Etibar Pirverdiyev aldığı evin pulunu vermir

14-05-2014, 13:22   
Etibar Pirverdiyev aldığı evin pulunu vermir
Azərbaycan vətəndaşı Məmmədov Elburus Adil oğlu “Azərenerji” Açıq Səhmdar Cəmiyyətinin (ASC) sədri Etibar Pirverdiyev tərəfindən aldadıldığını deyir. Belə ki, ona məxsus əmlaka görə ödəniləcək 100 min manat vəsait 4 ildir ödənilmir.
Bunu E.Məmmədovun hüquqi nümayəndəsi Fəqan Nəsibov bizimyol.info-ya müraciətində qeyd edib. Müraciətdə yazılıb: “Elburus Məmmədova məxsus Bakı şəhər, Nərimanov rayonunun Tələt Şıxəliyev küçəsi, ev 174 ünvanında yerləşən 4 mərtəbəli villa 2010-cu ildə Etibar Pirverdiyevə satılıb. Alqı-satqı müqaviləsinə əsasən satan tərəf E.Məmmədov, alan tərəf isə “Azərenerji” ASC-nin sədrinin həyat yoldaşı Pərvanə Pirverdiyeva olub”.
Müraciətdə bildirilir ki, E.Məmmədova məxsus olan villa 2 milyon 300 min manata razılaşdırılıb: “Etibar Pirverdiyev villada olan əşyaları da almaq istədi. Məişət əşyaları 150 min manata qiymətləndirildi. Biz 100 minə razılaşdıq. Ümumi razılaşmaya əsasən villa məişət əşyaları ilə birlikdə 2 milyon 400 min manata qiymətləndirildi. Villa üçün razılaşdığımız məbləğin ödənişi aparıldı. Yəni, mənə 2 milyon 300 min manat vəsait verildi. Etibar Pirverdiyev məişət əşyalarına görə razılaşdığımız məbləği sonra verəcəyinə vəd verdi. Amma 2010-cu ildən bu günə qədər mən “Azərenerji” ASC-nin sədrindən nə pulumu, nə də mənzil əşyalarımı ala bilmirəm”.
Şikayətçi yazır ki, alqı-satqı müqaviləsinə görə, daşınmaz mülkiyyətin qiyməti aşağı məbləğ göstərilib: “Burada məqsəd dövlətə verginin az ödənilməsi idi. Müqaviləyə görə, villanın qiyməti 800 min manat göstərilib”.
Fəqan Nəsibov bildirir ki, alqı-satqı məsələlərində iştirak etmiş Etibar Pirverdiyevin qaynı yalan vədlər verib: “Etibar Pirverdiyevin qaynı Hikmət dəfələrlə Elburus Məmmədova söz verib ki, mənzil əşyalarına görə vəsait ödəniləcək. Ancaq 4 ildir ki, 100 min manat ödənilmir”.
Saytın əməkdaşı telefonla “Azərenerji” ASC-nin sədri Etibar Pirverdiyevin Hikmət adlı qaynı ilə danışmaq istəyib. Amma o bildirib ki, bu barədə danışmaq istəmir.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.