Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Çanaqqala zəfərinin 100 illiyini məhz aprelin 24-də keçiriləcəyi xəbərini azərbaycanlı həmkarı İlham Əliyevlə yanvarın 15-də Ankarada keçirdiyi görüşdə bildirmişdi.
Ərdoğanın bu addımı erməni lobbisini və Ermənistanı şoka saldı. Çünki onlar illərdir ki, “erməni soyqırımı”nın 100 illiyinə hazırlaşırdılar. Ərdoğanın bu qəfil açıqlaması isə onların planlarını pozmaq gücündə idi.
Ankara Çanaqqala zəfərinin 100 illiyinə çox ciddi hazırlaşmışdı. Türkiyə göstərməli idi ki, ermənilərin hay-küyü fonunda Çanaqqala zəfəri dünya tarixində iz buraxmış ciddi hadisədir. Məncə, qardaş dövlət buna nail oldu.
Çanaqqalaya çatmaq üçün gəmi ilə dənizin bir hissəsindən o biri hissəsinə keçərkən öz aləmimdə 1915-cu ilin döyüş səhnələrini təsəvvür etməyə çalışdım. Çox böyük bir sahil ərazisidir və Mehmetciyin bu böyüklükdə sahili qorumaq üçün düşmən ordularına necə sinə gəldiyinə valeh oldum.
Çanaqqala şəhərində Avstraliya və Yeni Zelandiyadan gələn minlərlər yaşlı və gənc nəslin nümayəndələrini gördüm. Onlar bu döyüşlərdə həlak olan babalarını anmaq üçün hər ilə Çanaqqalaya gəlirlər. Türkiyə dövləti onlara hər cür şərait yaradıb ki, keçmişdə düşmən kimi Türkiyəni işğal etmək istəyənlərin nəsli qardaş dövlətdə özlərini rahat hiss etsin. Bu da Türkiyə dövlətinin və cəmiyyətinin böyüklüyüdür.
Onlardan biri ilə söhbət etdim. Dedi ki, babası Çanaqqala savaşında ölüb və hər il bu yerlərə gəlib gecələyir ki, babasının ruhunu hiss edə bilsin.
Ərdoğan Çanaqqaladakı tədbirdən bir gün əvvəl İstanbulda keçirilən “barış konfransında” beynəlxalq aləmə ciddi mesajlar verdi. Ərdoğanın beynəlxalq aləmə birinci mesajı bundan ibarət idi ki, türklərin ermənilərə nifrəti olsaydı, Ermənistanın 40 min vətəndaşının Türkiyədə qeyri-qanuni çalışmasına göz yummazdı.
Həqiqətən də Türkiyəni “soyqırımda” ittiham edən hansı Avropa Birliyi ölkəsində Ermənistanın bu qədər vətəndaşı qeyri-leqal çalışa bilər?
Ərdoğan çıxışında 1915-ci ilin hərbi arxivlərini də açmağa hazır olduğunu vurğuladı ki, bu da Türkiyənin tarixindən qorxmadığını və nəyisə gizlətmək niyyətinin olmadığını sübut etdi.
Bu, erməni lobbisi ilə mübarizədə Ankaranın mövqelərini gücləndirdi. Beynəlxalq aləm Ərdoğanın bu təkliflərini qulaqardına vura bilməz. Ankaranın bundan sonrakı addımı tarixin araşdırılması ilə bağlı prosesləri intensivləşdirməkdən ibarət olmalıdır.
Ərdoğanın çıxışında Ukraynadakı hadisələr üzərində xüsusi dayanması da diqqətimi çəkdi. Onun Krımın işğalını tanımadığını və Donetsk və Luqansk vilayətlərindəki separatizmi pisləməsi yerində idi.
Əslində bu, Ərdoğanın Rusiya prezidenti Vladimir Putinə ciddi mesajı idi. Mənə elə gəlir ki, Putin İrəvana getməsəydi, Ərdoğan Krım, Donetsk və Luqansk mövzularının üzərində xüsusi dayanmayacaqdı.
Bütün hallarda erməni lobbisi “soyqırımının 100 illiyi” ilə bağlı planlaşdırdığını əldə etmədi. Vatikan və Avropa Parlamenti keçmiş illərdə “erməni soyqırımı”nı tanıdıqları halda yenidən bu mövzuya qayıtdılar və bir-iki ölkənin parlamenti “soyqırımı”nı tanıdı. Vəssalam.
Bu “tanınmaların” hüquqi qüvvəsi yoxdur. İrəvandakı tədbir sönük keçdi. Rusiya və Fransa prezidentləri borclarını verirmiş kimi İrəvandan dərhal başqa işlərinin dallarınca getdilər.
Rusiyanın bəzi şəhərlərində ermənilərin yürüş və toplantılarına icazə verilməməsi də ermənilərə pis təsir etdi.
Ərdoğan Çanaqqaladakı mərasimin məhz 24 apreldə keçirməklə iki məqsəd güdürdü. Türkiyə prezidentinin birinci məqsədi dünya liderlərini aprelin 24-də seçim qarşısında qoymaqla onları İrəvana səfərdən yayındırmaq idi. İkinci məqsədi isə İrəvandakı “soyqırımı” tədbirinin Çanaqqaladakı tədbirin kölgəsində qalmasını təmin etmək idi.
Fikrimcə, Ərdoğan hər iki məqsədinə nail oldu. Ərdoğanın və baş nazir Əhməd Davudoğlunun 1915-ci il olayları barədəki açıqlamaları erməni lobbisinin fəaliyyətini neytrallaşdıqmaq məqsədi daşıyırdı. Ərdoğan dedi ki, qurbanlar olub, ancaq bu, “soyqırımı” deyil, sayı şişitrməyin, bir də I dünya müharibəsində ölən digər millətlərin nümayəndələrini də xatırlayın.
Bu mesajı beynəlxalq aləmdə qəbul edən də var, qəbul etməyən də. İkili standart burada da öz rolunu oynayır. Erməni təəssübkeşliyinə Türkiyədə rast gəlmək mümkündür. İstanbulda bəzi solçular və özünü “liberal intellektuallar” adlandıranlar dolayısı ilə “erməni soyqırımı”nın qəbul olunması gərəkliyinə işarə edir.
Əslində onlar bununla Ərdoğanın çalışmalarını zədələyir. Əlbəttə, fikir plüralizmi olmalıdır, ancaq ermənilərin üzləşdiyi “acılardan” danışıb erməni çetelərin, Andranik və Dronun türklərə qarşı etdikləri vəhşiliklərdən danışmamaq da ikili standartdır.
Mən həmin intellektuallardan hələ bir dəfə Xocalı soyqırımı barədə fikir və açıqlama eşitməmişəm. Bu da ermənipərəstliyin nümunəsidir.
Azərbaycan erməni lobbisi ilə mübarizədə öz sözünü deməlidir. “Soyqırımı”nı tanıyan ölkələrə mesajımız bundan ibarət olmalıdır ki, siz erməniləri məzlum xalq kimi göstərməklə Azərbaycan torpaqlarının işğalına haqq qazandırırsınız.
Əlbəttə, bu, o demək deyil ki, həmin dövlətlərlə münasibətlərdə gərginliyə getməliyik. Ancaq Vatikanın bəzi humanitar layihələrinə maliyyə ayırmağımıza rəğmən, Roma papası “XX əsrdə ilk soyqırımı ermənilərə qarşı həyata keçirilib” deyirsə, deməli, o, nə torpaqlarımızın ermənilər tərəfindən işğalını, nə də Xocalı faciəsini diqqətə almır.
Və ya Serbiyaya aşağı faizlə kredit vermişik, ağır günündə əl tutmuşuq. Bu ölkənin prezidenti isə “soyqırımı” tədbirinə gedir. Deməli, o da bu siyasətində Azərbaycan amilini nəzərə almır. Onun bu addımı Türkiyə ilə yanaşı Azərbaycanı da qıcıqlandırıb...
Elxan Şahinoğlu, Türkiyə, Çanaqqala
Xüsusi olaraq virtualaz.org üçün