Xalq artisti İlhamə Quliyevanın Nazpəri Dostəliyevanın ünvanına səsləndirdiyi “mərəzəlidir, dilənçilik edir” sözləri böyük rezonans doğurub. Bəzi mərəzəlilər bu ifadəni özlərinə təhqir kimi qəbul ediblər. Qalmaqala aydınlıq gətirmək üçün xalq artisti İlhamə Quliyeva Axar.az-a danışıb. – İlhamə xanım, Nazpəri Dostəliyevanın ünvanına “mərəzəlidir, dilənçilik edir” demisiniz. Bu da mərəzəlilərin etirazına səbəb olub. Belə bir fikir yaranıb ki, siz ümumilikdə mərəzəliləri təhqir etmisiniz. – Mən elə söz deməmişəm. Sadəcə, demişəm ki, Nazpəri görün, nə qədər vətəninə xəyanət edən adamdır ki, mərəzəli ola-ola deyir ki, mən şamaxılıyam. Mən öz torpağım üçün, vətənim üçün heç vaxt elə söz demərəm. Mən dincəlmək istəyəndə vətənimin bölgələrinə gedirəm. Mənim adımdan yazılan sözlər cəfəngiyyatdır. – Belə çıxır ki, sözünüz düzgün anlaşılmayıb? – Hə, əlbəttə, elə çıxır. Mən dünən bir sayt rəhbəri ilə danışdım. Dedim, sizdən çox xahiş edirəm, o diktofonu gətirin görək, mənim dediyim nədir, orda yazılan nədir?! Hər bir sayt özünə necə sərf edirsə, elə yazır. Heç vaxt torpağımın bir qarışını da nəyəsə dəyişmərəm, torpağımın əleyhinə artıq-əskik söz demərəm. Nazpəri dilənçilik eləyir orda-burda. Pulumu da qəpik-qəpik ödəyir. Nazpəri, sən bu pulu mənə yox, ehtiyacı olanlara verirsən. Özü də deyir ki, min adama əl tutmuşam, indi də biri çıxıb – guya məni nəzərdə tutur. Mən, birincisi, 7 qaçqın ailəsi saxlayıram. İkincisi də mənim nəsil-kökümü hamı tanıyır. Mən prokuror qızıyam – sıravi insan deyiləm. Bu qədər ordenlərim, medallarım var. Xalq məni sevir. Mən hansısa ölkənin hansısa bölgəsinə necə deyə bilərəm ki, oranın adamları dilənçidir? Mərəzəlilərə dilənçi desəm, dilim lal olar, nə danışırsınız?! O, sadəcə, istəyir ki, qalmaqal yaratsın. – Nazpəri xanımla aranızda olan son durum nə yerdədir? – Nazpəri məhkəməni qanuni şəkildə uduzub. Uduzduğu məbləği də mənə yox, ehtiyacı olan adama verməsini demişdim. Pulu dilənçi kimi qəpik-qəpik ödəyir, 11 ay ərzində hamısını ödəməlidir. Mən onun özünə də demişəm, dilənçidir. Bir adam ki, öz vətənindən imtina eləyir, mərəzəli ola-ola şamaxılıyam deyir, ondan nə gözləyəsən?! Mən Mərəzə torpağında dəfələrlə olmuşam, konsertlər vermişəm, dincəlməyə getmişəm. Şamaxı mənim üçün ən dincəlməli yerdir. Təhqir etmək çox böyük günahdır. Yenə deyirəm, mənim dilimdən bu cür kəlmələr çıxmayıb. Kimlər ki, elə yazıb, bunu onlara cavab kimi yazın ki, mən o cür sözlər işlətməmişəm. Mənim torpağım mənim həyatımdır, mənim varlığımdır. Siz belə şeyləri eşidəndə cəsarətlə deyə bilərsiniz ki, İlhamə xanım heç vaxt belə söz deməz. O sözləri Nazpərinin ətrafındakılar yalandan yayıb şişirdirlər. – O pulun ödənilməsində qərarlısınız? – Əlbəttə. Onun ödəyəcəyi məbləğ yetim-yesirə, qocalara, Qarabağ qaçqınlarına – ehtiyacı olan adamlara veriləcək. Mənim o pula ehtiyacım yoxdu. Mən Nazpərini alaram da, sataram da. Nazpəri bir ad çəksin ki, görək hansı bir yetimə əl tutub? Onun özünə əl tuturlar, özü də yaxşı bilir, kimlər tutur. Mən öz torpağımı sevirəm – torpağım mənim həyatımdır, Quranımdır. Xatırladaq ki, xalq artisti İlhamə Quliyeva ölkə.az saytına müsahibəsində Nazpəri Dostəliyeva haqqında “yalandan deyir ki, şamaxılıyam, amma mərəzəlidir, dilənçilik edir” sözlərini işlətmişdi.