Müğənni Röya Ayxan vaxtilə “Space” kanalında Kamran Həsənlinin aparıcılığı ilə yayımlanan “Sizin saat” verilişinin tanınmasında böyük rolu olduğunu deyib.
Axşam.az-ın məlumatına görə, “Əsl şou” proqramında qonaq olan müğənni solo fəaliyyətinə həmin proqrama çıxdıqdan sonra başladığını bildirib:
“W-Trio” ilə olan bütün uşaqlığım bu kanalda keçib. Kamran Həsənlinin “Sizin saat” verilişinə çıxdıqdan sonra tanındım və pul qazanmağa başladım. Çünki hamı ona qədər deyirdi ki, ay kiməsə oxşayır, səsi yoxdur. Həmin veriliş mənim canlı oxuya bildiyimi sübut etdi. Ondan sonra addım-addım böyüdüm”.
Röya tamaşaçı sevgisini itirməkdən qorxduğunu etiraf edib:
“O qədər Allahdan razıyam ki... Ancaq hərdən problemlər yarananda narazılıq edirik. Geriyə baxanda şükür edirəm ki, Allah məni belə tamaşaçı sevgisi ilə yaşadır. Digər tərəfdən isə narazıyam ki, mənim hələ 32 yaşım var və bu məhəbbətin lap yuxarısındayam. Deyirəm, birdən əsəbi vaxtıma düşər, kiməsə nə isə deyərəm və tamaşaçı sevgisi azalar. Stress keçirib əziyyət çəkirəm. Deyirəm görəsən, nə edim ki, bu sevgi dəyişməsin, olduğu kimi qalsın”.
Röya yaradıcılığından da söz açıb:
“Bir mahnını aranjiman etdirmək mənə 15 minə başa gəlir. Çünki bunun üçün bəstəni başqa ölkəyə göndərirəm. Ancaq mahnı nə qədər gözəl alınsa da, ürəkaçan nəticə vermir. Çünki sən həmin ölkənin müğənnisi deyilsən və aranjimançılar səni hiss etmirlər. Bizim musiqi savadımız fərqlidir. Buna görə də, yeni musiqiçilərə ehtiyacımız var. Mən Türkiyəyə, digər ölkələrə aranjimana mahnı yolladıqdan sonra başqaları da ora bəstə göndərməyə başladılar”.