Ömərovun nəvəsinə xərclənən pullarla bağlı SENSASİON AÇIQLAMA

14-05-2014, 13:17   
Ömərovun nəvəsinə xərclənən pullarla bağlı SENSASİON AÇIQLAMA
"O pullara bəlkə də bir Olimpiya Kompleksi tikmək olardı"

Azərbaycanın “Evrovision-2014” mahnı yarışmasında biabırçı məğlubiyyətinin səbəbləri gündəmin əsas müzakirə mövzusuna çevrilib. Bunun səbəbləri barəsində mülahizə yürüdənlər isə burada daha çox İTV-nin səriştəsizliyini əsas səbəb kimi önə çəkirlər.
Belə bir məqamda diqqətlər həm də “Evrovision”da bir-birinin ardınca uğur qazandığımız dövrdə İTV-yə rəhbərlik etmiş İsmayıl Ömərova yönəlir və onun mövqeyini öyrənmək zərurəti yaranır.
AzNews.az-ın əməkdaşının İ. Ömərovdan bu məsələ ilə bağlı fikirlərini öyrənmək cəhdi isə nəticə vermir. O, həmişəki kimi suallardan yayınır və danışmaq istəmədiyini bildirir.

Amma İ. Ömərovun müavini olmuş Çingiz Aslanov israrlı müraciətlərimizdən sonra nəhayət ki, bir neçə sualımızı cavablandırdı və senssasiya yaradacaq fikirlər səsləndirdi:

- Bu ilki “Evrovision” mahnı yarışmasında uğursuzluğun səbəbini nədə görürsünüz? Sizin də təmsil olunduğunuz komandanın dövründə Azərbaycan təmsilçisi qalib olmuşdu, bu qələbəni şərtləndirən əsas amillər hansılar idi?

- Uğursuzluğa şərh verməyimiz doğru deyil. Bu haqda mütəxəssislər rəy versə daha yaxşıdır. Vaxtilə işin içində olmuş şəxs kimi deyə bilərəm ki, qalibiyyəti şərtləndirən əsas cəhətlər - seçimin ədalətli aparılması, mahnının düzgün seçilməsi və iştirakçımızın “Evrovision” ölkələrinin musiqisevər auditoriyası arasında yaxşı tanıdılmasıdır. Bu istiqamətdə işlər aparılanda həmişə uğur qazanılır. Bugünkü uğursuzluqdan isə danışmaq istəmirəm. Görünür, hazırlıq mərhələsində boşluqlar olub.

- Seçimin ədalətli olmasının vacibliyini dediniz. Amma sizin dövrdə baş direktor İsmayıl Ömərovun öz nəvəsini uşaqlar arasında keçirilən “Evrovision” yarışmasına göndərməsi də birmənalı qarşılanmamışdı...

- Onda da seçim tam ədalətli idi. Çünki İTV-nin qısa müddətdə tam formalaşıb uğur qazanması da məhz bu ədalətlilik prinsipinə sədaqətin məntiqi nəticəsi idi. Jurnalistlər İsmayıl Ömərovun nəvəsinin həmin yarışda iştirakı məsələsinə dönə-dönə qayıdırlar. Məcburam bunu deyim. Bəlkə də bu sözlərimə görə, məni ən çox qınayan İsmayıl Ömərov olacaq. Amma çoxları bilir, qoy, musiqisevərlər də bilsin ki, əsasən 10 MDB ölkəsi arasında təşkil olunan uşaq “Evrovision” yarışmasında İsmayıl Ömərovun nəvəsinin qalib gəlməməsi üçün bir oliqarx məmurun xərclədiyi pullara bəlkə də bir Olimpiya Kompleksi tikmək olardı. Әgər bu məsələni jurnalistlər araşdırmaq istəyirsə, Avropa Yayımlar Birliyindən həmin yarışmada Ömər Sultanova komissiyalardan yox, ölkələrdən SMS-lə nə qədər səs verildiyini istəsin, alsın, onda hər şey sizə tam aydın olacaq.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.