Moskva Azərbaycanı və daha 5 ölkəni hədələdi: “Reaksiyamız çox sərt olacaq”

24-04-2015, 17:41   
Moskva Azərbaycanı və daha 5 ölkəni hədələdi: “Reaksiyamız çox sərt olacaq”
Rəsmi Moskva gələn ay Latviyanın paytaxtı Riqada keçiriləcək “Şərq tərəfdaşlığı” sammitinə qatılmaq istəyən ölkələri hədələyib.

Virtualaz.org saytı“İnterfaks”a istinadən xəbər verir ki, Rusiya XİN-in rəsmi nümayəndəsi Aleksandr Lukaşeviç belə bəyanatla çıxış edib.

Aleksandr Lukaşeviç bildirib ki, Moskva “Şərq tərəfdaşlığı”nın may ayında Riqada keçiriləcək sammitini anti-Rusiya aktı hesab edir və buna “kifayət qədər sərt, prinsipial” reaksiya verəcək.

Riqa sammitinə Avropa İttifaqının “Şərq tərəfdaşlığı” təşəbbüsünə qoşulan Azərbaycan, Ukrayna, Moldova, Gürcüstan və Ermənistan prezidentləri dəvət olunub. Belarus prezidentinin də sammitə dəvət alacağı gözlənilir.

Diplomat əlavə edib ki, rəsmi Moskva sammitə “olduqca mənfi” yanaşır, bununla belə Rusiya XİN sammitin gedişini izləyəcək.



“Lakin artıq aydındır ki, bizim mövqeyimiz kifayət qədər sərt və prinsipial olacaq. Çünki biz görürük ki, bu tərəfdaşlıq hara gedir və bu proqramın iştirakçılarının, hər şeydən əvvəl Avropa İttifaqının mövqeləri nəzərə alınmaqla kənardan hansı çalarlar kəsb edir”- deyə Lukaşeviç bildirib.

“Şərq tərəfdaşlığı” proqramına əsasən bu təşəbbüsüə daxil olan keçmiş sovet respublikaları islahatlar aparmaqla Avropa İttifaqı ilə inteqrasiya əlaqələrini inkişaf etdirə biləcəklər. Moskva bu təşəbbüsə əvvəldən mənfi yanaşır, lakin reaksiyası heç vaxt indiki kimi sərt olmamışdı. Rusiya XİN-in bəyanatı təşəbbüsüə qoşulan ölkələrə faktiki olaraq xəbərdarlıqdır və Riqa sammitini pozmağa hesablanıb.

Ukraynanı parçalayan müharibənin baiskarı da məhz “Şərq tərəfdaşlığı” proqramı oldu. Ukrayna prezidenti Viktor Yanukoviç Rusiyanın təzyiqləri qarşısında bu proqram çərçivəsində Avropa İttifaqı ilə Assosiasiya sazişini imzalamağı təxirə salmalı olanda dərhal Kiyevdə qərbpərəstlər küçələrə çıxdı və Yanukoviç Brüsselin, Vaşinqtonun yaxın dəstəyi ilə bir neçə ay sonra devrildi.

Rusiya isə buna məlum hadisələrlə - Krımın ilhaqı və Donbasda separatçılığı qızışdırmaqla reaksiya verdi.



Hələlik Assosiasiya sazişini ancaq Gürcüstan və Moldova imzalayıb. Və son məlumatlara görə, Rusiya Moldovada Avropa tərəfdarlarının mövqelərini xeyli zəiflədib və bu kasıb ölkəyə qarşı hibrid müharibə taktikasının bir neçə elementindən istifadə edir.

Azərbaycana gəldikdə isə rəsmi Bakı “Şərq tərəfdaşlığı” təşəbbüsünə dair əvvəldən öz mövqeyini formalaşdırıb. Azərbaycan Avropa İttifaqı ilə Assosiasiya sazişində maraqlı deyil, ancaq ikitərəfli üstün tərəfdaşlıq modelini təklif edir.

Şübhəsiz ki, bu mövqeyin də Rusiyanın xoşuna gəldiyini demək olmaz. İndi rəsmi Moskvanın Riqa sammitinə qarşı bu cür sərt bəyanatından sonra Azərbaycanın sammitdə yüksək səviyyədə iştirakının baş tutub-tutmayacağını gözləmək lazımdır. Çünki Azərbaycan Rusiya ilə ikitərəfli münasibətlərini hansısa avantürist inteqrasiya təşəbbüslərinə görə gərginləşdirmək niyyətində deyil.

Digər tərəfdən, Azərbaycanın Avropa İttifaqı ilə strateji enerji əməkdaşlığı var. Azərbaycan Avropa üçün hazırda yeganə alternativ qaz təchizatçısı statusundadır. Bu baxımdan Azərbaycan rəhbərliyinin sammitə qatılması üçün xeyli səbəblər var.

Sammit mayın 21-də və 22-də keçiriləcək. Avropa İttifaqının rəsmiləri mart ayında bildiriblər ki, sammitə təşəbbüsə qoşulan 6 ölkə, o cümlədən Belarus dəvət olunacaq. Ancaq Belarusa dəvətin kimin adına göndəriləcəyinə hələ qərar verilməyib. Sammit ərəfəsində -aprelin 15-də Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Riqaya rəsmi səfər edib, bu ölkə prezidenti, xarici işlər naziri və digər rəsmilərlə danışıqlar aparıb.

Prezident Andris Berzinş E.Məmmədyarovla görüşündə “Şərq Tərəfdaşlığı” təşəbbüsü çərçivəsində mayın 21-22-də Riqada keçiriləcək zirvə toplantısında Azərbaycanın ən yüksək səviyyədə təmsil olunacağına ümidvar olduğunu ifadə edib.

Latviya Seyminin spikeri İnara Murniyetse də Məmmədyarovla görüşündə ümidvar olduğunu bildirib ki, mayın 21-22-də Riqada keçiriləcək “Şərq tərəfdaşlığı” sammitində Azərbaycan ən yüksək səviyyədə təmsil olunacaq.

Virtualaz.org
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.