Xalq artisti İlhamə Quliyeva ölkə.az-da dərc olunan və mediada geniş yayılan müsahibəsində Nazpəri Dostəliyeva ilə qalmaqalına aydınlıq gətirərkən, ümumilikdə mərəzəlilərin ünvanına təhqiramiz ifadələr işlədib.
Axar.az xəbər verir ki, “Bəs, Nazpəri Dostəliyevanın hazırda sizə nə qədər borcu var?” sualına İlhamə xanımın cavabı belə olub:
- Mərəzəli Nazpəri? Yalandan deyir ki, şamaxılıyam, amma mərəzəlidir, dilənçilik edir. Mənim onun beş-üç qəpiyinə ehtiyacım yoxdur. Nazpərinin mənə 15 min borcu qalıb. Həmin məbləği gözləyən yetim-yesirlər var.
Qeyd edək ki, Nazpəri Dostəliyeva həqiqətən də mərəzəlidir, Qobustan rayonunun Ərəbşahverdi kəndindəndir. Mərəzəliliyi vurğulanmaqla Nazpəri Dostəliyevanın dilənçi olduğunu demək, əslində, bu ərazidə yaşayan əhalini təhqir edilməsidir.
Mərkəzi Mərəzə qəsəbəsi olan Qobustan rayonunda hazırda 28 kənd var və ərazidə 37 min əhali yaşayır. Azərbaycanın ən qədim yaşayış məskənlərindən sayılan Qobustan ərazisinin hazırda böyük hissəsini əhatə edən bu rayonun mərkəzi Mərəzə qəsəbəsində bir çox tarixi abidələr yerləşir.
Mərəzə adı və Diri Baba türbəsi - Şeyx Çələbinin “Səyahətnamə”sində xüsusi vurğulanır və hələ 16-cı əsrdə qədim yaşayış məskəni olaraq göstərilir.
Mərəzə qəsəbəsinin özündə uzun illər Çar Rusiyası dövründə bura sürgün olunan və “malakan” adlananlar yaşayıb. Müstəqillik dövründə Mərəzədə azərbaycanlılar məskunlaşıb.
Uzun müddət Şamaxı inzibati rayonunun tərkibində yerləşib. Hazırda bu rayonun 3 xalq artisti var – Alim Qasımov, Zabit Nəbizadə və Nazpəri Dostəliyeva. Zabit Nəbizadənin kəndi inzibati-ərazi vahidi olaraq Qobustan rayonunda yerləşsə də, o, mərəzəli deyil, Alim Qasımov və Nazpəri Dostəliyeva isə mərəzəlidirlər.
Hazırda bu rayonun ərazisinə düşən bir kənd istisna olmaqla, qalan bütün kəndlər və əhali mərəzəli hesab olunur.
Beləliklə, İlhamə Quliyeva eyni titulu daşıdığı Alim Qasımov da daxil olmaqla, 37 min azərbaycanlını təhqir edib.