Molla: “Nə fərqi var, indi də belə girirəm cibə...”

13-05-2014, 19:32   
Molla: “Nə fərqi var, indi də belə girirəm cibə...”
Oxucularımız az da olsa, Pərvizi tanıyır. Məşhur cibgir Məsmə arvadla mənim görüşümə də o vasitəçi olmuşdu. Həm də azadlığa təzə çıxdığına görə söz vermişdi ki, bir qədər vaxt keçsin, özü də layihəmizin qonağı olacaq. Bu dəfə onun haqda “Türmə əhvalatları”nda bəhs edirəm. Mənim gəlməyimi ona çöldən deyiblər Pərvizlə Bayıl türməsinin birinci korpusunun birinci qatındakı 25 saylı “xata”da tanış olmuşduq. Qarayanız, hündürboy, qayışbaldır oğlan idi. Kameraya düşən andan özünün bu həyata elə də yad olmadığını diqtə etməyi bacardı. “Bratva”nın, “Allah qapını açsın, özünü yad hesab etmə, bura qardaşlıq xatasıdır”, - “xoşgəldin”indən sonra, Pərviz salyanlı şivəsində: - Allah razı olsun, – dedi. Yerini rahatladıqdan sonra isə, - “Canavar”dı da indi buranın vəziyyətinə baxan. Necədir, görəsən, qardaşlarla maraqlanır? Rauf (“Canavar” ayamalı məşhur avtoritet. – F.B) böyük qardaşdır. Mənim gəlməyimi ona çöldən deyiblər, - əlavəsi əslində kamerada olanlara bir mesaj idi. Yəni mən təsadüfi adam deyiləm. Kriminal aləmin söz və güc sahibləri ilə tanışlığım var. Beləsinə baş qoşma, köpük kimidirlər Pərvizin gəlişi, özünü aparması köhnə “koterjan”ların xoşuna gəlməsə də, onun mənim həmsöhbətim olması ürəyimcə idi. Söhbətləri maraqlı idi. Masallının Şərəfə kəndindən olan, dələduzluğa görə həbs olunmuş Xanlar kişi mənim onunla şirin-şirin söhbət etdiyimi görüb, dəfələrlə hər kəsin eşidəcəyi tərzdə: - Şair, belələrinə baş qoşma, köpük kimidirlər, içlərində nə var, iki günə boşaldacaqlar, - deyirdi. Mən isə Pərvizin söhbətlərinin şirinliyində dustaq həyatımın günlərini vərəqləyirdim. Etiraf edim ki, bəzən mən də onun ifrata vardığını, gopa basdığını başa düşürdüm. O qədər taxta-şalban çəkib satmışıq ki... Açığı, Pərviz kasıb adam idi. İlk günlər onun üçün sovqat göndərən yox idi. Başqa dustaqlara göndərilən ərzaqdan isə çəkinmədən bəhrələnərdi. Türmə həyatı onun üçün yad deyildi. Atası da bir vaxtlar həbsdə yatıbmış. Diribaş idi. Danışıqlarından belə başa düşürdüm ki, Salyanda “stansiya uşaqları”nın arasında böyüməsi erkən yaşdan gözüaçıq böyüməsinə şərait yaradıb: - Vaqonlardan o qədər taxta-şalban çəkib satmışıq ki... Cibgir olması ilə də fəxr edirdi Pərviz cibgir idi və bununla da fəxr edirdi: - Bu, təmiz sənətdir. Əli-ayağı quru, işini görürsən. Son dərəcə ehtiyatlı və həssas olmalısan. Bu sənətin müsbət cəhəti odur ki, insanlar ona dəyən zərbəni, ağrını o qədər də hiss etmir. Vaxt keçdikdən sonra bilirlər. Pulu, qiymətli əşyası aparılanlar çox vaxt özlərini ehtiyatsızlıqda qınayır. Cibgirin qurbanı olduqları ağıllarına heç gəlməz. Davakar idi Pərviz sakit adam deyildi. Davakardı və hər kəslə də mübahisə etməzdi. Kamerada olan münaqişəyə girməyə meylli idi. Amma işi davaya-dalaşa qədər böyütməzdi. O, həm də dil pəhləvanı idi. Sözdə asıb kəsərdi. Onun fiziki cəhətdən sağlam və güclü olmasını da etiraf etmək lazımdır. Bir dəfə mən məhkəməyə aparılıb gətirildikdən sonra Pərvizi əli sarıqlı gördüm. İranlı bir dustağa olan haqsızlığa görə kameradakı qarabağlı dustaqlarla mübahisə etmişdi. İş dava-dalaşa qədər yüksəlibmiş və Pərviz divardakı güzgünü əli ilə sındıraraq şüşə parçasından bıçaq kimi istifadə edib sözünü yeridə bilibmiş. Hər halda, mis oğurladığına görə həbs olunmuş “Makar” ləqəbli ağdamlı İlqar həmin gündən sonra Pərvizin qəzəbli baxışlarından gizlənməyə çalışırdı. Sən “pasajirsən”, bu adamlara baş qoşma Pərviz məni özünə dost kimi qəbul etmişdi: - Şair, sən “pasajirsən”, bu adamlara baş qoşma. Ağsaqqallığını elə, bacıoğlun yanındadır, - deyirdi və hər kəsin dik gözünün içinə baxırdı. Belə anlarda Xanlar kişi: - Şair, sən pərvizkimilərə bel bağlama, nə qədər ki, sənin siqaretini çəkir və onun yanına gələn yoxdur, o sənin dostun olacaq, belələrini çox görmüşəm. Maraqlı olan o idi ki, Pərviz Xanlar kişinin açıq mətnlə dediyi bu sözlərdən heç inciməzdi. Lalların kralı Pərvizin isə yanına gələnlər tapıldı. Pərviz cibgir idi və onun çöldəki dostlarının çoxu da kriminal aləmin adamlarıydı. O, lallarla daha çox oturub dururmuş və lalların əl jestiylə danışdıqlarını da çox gözəl bilirdi. Azərbaycanda lalların mafiyasının rəhbəri olmuş Nurəddin adlı şəxsdən ağız dolusu danışırdı. Deyirdi ki, onlar müntəzəm olaraq “Qaya” restoranına yığışırlar. Siqaret satan, başqa işlərlə məşğul olan lallar hər gün ona bac-xərac ödəyir və Nurəddin bu pulu imkansız lallara sərf edir. Pərvizin dediyindən belə başa düşürdüm ki, Nurəddin lalların kralıdır. Onun haqqında ürəklə danışardı. Bu vaxtlar hər kəs onun söhbətinə diqqət kəsilərdi. O mənim yaşadığım qadındır Pərvizə ilk “peredaça”nı gətirən Babək adlı “taksist” (dustaqlara gələn çantaları daşıyan dustaqlara belə ad verilir. - F.B) dustaq dedi ki, bunları göndərən qadındır, yanında da uşağı var. Pərviz sovqatı qəbul etdikdən sonra: - O mənim yaşadığım qadındır. Hər kəsdən vəfalı çıxdı. Sonra çöldən gələn məktubu oxuduyub, üzünü mənə tutdu: - Şair, ona çox köməyim dəyib, - dedi. Sonra xeyli danışdı. Bu dəfə hiss etdim ki, danışıqlarına boya vurmur - nə var, onu danışır. - Onunla necə dostlaşdım? Danışım sənə? O Məleykə Əsədova var ha... Hiss etdim ki, danışmaq istəyir. Mənim qulaq asmaq istəyim onun söhbət etmək marağından heç də az deyildi. - Həzrət Abbas haqqı, - yalan deyirəmsə, Həzrət Abbas belimi qırsın, - Neftçilərdən Razinə tərəf qalxırdım. Bıy, bi də gördüm adə, bu nədi adə, dəf kimi bir xala, xala deyirəm e, televizorda qız var e, veriliş-zad aparır, onun yanında hezz zad. O Məleykə Əsədova var ha, heç onun əlinə su tökməyə dəyməz. Gözüm tutdu. Mən də intiligent formasında. Kostyum, qalstuk, qoltuğumda da “papka”. Niyə belə geyinirdim? Ona görə ki, məndən şübhələnməsinlər. Cibgirlik edirdim də... özü də tək işləyirdim. Kim fikirləşərdi ki, bu adam cibgir olsun. “Risovka”lıq elədim - Nə isə, düşdüm arxasınca. Avtobusa minəndə bilərəkdən toxundum. Çevrilib mənə baxanda, bi dənə “risovkalıq” elədim, gəl görəsən. Əlimi qoydum sinəmə, təzim etdim: “siz Allah, bağışlayın, bilmədim”. Gülümsədi. Avtobusa mindik. Oturdum yanında. Qovluğumdan qəzet çıxartdım, “vedmost”-zad vardı, yalandan onlara baxdım. Özümü işgüzar adam kimi göstərdim. Arada qoluna ehmalca toxundum, söz dedim. Hay vermədi. Eləcə baxdı, üzümə gülümsədi. “Ayna Sultanova”ya qədər bir gəldik. İşarə elədi ki, düşürəm. Yol verdim. Ardınca da özüm düşmədim bə?.. Yaxınlaşdım, “Ramin şadlıq evi”ni soruşdum. Əli ilə işarə elədi ki, başa düşmürəm. Bildim ki, laldır. Hə, bundan sonra onu güdməyə başladım. Özümü ona göstərmirdim. Keçmək olmurdu axı ondan. Basa-basda çantasından “koşelyokunu” çıxartdım - Bir dəfə avtobusda yol haqqını ödəyib pulqabını çantasına qoydu. Aman vermədim, basa-basda çantasından “koşelyok”unu çıxartdım. 3-4 mini (80 qəpiyəcən) vardı. İçinə bir dənə beş “şirvanlıq” qoydum. Bir az aralanmışdı ki, arxadan qaçıb çatdım. Pulqabısını verdim. Dedim ki, əlindən yerə salıb. Götürmüşəm. Məni tanıdı deyəsən, gülümsədi. Açıb içinə baxdı, pulu görcək, şair, sən ölməyəsən, “Makar” ölsün yalan deyirəmsə, təəccübləndi. Beş “şirvanlığa” baxıb, çiyinlərini çəkdi. Dostlaşdıq. Yataqxanada qalırdı. Bir qızı vardı. Qızı lal deyildi, danışa bilirdi. Mənə laldili danışmağı onlar öyrətdi. İt kimi marıtlamışdım Pərvizin humanistliyi də varmış. Danışırdı: - Bir dəfə “Binə” bazarında “işləyirdim”. Qadın alt paltarı satılan yerdə işləyən oğlanla “hamaş” olmuşduq. Basırıq yarananda hansı alıcının pullu olmasını işarə edərdi. Həmən özümü salardım “talpa”nın içinə. Guya nə isə alıram. Sözsüz, satıcının da haqqı çatırdı. Məndən heç kəs şübhələnmirdi. Danışığım, geyimim, boy-buxunumu da ki, görürsən. Çox yaxşı pul tuturdum. Hə, bir dəfə satıcı mənə bir qadını işarələdi. Fikir verdim. İt kimi marıtlamışdım. Xeyli mal seçdi. İmkan edən kimi ehmalca çantasına əl gəzdirdim. Amma bu qadının sifətinin quruluşu, dərdli çöhrəsi mənə çox tanış gəlirdi. Elə bil ki, bu mənim doğma insanım idi. Yorğun görünürdü, əzab çəkmiş adam idi. Qadın satıcıya, “qoy burda dursun, - dedi, - indi gələrəm pulunu verərəm”, - dedi. Digər dükanlara girdi. Ardınca düşdüm. Yanında iki gənc qız da vardı. İnan, hiss etdim ki, bunlardan biri gəlinidir və onun üçün bazarlığa gəliblər. Anamın dərdli cizgiləri - Qabağa keçdim, qadının sifətinə fikir verdim. Və birdən içimdə bir hönkürtü hiss etdim. Bu qadının bütün cizgiləri anamın dərdli cizgiləri ilə eyni idi. Atam türmədə olanda anamla Salyan bazarına getmişdik. Onda anam pulunu itirdi. Şair, inanmazsan, anam necə ağladı. Bax, mənim rəhmətlik anamın üz cizgiləri onda idi. Ağlımdan keçən o oldu ki, bəlkə o vaxt anamın pulunu çəkibmişlər? Onları izlədim. İmkan tapmadım ki, pulqabını yenidən çantasına qoyam. Bu vaxt çantasından cib dəsmalını çıxardıb alnının tərini sildi. Bir iki addım atmışdılar ki, arxadan çağırdım: - Ay xala, pulqabınız yerə düşdü. Mənə o qədər dua elədi ki... utandım. Dedi ki, nə yaxşı sənin kimi təmiz insanlar var... Çox oğraşlıqlar etmişəm - Bir dəfə də belə hadisə olmuşdu. Danışacam, inanmayacaqsan. Demək, orta yaşlı kişinin basırıqda pencəyinin döş cibindən pulunu çəkdim. Mənim bir xüsusiyyətim var da, malını apardığım yerdən uzaqlaşmazdım. Şübhə yaratmazdım. Həm də onların sonrakı vəziyyətlərini müşahidə etmək hobbim idi. Bu bədbəxt də uşaqlarına məktəb ləvazimatı almağa gəlibmiş. Fikir verdim, əlini atdı cibindən pulunu çıxarsın, yanındakı məktəbli uşaqlarına aldığı paltarın pulunu versin, elə bil, onu gürzə çaldı. Tok vurmuş adam kimi gözləri bərələ qaldı. “Pulları itirmişəm”, - dedi. Şalvarının ciblərinə baxdı. Pul yoxdur axı. İnan, şair, mən çox oğraşlıq etmişəm, amma ürəyim həmişə ağrıyıb. Kişi 10-14 yaş arası olan qızlarının qarşısında ağladı. Qızlar da ona qoşuldu. Hamı onlara baxır, təskinlik verirdi. Yaxın gəldim, nə olub deyə soruşdum, mənə də danışdı. “Bura etibarlı olar deyə pulumu döş cibimə qoydum, indi yoxdur”. Təskinlik verdim, sinəmə sıxdım, qardaş, ciblərinə yaxşı bax, dedim, uşaqları üzmə. Bir də yoxladı, pullar pencəyinin yan cibindən tapıldı. Elə sevinirdi ki... 7. 000 dollarlıq kostyumu götürüb getdim Pərvizin macəraları çox olub. Deyirdi ki, Binədə “polka” götürdüm bir dəfə, başladım kostyum satmağa. Topdan satanlarla aranı sazladım. Onlardan kostyumu götürür, dəyər-dəyməzinə satır, üstünü düzəldib pullarını ödəyirdim. Etibarlarını qazanmışdım. Mənə ürək qızdırırdılar. Adımı, haradan olduğumu yanlış demişdim. Bir dəfə də qaça-qaça tələsik gəldim ki, bəs təcili müştərim var. Çoxlu mal verin. İnanmazsan, 7. 000 dollarlıq kostyumu götürdüm və o gedən getdim. Saldım yumruğun altına Pərvizi cibgirliyinə görə həbs etməmişdilər. O, əsgər yoldaşını döyüb əynindən dəri gödəkcəsini və telefonunu aldığına görə quldurluqda ittiham etmişdilər. - O, yaxşı oğlan deyildi. Əsgər yoldaşlarını satardı. Ona söz vermişdim ki, “qrajdanski”də əlimə keçsə, uşaqların heyfini alacam. “Üç”ün kruqunda gördüm onu, dedim, yadına düşür? Dedi, hə. Mən də saldım yumruğun altına. Sonra da apardım çayxanaya, çay içdik. Yaxşı telefonu vardı, dedim, 3 günlük ver, qaytararam. Dəri gödəkcəsini də aldım ki, rayona toya gedib gəlim, 3 gündən sonra elə burda qaytararam. Dediyim vaxt gəldim. O məndən şikayət edibmiş. Məni tutdular. Kişi deyil dənə... Pərviz indi azadlıqdadır. Bir dəfə redaksiyamızın da qonağı olub. Hal-hazırda namaz qılıb, oruc tutur və mollalıqla məşğuldur. Zarafatla deyir: - Nə fərqi var e, indi də belə girirəm də cibə...
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.