaf səviyyəsinə qaldırılmasına böyük diqqət ayırmasının səbəbi aydındır. Amma Vilnüs sammitindən ötən müddətdə Azərbaycanın da daxil olduğu region əsl savaş meydanına çevrilib. Dünya ilə qarşıdurmaya gedən Rusiya Ermənistanı öz vassalı səviyyəsinə salıb, Ukraynanın ərazi bütövlüyünü pozub, Gürcüstanda qərbpərəst qüvvələr sıxışdırılıb, Qarabağda isə müharibə riski artıb.
Azərbaycan hakimiyyətinin bu vaxta qədərki mövqeyi Avropa Birliyi ilə münasibətləri enerji məsələləri ilə məhdudlaşdırmaq olub. Rəsmi Bakı Avropa Birliyi ilə münasibətlərdə ikitərəfli əməkdaşlığa tərəfdardır və bu mövqeyində israrlıdır. Amma Brüsseldə ehtiyatlı olsa da hesab edirlər ki, Azərbaycanla münasibətlər daha geniş və yalnız enerji məsələləri ilə məhdudlaşmayan əməkdaşlıq olmalıdır.
Mümkündür ki, Avropa Birliyi rəsmisinin Bakı səfərində bu istiqamətdə də krtitik danışıqlar olsun. Amma ekspertlər güman edir ki, dünyadakı indiki reallıqlar Avropa Birliyini daha ehtiyatlı mövqe sərgiləməyə sövq edir. Avropa onun Rusiyanın “qaz turbasından” asılılığını azaldacaq TANAP layihəsinə ciddi dəstək verir və bu layihədə əsas oyunçulardan biri Azərbaycandır. Azərbaycanın Avropa Birliyi ilə hansısa sənədi imzalamaqla Rusiyanın təzyiqləri ilə üz-üzə qoymaqda maraqlı ola bilməz.
Belə xəbərlər var ki, “Maydan”dan dərs çıxaran Avropa Birliyinin Riqa sammitində Azərbaycanla bağlı xüsusi tələbləri olmayacaq. Çünki Avropa Birliyi hazırkı şərtlər daxilində Ukraynanı belə Rusiyanın qəzəbli pəncəsindən xilas edə bilmir. Avropa Birliyi indi Avropa məkanına yeni qədəmlərini qoymağa hazırlaşan Moldavanın da Ukraynanın taleyini yaşayacağından çox narahatdır.
Putinin “işğal siyahısında” tez-tez Azərbaycanın da adı da çəkilir ki, bu fikirlər daha çox Qərb politoloqlarının dilindən eşidilir. Bu səbəblərdən “Ş?rq Tərəfdaşlığı” proqramında Azərbaycanın üzərinə qoyulası öhdəliklərin əksəriyyəti böyük ehtimalla Riqada olmayacaq. Azərbaycanın Riqa sammitində seçim qarşısında qalacağı, bunun son şansı olduğu barədə iddialar real görünmür. Çünki Avropa Birliyi rəsmi Bakının bu sazişə imza atmadığına görə qıcıqlanmır. Hələ ki...
Xəbər xidməti /musavat.com/