Rusiyanın Kurqan vilayətinin hüquq-mühafizə orqanları ekskavatorun kovuşunda sərhədi qanunsuz keçərək bu ölkəyə daxil olan iki Azərbaycan vətəndaşını həbs edib.
Həmçinin onların Rusiyaya keçirilməsini təşkil edən iki yerli sakinə də cinayət işi qaldırılıb.
Rusiya Federal Təhlükəsizlik Xidmətinin Kurqan vilayəti üzrə idarəsinin bildirdiyinə görə, bu il aprelin sonlarında həmin yerli sakinlər cinayətkar qruplaşmanın tərkibində fəaliyyət göstərərək naməlum Qazaxıstan sakinləri ilə əlaqəyə giriblər və iki Azərbaycan vətəndaşının dövlət sərhədindən qanunsuz yolla keçirilməsini təşkil ediblər.
Xəbərdə bildirilir ki, Azərbaycan vətəndaşlarını Rusiyaya keçirmək üçün nəqliyyat qismində traktordan istifadə edilib. Azərbaycan vətəndaşları ekskavatorun kovuşunda yerləşdiriblər.
Rusiyaya qanunsuz yolla keçən azərbaycanlılar barəsində cinayət işi qaldırılıb. Onları 6 ilə qədər həbs, daha sonra ölkədən deportasiya gözləyir. Qanunsuz miqrasiya kanalını təşkil edənləri isə 7 ilə qədər həbs gözləyir.
Qeyd edək ki, Rusiyada qanunsuz miqrasiyaya dair qanunvericilik ötən il sərtləşdirilib.