Elşən Musayev: “Ermənistan və Gürcüstanın yaxın aylarda devrilməsi labüddür”
***
Putin əjdahadır, dünya siyasətində danılmaz ustaddır. Həqiqətən!
Düzdür, bizdə adətən “əjdaha”, “ustad” ayamasını efirdən var-yox söyüşü söyən ya da türkün məsəli danışan manıslara qoyurlar, amma olsun, yenə də başqa kəlmə tapmaqda acızəm – Putin sözün əsl mənasında gerçək bir əjdahadır. Adam az qala bütün dünyanın ona qarşı səfərbər olub açdığı savaşdan qalib çıxdı, qeyri-rəsmi başlanan 3-cü dünya müharibəsini triumfda bitirdi, Obamanı rəsmən çökdürdü!
Amerikanın Putinlə açıq savaşı rus qoşunlarının Gürcüstan ərazilərinə girməsi ilə başlamışdı. O zaman Qərbə yaxınlığı ilə tanınan investorlar 35 milyardlıq (!) sərvəti bircə gün içində (!) Rusiyadan geri çəkdi və bu addım Obamanın “beyin mərkəz”ləri tərəfindən tövsiyyə olunan yeni texnologiyanın ilk sınağı idi, eyni zamanda “təcrübə dovşan”ı olaraq seçdikləri Rusiyanın başında çatlamalıydı. Fəqət, alınmadı. Rusiya ciddi böhran yaşasa da, alınmadı. Obamanın iqtisadçıları bu dəfə çevriliş texnologiyalarının bibliyası hesab edilən Çin Şarpın “sakit inqilab” nəzəriyyəsinə uduzmuşdu. Həm də bəs-bəlli bir şəkildə. Və ya bir zamanlar qələbə seriyasını post-sovet məkanında ard-arda sıralayan Qərb bu dəfə nəinki Gürcüstan torpaqlarını, hətta heç fərd olaraq öz yetirməsi - Saakaşvilinin həyatını belə qorumaq iqtidarında olmadığını açıq - aydın dilinə gətirirdi.
Putin isə ağıllı adamdır. Vəziyyətdən çıxınca “qara pul” dövriyyəsini artırdı (Ehtiyat fond rəsmən 400 milyard göstərilsə də, bu rəqəmin ən az 10 mislinə kimsə şübhə etmir) Anladı ki, rublun növbəti dəfə çökmə, devolvasiyaya uğrama ehtimalı var. Ona görə də əsas diqqətini daxili istehsala yönəltdi, xarici bazarlardan mal gətirib üzərinə bəlli faiz qoymaqla rahat pul qazanan sahibkarlar məqsədli şəkildə müflis edildi, ölkənin iqtisadi siyasəti müvəqqəti etap üçün Şimali Koreya variantına uyğunlaşdırıldı...Və, nə qəribədr ki, bu prosesdən nə Qərb nə də ölkə vətəndaşları duyuq düşmədi. Eyni adlı siyasətin məğzini bir Putinin özü bildi, bir də onun fenomenal, bu gün bütün dünyanın həsəd apardığı iqtisadçı texnoloqları...
Elə bu səbəbdən də Rusiya Obamanın növbəti “investisya çəkimi” tələsinə düşmədi. Düzdür, rublun məzənnəsi bir an içində kotostrofik həddə qədər endi, amma daha sonra Qərbin, Bejinski kimi avantüristlərin ciyərini parçalaya-parçalaya da qalxdı və Amerika dollarına çox rahat bir şəkildə dirsək göstərə bildi.
***
Hilları Klintonun qeyri - adi sıçrayışla ortalığa atılmasını kimsə təsadüf sanmasın. Amerika hakmiyyəti etibarını itirib. Obama bütün tərəfdaşları ilə bərabər Putinə uduzub. Baxın, artıq Avropa üsyan edir, Avropa İttifaqının “gülməşəkər sanksiyası” lətifə mövzusuna çevrilib. Bir həftə öncə Yunanıstanın gənc baş naziri az qala Putinə yalvarırdı ki, Avropa mallarına qoyulan embarqo istisna hal kimi öz ölkəsinin üzərindən götürülsün. Amma təbii, bu mümkünsüzdür. Putin həmin o pafos təəsübkeşlərini, Qərbin fitvasına uyub öz ölkə büdcələrini milyard dollarlıq rus idxalından, qazından, sərmayəsindən məhrum edənləri hələ bundan sonra daha amansız şəkildə cəzalandıracaq...Görəcəksiniz!
Hətta artıq İran da dilə gəlib. Razilaşmanı pozur, tələblərini, şərtlərini irəli sürür, ultimatumlarını göndərir. Çünki, “seyid əhməd əli”nin kəramətinə və hiyləgərliyinə bələddir. Eyni zamanda Qərb və Avropa analitiklərinn söylədiklərindən fərqli olaraq razılaşmanın episentrində (hədəfində) neftin deyil, qazın(!) durduğunu da çox gözəl anlayır. Bəli, məqsəd məhz qaz asılılığını Avropa və Asiya üzərindən götürmək, Rusiyaya ediləcək minnətlərin sayını azaltmaq, sürətini səngitməkdır. Amma çıfayda, bunun artıq Putinə bir isti - soyuğu yox...
Üstəgəl, eyni anda həm Qafqaz, həm Ərəb ölkələrinə müdaxilə var. Təbii, yenə də Qərb tərəfdən. Obama bir sahədəki uğursuzluğunu digər zonadakı qələbələri ilə kompensasiya etmək istəyir. Fəqət “Yəmən layihəsi” ilk həftədən fiasko dinamikasındadır. Ermənistan qarışsa da, bu qarışıqlıq kənardan yönləndirilməsi mümkün olan qarışıqlıq deyil. Ölkə xaosa dirənib. Saakaşviliyə son bir ayda 3 milyard sərmayə qoyulub. Nəticə gözlənilir. Və məncə, olacaq bu nəticə. Rusiyaya növbəti sillə yaxın aylarda Ermənistan və Gürcüstan hakimiyyətlərinin devrilməsi ilə vurulacaq. Hər iki ölkədə çevriliş labüddür. Devirəcək onları Amerika. Uzağı iyuna qədər. Amma bu qələbə Ukrayna presidentindən daha artığını vəd eləmir. Daha doğrusu həmin sillə Ukrayna variantında (formatında) Amerikaya qapaz şəklində necə qayıtdısa, eyni şəkildə də Ermənistan və Gürcüstan üzərindən qayıdacaq. İtirən isə xalq olacaq. (Hərçənd münaqişədə olduğumuz Ermənistanın qapısına vurulan hər top bizim hesabımıza yazılır)
Azərbaycanın isə dişlərinə batacaq yem olmadığını artıq anlayıblar. Ortalıqda 2005 təcrübəsi var. Və ya bir zamanar səfir Rino Harniş və mövcud hakimiyyətdəki buqələmunların əli ilə bölgələrdə aparılan sinxron iş planı iflasa uğrayandan sonra Amerikanın bir də belə bir sevdaya düşəcəyinə inananlar indi çox azdır. Amma təhlükə də istisna deyil. Çünki Dağlıq Qarabağla bağlı çıxarılan BMT qətnamələrinə (Qərbin qorxusundan) dəstək verməyə “dux”u çatmayan, üstəlik ikili standartların beşiyi olan Avropa İttifaqının Rusiya ilə bağlı sərglədiyi qərəzli mövqeyə Azərbaycan hakimiyyətinin sərt təpkisi güman ki, Amerika tərəfindən unudulmayıb. ( Aylar öncə Ağ Evdəki brifinqdə İnsan haqlarından danışan Obamanın Azərbaycanın da adını kəkəlləyə-kəkəlləyə çəkməsi əslində Rusiyanın acığı idi). Odur ki, bütün təxribatlara hazır olmaq lazımdır. Ələlxüsus da Avropa Oyunları və Parlament seçkiləri öncəsi...
Amerikanı digər tərəfdən “didən” isə İsrail mafiyasıdır. Hər halda qara dərili vətəndaşın Vaşinqton polisi tərəfindən bu qədər nümayişkəranə şəkildə güllələnməsi və eyni adlı xəbərin mediada fantastik operativliklə tirajlanması təsadüf sayıla bilməz. Bunu İsrailin dövlət içinə yerləşdirdiyi adamlar təşkil etmişdi. Ayrıca, 10 il əvvəl yaransa da uzun müddət fəaliyyətsiz qalan və bu gün yenidən dövriyyəyə girən “Qaralara ölüm” - hərəkatı da birbaşa İsrail lobbisinin provokasiya məqsədilə ortalığa atdığı kamikadze qrupudur. Bunu bütün mənbələr təsdiq edir. Elə ancaq Abramoviçin gizli yollarla bu hərəkata ayırdığı vəsaitin miqdarı milyardlarla ölçülür. Və bu sırada Rusiya vətəndaşı olub, milyarderlərin məşhur yüzlüyündə qərarlaşan yəhudi simaların demək olar hamısı yer alır. Rusiyada isə belə bir lətifə var: “Bütün milyarderlərin bədəninə özlərinin, başına isə Putinin başı kimi baxın. Onlar sadəcə icraçıdır. Hər şey 1 nəfərə addir...”
Odur ki, Rusiyanın illər boyu dəstək verib üzə çıxardığı yəhudi iş adamları belə bir dönəmdə öz “vəfa borc”larını verməyə ya məcburdurlar ya da məhkum...
Türkiyə isə sınmır. “Gəzi Parkı”olayından ta amansız terrorlara qədər irəliləyən estafetdə Qərbin ağır sınağına tuş gələn qardaş ölkə yenə də ayaq üstdədir. Ərdoğanın yaxşı mənada Putindən daha böyük “bəla”olduğunu isə Obama deyəsən hələ bir az gec anlayacaq...