Azərbaycan yenə iki od arasında - “nə etməli...”

27-04-2015, 07:35   
Azərbaycan yenə iki od arasında - “nə etməli...”

Rusiyanın “ikinci Ukrayna” hədəsi; ABŞ Dövlət Departamentinin bəyanatlarına dərhal kəskin reaksiya göstərən rəsmi Bakı üç gündür Kremlin hədəsinə cavab vermir...
Avropa Birliyinin mayın 21 və 22-də Riqada keçiriləcək “Şərq tərəfdaşlığı” sammiti yaxınlaşdıqca, Azərbaycana həm Qərbdən, həm də Rusiyadan təzyiqlərin artacağı gözlənilən idi. Ötən həftəsonu “birinci bomba”nı Rusiya partladıb. Rusiya XİN-in rəsmi nümayəndəsi Aleksandr Lukaşeviç bildirib ki, Moskva “Şərq tərəfdaşlığı”nın may ayında Riqada keçiriləcək sammitini anti-Rusiya aktı hesab edir və buna “kifayət qədər sərt, prinsipial” reaksiya verəcək.

Diplomat əlavə edib ki, rəsmi Moskva sammitə “olduqca mənfi” yanaşır. “Aydındır ki, bizim mövqeyimiz kifayət qədər sərt və prinsipial olacaq. Çünki biz görürük ki, bu tərəfdaşlıq hara gedir və bu proqramın iştirakçılarının, hər şeydən əvvəl Avropa İttifaqının mövqeləri nəzərə alınmaqla kənardan hansı çalarlar kəsb edir”,- deyə Lukaşeviç bildirib.

Rusiyanın “Şərq tərəfdaşlığı” proqramına münasibəti çoxdan məlumdur. 2013-cü ilin noyabr ayının sonunda Vilnüsdə keçirilən sammitdə Ukraynanın yaxasından bərk yapışan Rusiya tədbiri pozmaq üçün o vaxtkı prezident Viktor Yanukoviçə ciddi təzyiq etdi və Avropa liderlərinin səylərinə baxmayaraq, rəsmi Kiyev assosiativ üzv sazişinə qoşulmadı. Kiyevdə Avrointeqrasiya tərəfdarlarının “Maydan” hərəkatı Yanukoviçin hakimiyyətdən getməsi və Ukraynanın assosiativ sazişə qoşulması ilə nəticələndi. Amma Rusiyanın intiqamı ağır oldu: Krım ilhaq edildi, ölkənin şərq vilayətləri isə de-fakto Kiyevin nəzarətindən çıxarıldı, ölkə üzücü müharibədə zəiflədildi. İndi isə vəziyyət fərqli olsa da, Rusiya ilk dəfədir ki, “Şərq tərəfdaşlığı” proqramına qoşulan ölkələri bu cür açıq mətnlə hədələyir.

Ukrayna Avropa Birliyinə qovuşmaq üçün iqtisadiyyatını dirçəltməli, konstitusiya islahatları aparmalıdır. Ölkənin Krımdan da daha ciddi problemi Donbasın Kiyevin nəzarətinə qaytarılmasıdır. Yəni Ukrayna Rusiyadan qopsa da, Avropaya yolu da uzundur. Ermənistan isə Rusiyanın vassallığını tam qəbul edib və Avrasiya Birliyinə qoşulduqdan sonra Avropa Birliyi ilə geniş əməkdaşlığının yollarını bağlayıb. Gürcüstan da assosiativ üzvlüyə qol çəksə də, indilikdə yalnız Şengen vizasına ümid edə bilər.



Saakaşvilinin hakimiyyətdən getməsindən sonra Gürcüstanda Avropa ilə münasibətlərdə xüsusi irəliləyişlər nəzərə çarpmır. Moldova da assosiativ üzv kimi Avropa Birliyi ilə əməkdaşlığı davam etdirir, amma Rusiya istənilən gün burada dondurulmuş münaqişələri qızışdıra bilər. Belarusun “Şərq tərəfdaşlığı” proqramına dəvət edilməsi Aleksandr Lukaşenkonun özünü Avropada dışlandığını hiss etməməsi üçündür və formal xarakter daşıyır. Nəhayət, Azərbaycan da Qərbin sanksiyalarından zəifləyən, amma ayaq üstə durmağa nail olan “yaralı Rusiyanı” qıcıqlandırmamaq üçün Avropa Birliyi ilə yalnız ikitərəfli əməkdaşlıqda israr edir... Bəs, Rusiya niyə məhz indi bu cür aqresivləşib?

Son illər Avropa Birliyi Azərbaycanla qaz nəqli sahəsində əməkdaşlığa ciddi önəm verir. Avropanı Rusiya qazının asılılığından qismən də olsa xilas edəcək TANAP layihəsinə Avropa Birliyi ciddi dəstək verir. Bu günlərdə isə Avropa Birliyinin energetika məsələləri üzrə vitse-prezidenti Maroş Şevçoviç Rusiyanın əngəllədiyi “Transxəzər” qaz kəmərini yenidən gündəmə gətirməklə Kremlin yuxusunu qaçırıb.



Söhbət Xəzərin dibindən çəkiləcək kəmərlə Türkmənistanın nəhəng qaz ehtiyatlarının bir hissəsinin Azərbaycan, Gürcüstan və Türkiyə üzərindən Avropaya nəqli planlarından gedir. Şevçoviç deyib ki, 2011-ci ildən AB-nin “Transxəzər” qaz kəmərinin çəkilməsinə dair Türkmənistanla və Azərbaycanla imzalanmış memorandum çərçivəsində danışıqlar aparmaq mandatı var: “Biz indi Azərbaycana və Türkmənistana bu memorandumu yeniləməyi təklif etmişik, cavab gözləyirik və danışıqların necə gedəcəyinə baxacağıq. Biz bilirik ki, regionda çox böyük mineral ehtiyatları var”, - deyə Şevçoviç bildirib.

Ekspertlərin iddiasına görə, Avropa Birliyinin Azərbaycana və Türkmənistana “Transxəzər” qaz kəmərinə dair anlaşma memorandumunu yeniləmək təklifi olduqca risklidir və rəsmi Bakı bu rolu üzərinə götürməklə Kremli daha da qəzəbləndirə bilər.



Rusiyanın təzyiqləri barədə xarici işlər naziri Elmar Məmmədyarov “Şərq tərəfdaşlığı”nda iştirak edən ölkələrin xarici işlər nazirlərinin aprelin 20-də Brüsseldə keçirilən toplantısında da dolayısı ilə etiraf etmişdi. Vilnüs sammitindən sonrakı hadisələri təəssüflə xatırlayan nazir, rəsmi Kiyevi cidd-cəhdlə öz tərəfinə çəkmək üçün “Maydan” hərəkatına dəstək verən Avropa Birliyinin Ukraynanı qoruya bilmədiyinə də açıq eyham vurmuşdu. Prezidentin köməkçisi, Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov bu yaxınlarda Azərbaycan uğrunda böyük güclərin savaşından danışarkən Ukraynanın adını çəkib. Ə. Həsənov deyib ki, Azərbaycan Cənubi Qafqazda Qara dəniz hövzəsində Ukraynanın oynadığı rolu oynayır: “Bu gün Ukrayna uğrunda beynəlxalq güclər necə mübarizə aparırsa, Cənubi Qafqazda öz geosiyasi, geoiqtisadi və hər geostrateji maraqlarını təmin etmək üçün də Azərbaycan uğrunda mübarizə gedir”,- deyə PA rəsmisi bildirmişdi. ABŞ Dövlət Departamentinin bəyanatlarına dərhal “siyasətimizə kimsə qarışa bilməz” kimi kəskin reaksiya verən rəsmi Bakı üç gündür ki, Rusiyanın bu hədəsinə cavab vermir.



Beləliklə, Azərbaycan rəsmilərinin son günlərdəki bəyanatları onu göstərir ki, rəsmi Bakı Riqa sammiti ərəfəsi çarpaz atəş altındadır. Bu situasiya Vilnüs sammiti ərəfəsi Ukrayna uğrunda mübarizəni xatırladır və rəsmi Bakının bəyanatlarında da bu, açıq görünür. Düzdür, Qərb Bakıda avrointeqrasiya tərəfdarları olan demokratik düşərgəyə dəstək vermir, Avropa Birliyinin bayraqları yalnız Milli Şuranın mitinqlərində gözə dəyir. Azərbaycan iqtidarı da Avropa Birliyi ilə əvvəlki əməkdaşlıq modelində israrlıdır.

Mümkündür ki, Avropa Oyunlarına hazırlıq səbəbindən Riqa sammitində Azərbaycan prezident deyil, baş nazir səviyyəsində təmsil olunsun. Amma onu da unutmayaq ki, iqtidar Avropa Oyunlarının yüksək səviyyədə keçirilməsi üçün “qoca qitə” liderlərinin açılış mərasimində iştirakını arzulayır. Riqa “Bakı-2015" üçün həm də baş məşq də hesab oluna bilər...

Xəbər xidməti//musavat.com/
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.