Qətlə yetirilən Vüsal Şilderin atası mətbuatdan kömək istədi

14-05-2014, 13:03   
Qətlə yetirilən Vüsal Şilderin atası mətbuatdan kömək istədi
“Mən onların adlarının mətbuatda və televiziyada işıqlandırılmasını xahiş edirəm”


Dünən Binəqədi rayon Məhkəməsində ötən ilin 2 mayında “Nəriman Nərimanov” metrostansiyasının çıxışında qətlə yetirilən Azərbaycan əslli alman vətəndaşı Vüsal Şilderin qətlindən 20 gün öncə maşınına narkotik ataraq polis bölməsinə aparıb ANS telekanalında çəkilişini təmin etməklə ləkələmək istəyən dəstənin məhkəmə prosesi davam etdirilib. Vüsalın atası Adolf Şilder məhkəmədə çıxış edərək təqsirləndirilən şəxslər barədə mətbuatda ifşaedici materiallar getməməsindən və jurnalistlərin prosesdə iştirak etməməsindən gileylənib. Moderator.az-a istinadən onun çıxışını təqdim edirik:

“Möhtərəm hakim!
Bu məhkəmə prosesinin gedişatı həddindən artıq uzansa da hələ də mənə aydın olmayan məqamlar və bir çox suallarım cavabsız qaldı. Oğlum Vüsal Şilderin qətlə yetirilməsindən 20 gün əvvəl, ötən ilin 11 aprelində təşkil olunmuş avtoqəza, televiziya çəkilişi, polis bölməsində narkotik tələsi və başqa hallardan məni qane edəcək məhkəmə istintaqı aparılmadı. Mən hələ də tanışlarım və dostlarım arasında, qohum-əqrəba içərisində, getdiyim idman zalında müəmmalı suallarla rastlaşırsam və bu məni çox narahat edir. Həmçinin rəhmətlik oğluma yapışdırlmaq istənilən ləkə üçün bu gün də əzab çəkirik. Mən möhtərəm hakimdən bir daha xahiş edirəm. Bildiyim qədər bu açıq məhkəmə prosesidir. Burada jurnalistlər və reportyorlar iştirak edə bilər. Niyə buna icazə vermirsiniz?Bir zamanlar günahsız durumda olan Vüsalı ictimaiyyətin gözü qarşısında ləkələmək istəyən şəxslər niyə bu gün təqsirləndirilən və günahları sübuta yetirilən şəxsləri cəmiyyətdən gizlədib qoruyurlar? Mən onların dördünün də adlarının, əməllərinin televiziyada və mətbuatda işıqlandırılmasını xahiş edirəm. Qoy Vüsalın və mənim Azərbaycandakı tanıdığımız insanlar görsünlər ki, bu cinayətkarlar tərəfindən övladıma qarşı hansı mənəviyyatsız hərəkət edilib və gənc bir insanı ləkələmək üçün sifarişçilər və icraçılar hansı cinayətlərə əl atıblar.”

Xatırladaq ki, qətlin sifarişçilərinin Binəqədi Rayon Məhkəməsinin sədri Sədrəddin Hacıyev tərəfindən himayə edildiyi barədə məlumatlar yayılıb.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.