Putin Avrasiya Birliyi kartlarını açdı – qorxunc hədə...

30-04-2015, 08:02   
Putin Avrasiya Birliyi kartlarını açdı – qorxunc hədə...

Şimal qonşumuzdan növbəti və qorxulu işğal anonsu; Kremldən Azərbaycana və “Yaxın xaric”ə yeni təhdid gəldi; Rusiya prezidenti postsovet ölkələrini özünün dövlət ərazisi elan etdi; Rusiya Konstitusiyasında beynəlxalq hüququn üstünlüyünü nəzərdə tutan maddənin ləğvi təklifi gündəmə təsadüfi gətirilməyib...

Rusiyadan postsovet ölkələrinin, ələlxüsus da 5 ölkənin - Ukrayna, Moldova, Gürcüstan, Azərbaycan və Belarusun ünvanına gələn hədələyici mesajların sayı axır vaxtlar əhəmiyyətli şəkildə çoxalıb. Bu istiqamətdə prezident Vladimir Putinin, ölkənin digər çinli rəsmilərinin, habelə Duma deputatlarının verdiyi açıqlamaların, bəyanatların təkcə xronologiyasına nəzər salmaq yetər ki, qənaətimizə şübhə qalmasın.

Ondan başlayaq ki, ötən bazar Vladimir Putin SSRİ-nin dağılması ilə bağlı öz versiyasını açıqlayarkən deyib ki, bütün sabiq SSRİ respublikaları Rusiyanın ərazisidir. Bu haqda o, “Rossiya” kanalında göstərilən “Prezident” adlı təbliğati filmdə danışarkən söyləyib. Filmin başqa bir yerində isə o, konkret olaraq Azərbaycanın adını mənfi planda, ABŞ-la iş birliyində çəkib: ölkəmizi Rusiyanı qarışdırmaq üçün öz ərazisində ABŞ xüsusi xidmət orqanlarına şərait yaratmaqda dolayısıyla ittiham edib.



Doğrudur, Putin bunun ötən əsrin 90-cı illərində, təzə-təzə hakimiyyətə gəldiyi vaxtlarda baş verdiyini iddia edir. Ancaq məsələnin məhz indi, olduqca həssas bir dövrdə - Rusiyanın Qərbin, ABŞ-ın sanksiyaları altında sıxıldığı, “soyuq savaş”ın getdiyi, Avrasiya layihələrinin faktiki, dondurulduğu məqamda açıqlanması özlüyündə çox şey deyir və əlbəttə ki, Bakıya bir xəbərdarlıq mesajdır ki, Amerika ilə ehtiyatlı olsun, “Ağ Evin Rusiyaya qarşı planlarında yer almasın”.

* * *



Bundan az öncə Rusiya Xarici İşlər Nazirliyinin rəsmisi Aleksandr Lukaşeviç Azərbaycan da daxil, Avropa Birliyinin “Şərq tərəfdaşlığı” proqramının üzvü olan 5 ölkəni hədələmiş, onların rəhbərlərini qurumun gələn ay Riqada keçiriləcək sammitində iştirakdan çəkinməyə çağırmışdı, əks halda “müvafiq tədbirlər görüləcəyini” bəyan eləmişdi. Çünki XİN-in mövqeyinə görə bu, bir anti-Rusiya sammiti olacaq.

Diplomat onun da əlavə eləmişdi ki, rəsmi Moskva sammitə “olduqca mənfi” yanaşır, bununla belə, Rusiya XİN sammitin gedişini izləyəcək: “Lakin artıq aydındır ki, bizim mövqeyimiz kifayət qədər sərt və prinsipial olacaq. Çünki biz görürük ki, bu tərəfdaşlıq hara gedir və bu proqramın iştirakçılarının, hər şeydən əvvəl Avropa İttifaqının mövqeləri nəzərə alınmaqla kənardan hansı çalarlar kəsb edir”.



Yada salaq ki, daha öncə Putin tarixdə Qazaxıstan adında dövlətin olmadığını açıq şəkildə bəyan eləməklə, faktiki surətdə BMT-nin üzvü olan bu türkdilli suveren dövlətə, onun timsalında isə bütün “Yaxın xaric” ölkələrinə qarşı ərazi iddiası irəli sürmüşdü.

* * *

Bu arada Rusiya KİV-də kifayət qədər ilginc, mövzumuza bilavasitə dəxli olan, lakin əfsus ki, önəm verilməyən maraqlı bir xəbər də keçib. Xəbərin mahiyyəti ondan ibarətdir ki, Rusiya İstintaq Komitəsinin (RİK) sədri, deputat Aleksandr Bastrikin Dövlət Dumasına təklif edib ki, ölkə konstitusiyasında beynəlxalq hüququn Rusiya qanunlarından üstünlüyünü tanıyan maddə ləğv edilsin. RİK sədrinin fikrincə, bu maddə 1993-cü ildə, yəni yeni konstitusiya hazırlanarkən Qərbin hüquq ekspertlərinin diktəsi ilə “Ana Yasa”ya məqsədli şəkildə salınıb və Rusiyanın əl-qolunu bağlamağa hesablanıb. Odur ki, həmin maddəni “aradan qaldırmağın zamanı çatıb”.

O da bəlli olub ki, belə bir təşəbbüsü Bastrikin prezident Putinlə Kremldə təkbətək görüşündə də səsləndirib. Rusiya liderinin təklifə reaksiyası məlum deyil. Hərgah, bir qədər sonra onun mətbuat katibi Dmitri Peskov qısaca bunu söyləyib ki, məsələ hələ ki, müzakirə edilmir və gündəmdə deyil.

Lakin bu, hələ o demək deyil ki, təklif heç vaxt müzakirə edilməyəcək, gündəmə gətirilməyəcək. Qərb nəşrlərindən birinin yazdığı kimi, Putinin beynində nə tutduğunu onun özündən savayı kimsə dəqiq bilməz. Onlardan biri isə Çar Rusiyasını “Avrasiya İttifaqı” adı altında bərpa eləməkdir.



Ancaq imperiyanın bərpasından ötrü, daha doğrusu, “sürünən işğal” üçün şimal qonşumuza formal hüquqi baza da lazımdır. Krımın Rusiyaya birləşdirilməsinin rəsmi Moskva yaratdığı başağrıları göstərdi ki, Kreml “referendum” oyunundan savayı, digər “effektli hüquqi yollar” da axtarıb tapmalıdır. Onlardan biri məhz konstitusiyada beynəlxalq hüququn üstünlüyü ləğv eləmək olardı.

O zaman Moskva hansısa postsovet ərazisini özünə birləşdirəndə rahatca bəyan edəcək ki, ilhaq tam hüquqi əsasda, Rusiya Konstitusiyasına müvafiq olaraq həyata keçirilib, çünki Rusiya üçün beynəlxalq hüquq, Avropa konvensiyaları yox, öz hüququ və qanunları prioritetdir, “biz qanuni ilhaq həyata keçirmişik” - deyəcəklər.

* * *

Sadalananlar yeni ərazilərin “qanuni yolla”ələ keçirilməsinin, Çar Rusiyasını tədricən bərpa etməyin “hüquqi bazası”nı hazırlamaq anlamına gəlir. Rusiya ilə həmsərhəd müstəqil dövlətlər üçün qorxulusu da budur. Ola bilsin, bu hazırlıqlar kiməsə qeyri-ciddi görünsün. Ancaq unutmaq lazım deyil ki, cəmi bir il öncə də heç bir dövlət Rusiyanın beynəlxalq hüququ ayaqaltı edib qonşu, postsovet Ukraynasının mühüm bir parçasını zorla özünə birləşdirəcəyinə inanmırdı.

Analitik xidməthttp://musavat.com/
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.