Minsk Qrupunun “tabutu”na son mismarlar vurulur - günün manşeti

23-04-2015, 09:15   
Minsk Qrupunun “tabutu”na son mismarlar vurulur - günün manşeti24 aprel İrəvan şousu: istisi olmayacaq, tüstüsü isə kor edə bilər...; Yeni müharibə ehtimalının güclənməsi, Fransa və Rusiyanın saxta erməni soyqırımı məsələsində özlərini “yandırması” Qarabağ vasitəçiliyində təcili rotasiya tələb edir; “üçlüyü” Almaniya və Türkiyə hesabına “beşliyə” çevirmək zamanı çatıb; amerikalı ekspert: “Hazırkı format özünü çoxdan bitirib...”
Saxta erməni “soyqırımı”nın yubiley mərasimi ilə bağlı İrəvana gedəcək prezidentlər bəlli oldu - bunlar Fransa, Rusiya, Serbiya və cənubi Kiprin başçılarıdır. Onların da ikisi Qarabağ probleminin dinc yolla nizamlanması üçün yaradılmış ATƏT-in Minsk Qrupunun həmsədrləridir.

Göründüyü kimi, bu iki vasitəçi ölkənin rəhbəri qondarma yubileylə Türkiyəyə qarşı torpaq və ciddi təzminat davası açmaq istəyən, Azərbaycan ərazilərinin işğalına isə haqq qazandırmağa çalışan ölkəyə - Ermənistana səfər etməklə Qarabağa məsələsində də qərəzli olduqlarını bir daha ortaya qoymuş olurlar.

Zatən, Kremlin mövqeyi çoxdan bəlli idi. Rəsmi Parisin ermənipərəstliyi də yeni deyil. Hərgah, Moskva saxta iddiaların ildönümü ilə bağlı Parislə müqayisədə daha korrekt davrandı, o sırada Rusiyada ermənilərə hər hansı kütləvi aksiya keçirməyə, Moskvada Türkiyə səfirliyi qarşısında mitinq təşkil etməyə imkan verilmədi, hətta erməni icmasının güclü olduğu Soçidə şəhər rəhbərliyi mitinqə qadağa qoydu, şəhərdən “soyqırım”ı andıran plakatlar, lövhələr yığışdırıldı.

Üçüncü həmsədr ölkənin - ABŞ-ın 24 aprel “yubileyi”nə yanaşması daha məqbul sayıla bilər ki, bu da əfsus ki, vasitəçilikdə balans, ədalətli münsiflik yaratmaq baxımından yetərli hesab oluna bilməz. Bəs nə etməli? Cavab sadədir: ya 21 ildir danışıqlarla heç bir uğura imza ata bilməmiş Minsk Qrupu tarixin arxivinə verilməli, ya da onun işini canlandırmaq üçün vasitəçilik institutunda keyfiyyət dəyişikliyi aparılmalıdır. Bu isə Türkiyə və Almaniya həmsədrliyə gətirilməklə (“Beşlik” formatı) mümkündür.

Türkiyəyə erməni tərəfin münasibəti məlumdur - hərçənd Bakının da əlində yeni və təsirli kontur-arqumentlər var. Almaniyanın təmsilçiliyinə isə İrəvanın loyal yanaşması təmin edilə bilər.



Yada salaq ki, Almaniya, onun hökuməti və parlamenti, Qarabağla bağlı dəfələrlə beynəlxalq hüquqa söykənən obyektiv mövqe sərgiləyib, ölkəmizin ərazi bütövlüyünü tanıyıb, İrəvanı özünün işğalçı qüvvələrini Azərbaycan ərazilərindən çıxarmağa çağırıb, Rusiyanı problemin həllini əngəlləməkdə suçlayıb. Prezident İlham Əliyevin son Almaniya səfəri rəsmi Berlinin bu iradəsi kansler Angela Merkel səviyyəsində bir daha ortaya qoyuldu.

Bu yerdə onu da yada salaq ki, aprelin 24-də Bundestaqda (Almaniya parlamenti) 100 illik yubileylə bağlı müzakirəyə çıxarılan sənəd layihəsində “genosid” sözü yer almayıb. Ümid edək ki, rəsmi Berlin “soyqırım” məsələsində bu obyektivliyi və balansı sonadək qoruyub saxlayacaq.



Almaniyanın həmsədrliyə gətirilməsi dövrün impertatividir. Bu ideya (“Beşlik formatı”) indi təkcə Azərbaycanda yox, yavaş-yavaş Qərbdə də dəstək qazanmaqdadır. Həmsədrlik institutunun formatının dəyişdirilməsi ilə bağlı təklifə dəstək bu dəfə ABŞ-dan gəlib. Belə ki, ABŞ-ın Los Anceles şəhərində Loyola Marymount Universitetində Qarabağ münaqişəsinə həsr edilən elmi konfransda Çapman Universitetinin əməkdaşı Ceyms Koyl Minsk Qrupunun fəaliyyətini kəskin tənqid edib, qurum tərəfindən indiyədək görülən işlərin, irəliyə sürülən təkliflərin nəticəsizliyini, fəaliyyətinin real sülhün təmin edilməsi baxımından yarıtmaz olduğunu qeyd edib və Minsk Qrupunun həmsədrlərindən ibarət hazırkı formatın uzun illər ötməsinə baxmayaraq özünü doğrultmadığını vurğulayaraq, qrupa Türkiyə və Almaniyanın da həmsədr kimi daxil edilməsinin vacibliyini bildirib.



Bunu indi həm də Moskvanın və ələlxüsus da Parisin 24 aprel olayları ilə bağlı özlərini “yandırması” diktə edir. Görünür, vəziyyətin fərqindədirlər və bu səbəbdən də 24 aprel törəninə qatılmağın mənfi effektini azaltmaq üçün bu ərəfədə iki paytaxtın - Moskva və Parisin Bakıya ünvanlı bəzi yumşaldıcı jestləri haqda xəbərlər gəlməkdədir.



Biri bəlli - Fransa prezidenti Fransua Olland aprelin 25-də İrəvandan sonra Azərbaycana səfər edəcək. O da bəlli olub ki, 24 apreldə iki ölkənin prezidenti Azərbaycanla münasibətlərin daha da korlanmaması üçün İrəvanda Dağlıq Qarabağın separatçı rejiminin başçısı Bako Saakyanla yan-yana durmaq, birgə görüntülənmək istəməyiblər. Erməni KİV-nin yazdığına görə, artıq Bako Saakyanın aprelin 24-də İrəvana, saxta soyqırımın 100 illiyi ilə bağlı keçiriləcək mərasimə qatılmayacağı təsdiqlənib. Yəni faktiki, separatçı liderə qadağa qoyulub (Bu barədə dünənki sayımızda ətraflı yazmışıq).

* * * * *

Lakin bu kimi reveranslar çətin ki, əsas nəticəyə təsir göstərsin, Minsk Qrupunu hazırkı formatdan xilas eləsin. Fakt budur ki, Fransa və Rusiya Qarabağ məsələsində ermənipərəst mövqedə qalmaqda davam etməklə, 24 aprel şousuna qatılmaqla üçlü həmsədrlik formatının “tabutu”na son mismarlar vurmaqdadır.

Bu acı sonluğu, ən başlıcası, get-gedə güclənməkdə olan müharibə ehtimalını yalnız Ermənistanın ərazilərimizi işğaldan azad etməyə başlaması dəyişə bilərdi. 24 apreldən sonra belə bir prosesin Minsk Qrupunun indiki həmsədrlərinin səyləri ilə başlayacağını düşünmək, yumsaq desək, inandırıcı görünmür. Keşkə yanılaydıq.

Analitik xidməthttp://musavat.com/
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.