Moskva-Ankara: tərəfdaşlıqdan mehriban düşmənçiliyə?

29-04-2015, 09:29   
Moskva-Ankara: tərəfdaşlıqdan mehriban düşmənçiliyə?
Qərbin sanksiyalarından Rusiya 160 milyard itirib; bu rəqəm Türkiyəni itirmək hesabına azı, iki dəfə böyüyə bilər; rusiyalı ekspert: “Putin iki seçim qarşısında qalıb...”

Saxta erməni soyqırımı ilə bağlı bir çox Qərb dövlətlərinin, həmçinin Avropa Parlamentinin, Roma papasının məlum açıqlamaları Türkiyəni az qala Rusiyanın uzunmüddətli müttəfiqinə çevirəcəkdi. Ancaq prezident Vladimir Putinin qəfildən İrəvana səfər qərarı verməsi, üstəlik, orada çıxış edərək faktiki, Osmanlı Türkiyəsini suçlaması, təxminən eyni vaxtda isə ABŞ prezidenti Barak Obamanın tam əks mövqe sərgiləyərək Ankaranı incidəcək heç bir addım atmaması bu prosesi tormozladı.

Belə təəssürat yarandı ki, Putin oturduğu budağı öz əli ilə baltalamağa çalışır. Görəsən, İrəvan səfəri Rusiyaya hansı əvəzolunmaz siyasi dividenti qazandırdı ki, Kreml başçısı son anda belə bir addım atdı? Ermənistana tutaq ki, baş nazir Dmitri Medvedyev göndərilsəydi, nə dəyişəcəkdi ki? Erməni üsyanmı qaldıracaq, yoxsa Gümrüdəki rus hərbi bazasını ölkə ərazisindən çıxaracaqdı?

Əlbəttə, yox. Hazırda bu cırtdan, fəqət, müstəsna olaraq Rusiyanın hesabına dövlət atributlarını saxlayan, Moskva ilə 50 illiyə “sigəlik” sazişi bağlamış işğalçı ölkə öz ağasından o dərəcədə asılı durumdadır ki, aprelin 24-də İrəvana Vladimir Jirinovski də göndərilsəydi, səsini çıxara bilməzdi. Əks halda, bədəli çox ağır olardı - təxminən Dağlıq Qarabağın itirilməsi boyda.

Bəs son ana qədər tərəddüd edən Putini səfər qərarı verməyə nə vadar edib? Doğrudanmı Kreml başçısı bu addımın Türkiyədə sakit qarşılanacağını düşünüb? Yəni bir növ Ankaranın neytrallığı sarıdan əmin-arxayın olub?

Hər necə olmasa, bu jest regionda Kremlin ən etibarlı müttəfiqinin kim olduğuna tam aydınlıq gətirdi. Bu, forpost Ermənistandı. Politoloq Vəfa Quluzadənin haqlı vurğuladığı kimi, bununla Moskva mesaj verdi ki, fors-major vəziyyətlərdə o, seçimini məhz Ermənistanın xeyrinə edəcək - əgər təbii ki, Ermənistan nala-mıxa vurmasa, Qərbə sarı boylanmasa...
Bu Azərbaycana da mesajdır.



Yəqin ki, rəsmi Bakı bundan sonra Kremlə münasibətlərdə bir qədər də ehtiyatlı, bir qədər də ölçülü-biçili və məsafəli siyasət yürütməyə çalışacaq. Onu da unutmaq olmaz ki, Fransa prezidenti Fransua Olland Azərbaycanın könlünü almaq üçün İrəvandan birbaşa Bakıya gəldi, gecəni İrəvanda yox, Bakıda keçirdi. Putin isə Azərbaycana və Türkiyəyə qarşı belə sayğı gedişinə lüzum görmədi - İrəvandan birbaşa Moskvaya döndü.

Odur ki, əsas sual öz aktuallığını yenə saxlayır ki, Putin niyə belə gediş edib? Ona belə bir nəticə - Türkiyə XİN-in, baş nazirinin və prezident Ərdoğanın sərt bəyanatları lazım idimi? Axı sanksiyalar altında əziyyət çəkən Rusiya üçün Türkiyənin iqtisadi-ticari, energetik dəyəri çox böyükdür. “Türk axını”, Türkiyədə dəyəri on milyard dollarla ölçülən AES-lərin inşa layihələri Ankaradan qat-qat çox, hər halda Kremlə lazımdır - həm də Qərbə blokadaya düşmədiyini nümayiş etdirməkdən ötrü.




Putin Qərbin sanksiyalarından Rusiyanın 160 milyard itirdiyini deyir. Heç şübhəsiz, bu rəqəm Türkiyəni itirmək hesabına iki dəfə böyüyə bilər. O zaman Türkiyəni incitməyə dəyərdimi?

* * *

Vəziyyəti mediaya şərh edən rusiyalı ictimai-siyasi xadim Heydər Camal Putinin mövqeyinə izah tapmağın çətin olduğunu deyib. Onun fikrincə, hazırda Putin iki seçim qarşısında qalıb: “Rusiya prezidenti İrəvandakı saxta ”erməni soyqırımı"na həsr olunmuş tədbirə getdi. Bundan sonra Ərdoğan Putinin Ermənistana səfərini qətiyyətlə qınadı. Həmin məqamda Putin Rusiyanın Türkiyəyə münasibətinin strateji xarakter daşıdığını söyləməyi bacardı. Ankarasız “Türk axını” mümkün deyil, amma Moskva hazırkı şəraitdə öz azsaylı tərəfdaşlarını atmaq da istəmir".



Ekspert Moskvanın Türkiyə ilə dostluq elədiyinə inanmır: “Bu necə dostluqdu ki, İrəvana gedəsən, orada ”kütləvi qətliamlardan" danışasan, “soyqırım” deyəsən, sonra da bəyan edəsən ki, Rusiya və Türkiyə strateji tərəfdaşlardır? Ancaq Ərdoğanın davranışı da qəribədir. O, bir yandan Putinin ünvanına iradlar bildirir, o biri yandan isə erməni xalqının itkilərinə görə təəssüfləndiyini dilə gətirir, az qala ermənilərdən üzr istəyir. Prezidentlərin belə ziqzaq şəkilli, əyri-üyrü siyasətlərindən baş açmaq çətindir. Məsələ ondadır ki, Rusiyanın Türkiyəyə qarşı dostluq və yaxınlaşma anlamında stavkası “soyqırımı” tanımaq kimi de-marşları istisna edir. Xüsusən də o zaman ki, genosid ermənilərə qarşı törədilməyib, əksinə, sənədlə sübut olunub ki, ermənilər türklərə və azərbaycanlılara qarşı soyqırım həyata keçiriblər. Bu faktdır..."

* * *
O da maraqlıdır ki, Putin Ərdoğanın, digər Türkiyə rəsmilərinin sərt qınaqlarına çox təmkinli reaksiya verib. Onun sözçüsü Dmitri Peskov bildirib ki, prezident “bu tənqidlərdən xəbərdardır” və yalnız onu əlavə edib ki, “iki ölkənin görməli olduğu o qədər işlər, o qədər ortaq layihələr var ki...” Yəni hiss olunur ki, Moskva adekvat cavabla Ankaranı özündən bir az da incik salmaq istəmir və qalmaqallı “yubiley” səhifəsinin tezliklə qapanmasına çalışır.

Deyəsən, Putin həqiqətən Ankara ilə İrəvan arasında ilişib qalıb. Hər halda, indi - 24 apreldən sonra Rusiya-Türkiyə münasibətləri strateji tərəfdaşlıqdan çox, “mehriban düşmənçiliyi” xatırladır.

Siyasət şöbəsi
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.