Sabiq səfir Steynar Gilin müsahibəsi aranı qatdı

1-05-2015, 08:08   
Sabiq səfir Steynar Gilin müsahibəsi aranı qatdı

Keçmiş səfirin iqtidar və müxalifət barədəki fikirlərinə reaksiyalar gəldi; müxalifət müsahibənin təhrif olunduğunu iddia edir
Norveçin Azərbaycandakı keçmiş səfiri Steynar Gilin AzadlıqRadiosuna 29 aprel tarixində verdiyi müsahibədə səsləndirdiyi bəzi fikirlər narazılıqla qarşılanıb. Ölkəmizdə səfir işlədiyi müddətdə insan haqlarının fəal müdafiəçisi kimi tanınan Steynar Gil Azərbaycan iqtidarı və müxalifətinin “bostanına daş atıb”.


Sabiq səfir iqtidar və müxalifət rəhbərliyinin siyasi arenadan getməsini və gənclərin gəlməsinin vacib olduğunu qeyd edib: “Mən gedəndən nə xarici işlər naziri dəyişməyib, nə də Hacıbala Abutalıbov. Eyni adamlar hakimiyyətdədir. Gənclər gəlməlidir hakimiyyətə. Əli Kərimli, İsa Qəmbər, eyni adamlardır illərcə. Dəyişmək lazımdır. Müxalifətə də gənclər gəlməlidir”.

Müsavat başqanının müavini Elman Fəttah müsahibənin təhrif olunduğunu bildirdi: “Müsahibə düzgün yazılmayıb. Təhrif olunmalar var. Steynar Gilin özü ilə danışdıq. Onun əsas fikri hakimiyyətlə bağlı olub. Sözlərinin əsas vurğusu hakimiyyətin gəncləşməməsi ilə bağlıdır. Steynar Gil səfir işlədiyi vaxtda Azərbaycanda insan haqlarının qorunması sahəsində ciddi əmək sərf edib. 2003-cü ildə Müsavat Partiyasının həbs edilmiş başqan müavinlərinin məhkəmələrində mütəmadi iştirak edib.



Onların məhkəmələrinin necə keçirilməsi ilə bağlı monitorinqdə iştirak edib. 2005-ci ildə baş verən proseslərdə də aktiv iştirak edib. Kifayət qədər insan hüquqlarını bilən, keşiyində duran şəxsdir. Bu baxımdan onun hakimiyyətin gənclərdən imtina etməsi, köhnə məmurları vəzifədə saxlaması fikri tamamilə doğrudur. Onun təəssüflə qeyd etdiyi məsələ var ki, Azərbaycan xalqı proseslərdə aktiv iştirak etməyə meylli deyil. Gənclərin siyasətə gəlməmələri ilə bağlı dəfələrlə bildirmişik ki, səbəb rejimin repressiv siyasətidir. Onlar hakimiyyətin nökərinə çevrilməkdən imtina etsələr də, müxalifətdə də aktiv şəkildə fəaliyyət göstərməkdən çəkinirlər. Ortada çox ciddi repressiya addımları var”.



İqtidaryönlü deputat Fəzail Ağamalı Steynar Gilin fikirlərinin anti-Azərbaycan siyasətinin davamı olduğunu qeyd etdi: “Onun səfir kimi ölkəmizdəki ”fəaliyyəti" yaddaşlarımızdan silinməyib. Azərbaycan xalqı onu yaxşı xatırlayır. O, radikal müxalifətin üsyan zorakılığı ilə körpələri təpik altına salaraq, hakimiyyətə gəlmək məqsədlərini müdafiə, himayə edən şəxs idi. Hətta bu işlərə təşkilatçılıq da edirdi. Baxmayaraq ki, onun səfirlik fəaliyyətində Azərbaycanın daxili işlərinə qarışmaq qadağan idi. Bunu beynəlxalq sənədlər də qadağan edirdi. Azərbaycanın milli qanunvericiliyi də bu hallara imkan vermir. O, səfir olduğu zaman kəsiyində ölkəmizə qarşı insan haqları pərdəsi arxasında düşmənçilik nümayiş etdirdi. Hətta 2003-cü ildə prezident seçkilərindən sonra radikal qüvvələrin küçələrə axaraq, törətmiş olduğu dağıntılar gözümüzün önündədir. Uşağı ayaqlar altına atan, maşınları təpikləyən, özəl obyektləri dağıdaraq hakimiyyətə gəlmək istəyənlərin arxasında o zaman Steynar Gil dayanırdı. İndi artıq vəziyyət dəyişib. Başqa yerdə olsa da, yenə də düşmənçilik mövqeyini davam etdirir".

Deputat bu cür fikirlərin arxasında dövlət maraqlarının dayandığını da söylədi: “Azərbaycan neft ölkəsi kimi Norveçə ciddi rəqib görünə bilər. Onun özünün şəxsi maraqları var. Azərbaycan iqtidarına qarşı sərgilədiyi mövqe təkcə özü ilə bağlı deyil. O, cənab Con Kerrinin yanındadır. Deməli, o, eyni zamanda erməninin yanındadır. Bunların hamısı bir xətdə birləşir”.

Fəzail Ağamalı keçmiş səfirin müxalifət barədə fikirlərinə də münasibət bildirdi: “Onun layihəsi əsasında çalışan, külli miqdarda pul qoyduğu müxalifət etimadı doğrultmadı. Gilin əsas niyyəti müxalifəti hakimiyyətə gətirmək idi. Lakin bu olmadı. Çünki müxalifət hədsiz dərəcədə zəif, iqtidar güclü idi. Xalq iqtidarın yanında idi. Ona görə müxalifətin də getməyini arzulayır. Xoş niyyəti olsaydı, Azərbaycan xalqının maraqları çərçivəsində fikirlər söyləyərdi. İqtidarın çatışmayan cəhətlərini deyə bilərdi. Heç bir hakimiyyət ideal deyil. Normal bir haldır. Amma olanların üstündən xətt çəkmək, Azərbaycana qarşı düşmənçilik etmək məqsədi açıq şəkildə ortadadır”.

Cavanşir ABBASLIhttp://musavat.com/
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.