ATV kanalının prezidenti ilə “Səni axtarıram” verilişini tam qapatdı; Hidayətqızına qarşı “yeznə-qayın ittifaqı” işləyib?; xanım jurnalistə qarşı “qara piar” kampaniyasının arxasında duranlar məlum oldu...
ATV-də 5 ildir yayımlanan və müəllifi, aparıcısı tanınmış jurnalist Xoşqədəm Hidayətqızı olan “Səni axtarıram” layihəsi artıq bağlanıb. Musavat.com saytına daxil olan məlumatda kifayət qədər populyar olan verilişin nədən bağlandığı haqda maraqlı məsələlərdən söz açılır.
ATV-dəki mənbədən əldə etdiyimiz xəbərdə deyilir ki, “Səni axtarıram” verilişinin bağlanması ATV-nin prezidenti Vüqar Qaradağlının Xoşqədəm Hidayətqızının bu veriliş səbəbindən reytinqinin artmasını, telekanal daxilində və cəmiyyətdə nüfuz qazanmasını həzm edə bilməməsi nəticəsində baş verib. Vüqar Qaradağlıda belə bir rəy formalaşıb ki, bu gedişlə Xoşqədəm Hidayətqızı ya özü onun yerini ələ keçirəcək, ya da yuxarıların təyinatı ilə bu hadisə baş verəcək. Mənbənin sözlərinə görə, Vüqar Qaradağlı bir ilə yaxındır Xoşqədəm Hidayətqızını ATV-dən uzaqlaşdırmaq qərarına gəlibmiş.
Sadəcə Hidayətqızının öz işində hansısa səhvə, qüsura yol verməməsi telekanal prezidentini çətin durum qarşısında qoyub. X.Hidayətqızına “çıx get” demək üçün heç bir əsas tapa bilməyən V.Qaradağlı 2014-cü ilin avqustunda aparıcıya “yuxarılar bundan sonra efirdə axtarış tipli verilişin olmasını istəmirlər artıq “Səni axtarıram” verilişi efirə getməyəcək”, - xəbərdarlığını edib. Ancaq Xoşqədəm Hidayətqızı real vəziyyətin necə olduğunu araşdıranda bəlli olub ki, əslində yuxarıların V.Qaradağlıya belə bir göstərişi olmayıb. Telekanal rəhbəri ona qarşı istifadə etmək üçün heç bir dəlil tapa bilmədiyindən yuxarıların adından istifadə edib.
Beləliklə, X.Hidayətqızının çevikliyi Qaradağlının layihəni dayandırmaq-əslində X. Hidayətqızını ATV-dən uzaqlaşdırmaq planının avqust ayında baş tutmaması ilə nəticələnib. Lakin məhz o zamandan başlayaraq, X.Hidayətızını gözdən salmağa hesablanan yazılar bir sıra saytlarda çıxmağa başlayıb. Bununla yanaşı ATV-də “Səni axtarıram”ın kopyası təəssüratı yaradan, süjet xətti, hətta musiqi tərtibatı eyni olan bir neçə veriliş (məsələn, “Öz aramızda”) yaradılır. Mənbənin dediyinə görə, V.Qaradağlı X.Hidayətqızının öz layihəsini prodakşına çevirəcəyindən də ehtiyat edirmiş.
Mənbənin dediyinə görə, “Səni axtarıram” verilişi hər ay ATV-yə reklamdan 300 min manata yaxın vəsait gətirir. X. Hidayətqızı prodakşn yaradacağı halda bu vəsaitin böyük hissəsi telekanalın əlindən çıxa bilərdi. V.Qaradağlının X.Hidayətqızının prodakşn yaradacağından şübhələnməsinin əsaslı olub-olmadığına gəlincə, mənbənin dediyinə görə, bu şübhə üçün əsas görünmürdü. Sadəcə olaraq, ATV prezidenti X. Hidayətqızını həzm edə bilmədiyindən hər şeydən şübhələnirmiş.
Mənbə onu da bildirib ki, “Səni axtarıram”la eyni verilişlərin açılmasına X. Hidayətqızı dəfələrlə iradını, narazılığını ifadə edib, hətta heç bir yerli və xarici telekanalda belə əcaib təcrübənin olmadığını söyləyib. Amma vəziyyət heç cür dəyişməyib. 2015-ci ilin yanvarında V.Qaradağlı verilişin bağlanması məsələsini yenidən qaldırıb. X. Hidayətqızı bu dəfə ona deyib ki, 50 min insanın müraciət edib kömək gözlədiyi, yüzlərlə insanı öz doğmaları ilə qovuşduran bir verilişin qəfil bağlanması düzgün deyil. Bu, addım həmin insanlara böyük zərbə olacaq. Beləliklə, yanvarda bir müddət də verilişin qalmasına nail olub. Aprelin əvvəlində V. Qaradağlı yenidən eyni məsələni gündəliyə gətirib və bu dəfə qəti şəkildə bildirib ki, “Səni axtarıram” dayanır.
Aprelin 12-də efirə gedən veriliş sonuncu olub. X.Hidayətqızı məhz bundan sonra məcburiyyət qarşısında qalıb və ANS-dən gələn təkliflə razılaşıb. Mənbə bildirib ki, Hidayətqızının sonadək ATV-dən getmək niyyəti olmayıb, sadəcə V.Qaradağlı faktiki olaraq onu getmək məcburiyyətində buraxıb. Mənbə onu da vurğulayıb ki, V.Qaradağlının qaynı Rauf Dadaşovun da vəziyyətin bu həddə gəlib çatmasında ciddi rolu olub. R.Dadaşov V.Qaradağlı “Lider” kanalında işlədiyi dövrlərdə də ona təsir göstərirmiş. Hətta deyilənlərə görə, yeznənin “Lider” rəhbərliyindən kənarlaşdırılmasında həm də qaynın oradakı fəaliyyəti rol oynayıbmış.
Mənbə daha bir ilginc detala da diqqət çəkərək qeyd edib ki, X.Hidayətqızı indi “Səni axtarıram” layihəsini V.Qaradağlıdan almaqda çətinlik çəkir. Baxmayaraq ki, bu layihənin müəllifinin X.Hidayətızı olduğu hər kəsə məlumdur və veriliş hələ V.Qaradağlı ATV-yə rəhbər gəlməzdən öncə efirdədir. Odur ki, X.Hidayətqızı ya verilişin müəllifi olduğunu hüquqi baxımdan sübuta yetirib getdiyi telekanalda eyni adlı verilişi eyni populyarlıqla yaşadacaq, ya da məzmun, mövzu, süjet xətti eynilə qalmaqla başqa adla efirə çıxarmalı olacaq.
Mənbəmizin sonda verdiyi informasiyada isə deyilir ki, X.Hidayətqızına qarşı bir sıra saytlarda başladılan qara piarın yaxın günlərdə daha da kəskinləşdiriləcəyi gözlənilir. Araşdırdıqda bəlli olur ki, həmin saytlar ATV rəhbərinə yaxın adamlarındır. Həmin saytlardan birində hətta dünən X.Hidayətqızı hədələnib. Həmin sayt ad çəkmədən ATV prezidentinə yaxın şəxslərdən birinə istinadən yazıb ki, Vüqar Qaradağlı Allah adamıdır, xeyirxah insandır, ancaq Xoşqədəm Hidayətqızıdan bərk inciyib, Allah eləməsin Vüqar müəllimin səbri daşsın, onda X.Hidayətqızı gözünə görünməsin.
Musavat.com-a verilən məlumatlarda deyilənlərlə bağlı ATV-nin vitse-prezidenti Məqsəd Nura, ATV-nin departament rəhbəri və sözçüsü Vaqif Aydınoğluna zəng etsək də əlaqə saxlamaq mümkün olmayıb. V.Qaradağlının və ATV-dən istənilən rəsmi şəxsin mövqeyini dərc etməyə hazırıq.
X.Hidayətqızı ilə əlaqə saxlasaq da qeyd olunanlar barədə heç bir fikir bildirmək istəmədiyini dedi. Aprelin 14-də gözlənilən mətbuat konfransında açıqlamalar verəcəyini söylədi.
Musavat.com