Lavrovun Qarabağ açıqlamasının arxasında nə dayanır?

24-04-2015, 08:50   
Lavrovun Qarabağ açıqlamasının arxasında nə dayanır?
«Məqsəd Türkiyə-Ermənistan münasibətlərini normalaşdırmaq, Kremlin Yerevan qarşısındakı nüfuzunu geri qaytarmaqdır»
Rusiyanın xarici işlər naziri Sergey Lavrovun Türkiyə və Ermənistan arasında yaşananlara dair verdiyi açıqlama, Qarabağ probleminin həllinin də bu münasibətlərdən asılı olmasına eyham vurması maraq doğurur. Xatırladaq ki, Lavrov bir neçə gün əvvəl bəyan edib ki, Rusiya Ankara və Irəvan arasında münasibətlərin normallaşmasına imkan yaradacaq:
“Moskva ona imkan yaradacaq ki, Türkiyə və Ermənistan arasında əməkdaşlığın inkişafı haqqında imzalanan bütün sənədlər icra olunsun. Biz çalışırıq ki, erməni-türk münasibətləri normallaşsın və nəticədə Dağlıq Qarabağ münaqişəsi həllini tapsın. Bununla, həm də Ermənistan-Azərbaycan əlaqələri normallaşacaq. Biz bunun üçün əlimizdən gələni edirik.”
Lavrovun sözlərinə görə, Rusiya bir neçə il əvvəl Ankaranın və Irəvanın təşəbbüsünü - sərhədlərin açılması haqqında sənədlərin imzalanmasını və əməkdaşlığın inkişafı prosesini dəstəklədi. “Təəssüf ki, sənədlər imzalandı, amma icra mərhələsində dayandı. Türkiyə parlamenti sənədi ratifikasiya etmədi. Amma biz fəal çalışacağıq ki, bu, baş tutsun”, deyə Lavrov vurğulayıb.
Lavrovun bu açıqlamasının nəyə xidmət etdiyi maraq doğurur? Rusiya bununla nəyə nail olmaq istəyir?

Politoloq Vəfa Quluzadə bildirdi ki, Lavrovun açıqlaması onun növbəti ağ yalanıdır. Rusiyanın vaxtilə Krımı işğal etməyəcəyi ilə də bağlı bəyanat verməsini xatırladan V.Quluzadə bildirdi ki, tarix həmin bəyanatın yalan olduğunu ortaya qoydu: “Daha sonra nə baş verdi? Putin etiraf etdi ki, məhz rus əsgərləri Krımın birləşdirilməsində iştirak edib və onlar mükafatlandırılıblar. Ona görə Lavrovun sözünə inanmağa dəyməz. Rusiya Qarabağ məsələsini yaradıb, Azərbaycan torpaqlarının işğalında bilavasitə iştirak edib”.
Lavrovun son bəyanatına gəlincə, V.Quluzadə hesab edir ki, bu açıqlamaların məqsədi Türkiyə ilə Ermənistanın münasibətlərini normallaşdırmaqdır. Rusiya bununla Ermənistanla bağlı itirilən nüfuzunu geri qaytarmaq istəyir: “Amma Türkiyə sərhədlərin ele-belə açılmasını istəmir. Bunun üçün Ermənistan öz iddialarından imtina etməlidir. Əgər Ermənistan müstəqil dövlətdirsə, Rusiya bu dövlətin xarici siyasətinə niyə müdaxilə edir? Türkiyə ili Ermənistan məgər Rusiyasız danışa bilməz. Bu, Ermənistanın müstəqil olmadığına işarədir”.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.