2014-cü il aprelin 1-i vəziyyətinə ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin sayı 1510,4 min nəfər olub, onlardan 900,7 min nəfəri iqtisadiyyatın dövlət bölməsində, 609,7 min nəfəri isə qeyri-dövlət bölməsində fəaliyyət göstərib.
Dövlət Statistika Komitəsindən Bugun.az-a verilən məlumata görə, muzdla işləyənlərin 22,4 faizi təhsildə, 18,7 faizi ticarət, nəqliyyat vasitələrinin təmiri sahəsində, 12,9 faizi sənayedə, 8,6 faizi əhaliyə səhiyyə və sosial xidmətlərin göstərilməsində, 7,0 faizi tikintidə, 5,1 faizi nəqliyyat və anbar təsərrüfatında, 3,6 faizi peşə, elmi və texniki fəaliyyət sahəsində, 2,9 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq sahəsində, 1,7 faizi informasiya və rabitə sahəsində və 17,1 faizi iqtisadiyyatın digər sahələrində məşğul olublar.
2014-cü ilin yanvar-mart aylarında ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı 434,3 manat olub.
Bundan əlavə, DSK 2014-cü ilin I rübündə nəqliyyat, informasiya və rabitə müəssisələrində işçilərin sayı və orta aylıq əməkhaqqı barədə məlumat verib.
Məlumata görə, nəqliyyat müəssisələrində işləyən 75,1 min muzdlu işçinin 72,4 faizi dövlət müəssisələrində, 27,6 faizi özəl bölmədə çalışıb. İşçilərin 51,9 faizi yerüstü və boru kəməri, 12,2 faizi su, 15,7 faizi hava nəqliyyatı, 20,2 faizi isə köməkçi və əlavə nəqliyyat fəaliyyəti göstərən müəssisələrdə işləyib.
2013-cü ilin yanvar-mart ayları ilə müqayisədə nəqliyyatçıların orta aylıq əməkhaqqı 2,1 faiz artaraq 532,3 manat olub, bu göstərici hava nəqliyyatında 782,5 manat, dəniz nəqliyyatında 707,9 manat, metro nəqliyyatında 606,0 manat, avtomobil nəqliyyatında 530,4 manat, dəmir yolu nəqliyyatında isə 242,3 manat təşkil edib.
Əməkhaqqı metro nəqliyyatında 14,9 faiz, avtomobil nəqliyyatında 8,1 faiz, dəniz nəqliyyatında isə 5,2 faiz artıb.
İnformasiya və rabitə müəssisələrində işləyənlərin sayı 27,0 min nəfər, bir işçinin orta aylıq əməkhaqqı isə 8,4 faiz artaraq 694,7 manat olub.