Saatlı sakini dövlət qurumlarından kömək istəyir
Saatlı rayonu Genişkənd sakini Abdullayeva Ilhamə Ağacavad qızı redaksiyamıza şikayət məktubu yollayıb. Daha doğrusu dövlət başçısı Ilham Əliyevə, baş prokuror Zakir Qaralova, milli təhlükəsizlik naziri Eldar Mahmudova, əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümova və Heydər Əliyev Fondunun sədri Mehriban Əliyevaya müraciətinin bir nüsxəsini “Azadlıq”a da göndərib.
“Mən şəhid Cavadov Ərşad Ağacavad oğlunun bacısıyam. Tale belə gətirdi ki, mən də Qarabağ uğrunda savaşlara atılmış Arif Abdullayevlə ailə həyatı qurmuşam. Iki övladımız var. Bu yaxında böyük oğlum hərbi xidmətdən qayıdıb. Kiçiyimizsə məktəblidir. Həyat yoldaşım müharibədən kontuziya ilə gəlib. Vaxtının çoxunu xəstəxanalarda keçirir. Ikinci qrup əlildir. Lakin qeydiyyata alındığı 2010-cu ilin oktyabrından bu günə qədər dövlətdən ona təyin edilmiş vəsaiti ala bilmir. Kapitalbankın Saatlı rayon şöbəsinə edilmiş müraciət əsasında hesab üzrə əməliyyatların çıxarışından bəlli olur ki, bu vəsaitləri kimlərsə mənimsəyir. O, dəfələrlə rayon IH başçısının qəbulunda olub, problemlərini anladıb. Vəd veriblər və... aldadıblar, hətta döyüb həbsə də atıblar. Kapital Bankın rayon şöbəsinin müdiri S.Zahidov onu ən ağır sözlərlə təhqir də edib.
ƏƏSM Saatlı rayon mərkəzinin keçmiş direktoru A.Məmmədov ünvanlı sosial yardım və ev tikintisi ilə bağlı kömək edəcəyini vəd etsə də, toplanmış sənədləri nazirliyə göndərmişəm desə də nəticəsi olmayıb. Onu da qeyd edim ki, həyat yoldaşım icra başçısının birinci müavini I.Quluyevin və başçının qəbulunda olub. Başçı deyib ki, prezidentə müraciət etmə, rayonun prokurorluğuna müraciət et. Iki dəfə ailəmiz adından müraciət edilsə də heç bir nəticə yoxdur. Əlavə olaraq nəzərinizə çatdırıram ki, 4 nəfərdən ibarət ailəmizlə kiçik otaqdan ibarət daxmada olduqca acınacaqlı vəziyyətdə yaşayırıq. Hakimiyyət orqanlarına etdiyimiz müraciətlərə heç bir reaksiya verilmir. IH-nin Genişkənd üzrə nümayəndəsi X.Isayevə dəfələrlə həyat şəraitimizin yaxşılaşdırılması haqqında göstəriş verilsə də o, yalnız özünü düşünür.
Nəzərinizə çatdırıram ki, həyat yoldaşımın Kapitalbank ASC-nin Saatlı rayon filialının müdiri S.Zahidova müraciətinə əsasən qarşı tərəfin ona göndərdiyi 6 aprel 2015-ci il tarixli 191 saylı arayışdakı göstərilən aqro kartdan başqa digər kartlarlara yüklənmiş vəsaitləri almayıb, həmin pullar mənimsənilib. Üz tutduğumuz məmurlarsa bu iş bizlik deyil deyə bizi başlarından edirlər. Bu, şəhid ailəsinə, müharibə veteranına qarşı haqsızlıqdır. Həyat yoldaşımı savadsız hesab edərək onun haqqını tapdalayanlar, hər cür əskikliyi özlərinə rəva görənləri yerində oturtmağınızı, ailəmizin pozulmuş hüquqlarının bərpasında yardımçı olmağınızı xahiş edirəm" deyə müraciətdə vurğulanır.