Cəlilabad rayon sakini Nağıyeva Pakizə Hacıağa qızı Aznews.az-a sensasion müraciət ünvanlayıb. Pakizə Nağıyev bildirir ki, 77 yaşı var, 14 uşaq anasıdır, 2 dəfə "Qəhrəman ana" medalı ilə təltif edilib.
Onun sözlərinə görə, polis kapitanı olan oğlu Yaşar Nağıyevə qarşı edilən haqsızlıqlarla bağlı uzun müddətdir daxili işlər naziri Ramil Usubovun qəbuluna düşmək istəsə də, bu, mümkün olmayıb.
“Qəhrəman ana” deyir ki, oğlu hələ sovet dövründən hüquq-mühafizə orqanlarında işləyir və dəfələrlə nümunəvi xidmətinə görə rəhbərlik, o cümlədən nazir Ramil Usubov tərəfindən mükafatlandırılıb.
Amma 2009-cu ildə Cəlilabad rayon polis şöbəsinin cinayət axtarış bölməsinin əməliyyat müvəkkili vəzifəsində çalışarkən üstünü açdığı bir cinayətə görə, bu gün də təzyiq və təqiblərə məruz qalıb: ”Hörmətli Aznews.az Xəbər Agentliyi, sizdən xahiş edirəm mənim səsimi Prezidentə, Mehriban Əliyevaya və Ramil Usubova çatdırasınız. Oğlum Yaşar Nağıyev polis kapitanıdır, Azərbaycan Respublikasının müharibə veteranıdır, 2009-cu ildən bu günə kimi dəfələrlə müraciət etsə də daxili işlər naziri Ramil Usubovun qəbuluna düşə bilmir. Əgər polis əməkdaşı öz hüququnu qoruya bilmirsə, vətəndaşların hüquqlarını necə qoruya bilər? Oğlum hələ rəhmətlik Heydər Əliyev Mərkəzi Komitəyə rəhbərlik edəndə orda polis nəfəri kimi işləyib, dövlətə vicdanla, sədaqətlə xidmət eləmiş adamdır. 2009-cu ildə Cəlilabad rayonunda külli miqdarda narkotikin dövriyyədən çıxarılmasında oğlumun fövqəladə xidməti olub. Belə ki, o, 17 kiloqram narkotiki satmaq istəyən mütəşəkkil dəstəni əməliyyat qrupu yaradaraq tutub istintaqa təhvil verib. Bu, onun şəxsi işində də qeyd olunub. Üstündən qısa müddət keçəndən sonra oğlum Yaşar Nağıyev həmin dəstəyə rəhbərlik edən narkotaciri azadlıqda görüb və bu barədə rayonun o zamankı polis rəisi Rəhim Novruzova məlumat verib. Deyilənlərə görə, həmin adam rəsiə verdiyi 40 min dollar pul müqabilində canını qurtarmışdı. Bunda sonra oğlum Baş Prokurorluğa və digər rəsmi qurumlara müraciət edir v həmin şəxsi tuturlar. İndi o adam həbsdədir və 12 il müddətinə azadlıqdan məhrum edilib. Məhz bu hadisədən sonra onun adamları kimlərlərsə əlbir olub hər şeyi oğlumun əleyhinə dəyişməyə nail oldular”.
Pakizə Nağıyeva deyir ki, həmin hadisədən sonra oğlunu əvvəlcə Biləsuvar rayon polis şöbəsinə keçiriblər. Amma Yaşar Nağıyevin burda da narkotrafikə nəzarət edə bildiyin görüncə, onu və digər əməliyyat müvəkkili İsmayıl Mirzəyevi 2010-cu ildə işdən sərəncamla çıxarıb Şəkiyə “atıblar”.
Şikayətçinin sözlərinə görə, bundan sonra Şəki Polis İdarəsinin rəisinə Yaşar Nağıyevə təzyiqlər göstərilib: “Sonra oğlumu Şəkidən Gəncəyə xidmətə göndərdilər. Gəncədə əvvəlcə ona qarşı münasibət yaxşı olub. Amma sonradan orda da oğluma qarşı təzyiqlər başladı. Bu adamın 52 yaşı var və bu qədər nümunəvi xidmətinə baxmayaraq, hələ də kapitandır. Gəncədə xidmət edəndə oğlumun ailəsini, özünü hədələmişdilər. Hətta qızı qorxudan bir müddət məktəbə getmədi. Oğlum Yaşar Nağıyevin oğlu hazırda Cəlilabadda mühafizə polisində işləyir. Neçə vaxtdır ki, post patrul xidmətinə keçmək istəsə də, imkan vermirlər.
Amma halbuki bir vətəndaş kimi bu onun hüququdur. Çox xahiş edirəm ki, cənab nazir bu məsələləri şəxsən nəzarətə götürsün, görək oğluma niyə zülm edirlər? Görək DİN-də bizim nazirə yazdığımız məktubları, teleqramları boğan şəxs kimidir? İmkan vermirlər nazirlə görüşək. Oğlum və mən nazirin qəbuluna girəndə həmin adam ifşa olunacaq. Xahiş edirik bu məsələni ictimailəşdirin. İnanıram və əminəm ki, nazir bu cür təmiz, özü təltif etdiyi işçisinə qarşı edilən təzyiqlərə göz yummaz. Ramil Usubov rayonlarda o qədər vətəndaşları qəbul edib, bizi niyə qəbul etməsin ki? Deməli, onun bu işdən xəbəri yoxdur. İndi oğlum Salyanda sahə inspektoru vəzifəsində çalışır. Yenə də ona qarşı təzyiqlər başlayıb. Cənab nazir, çox xahiş edirəm oğlumu və ailəmizi bu ədalətsizlikdən qurtarın”.