"Stratfor"un rəhbəri Azərbaycan üçün Rusiya və İran təhlükəsi barədə xəbərdarlıq etdi
Elxan Mehdiyev: "Mən bu ab-havanı SSRİ-nin Əfqanıstana girdiyi dövrə bənzədirəm"
ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) "kölgəsi" hesab olunan "Stratfor" özəl kəşfiyyat şirkətinin prezidenti Corc Fridman Bakıda xəlvəti səfərdə olub. Bu iddia ilə Virtualaz.org saytı çıxış edib. C.Fridmanın Bakıda səfərdə olduğu barədə informasiya ictimaiyyətə açıqlanmayıb və onun Azərbaycan rəsmilərindən kimlərlə görüşdüyünə dair də hansısa məlumat yoxdur.
Ancaq Fridman Bakıdan qayıdandan sonra "Stratfor" mərkəzinin saytında Azərbaycana qarşı Rusiya və İran təhlükəsinə dair geniş məqalə ilə çıxış edib.
C.Fridman Bakıya əvvəllər də səfər edib və adətən onun səfərləri barədə heç vaxt indiki kimi informasiya qıtlığı olmayıb. Ancaq "Stratfor" mərkəzinin Fətullah Gülənin Azərbaycanda yüksək hakimiyyət dəhlizlərinə qədər gedib çıxa bilmiş şəbəkəsinə gizli dəstəyinin üzə çıxmasından sonra C.Fridmanın Bakıya xəlvəti səfər etməsi xüsusi maraq doğurur.
Fridman məqaləsində qeyd edir ki,Azərbaycan Rusiya ilə İranın arasında yerləşir və Bakının ən çox qorxduğu Rusiyadır.
C.Fridman əhalisinin əksəriyyəti şiə olan İranın da Azərbaycana təsir göstərmək səylərindən bəhs edir: "Hazırda ABŞ Azərbaycana silah satışını bloklayıb. İsrail ABŞ-ın razılığı ilə ona zəruri silahlar satır. Bu da bizə qarşılıqlı münasibətlərin mürəkkəbliyi barədə təsəvvürə malik olmağa imkan verir və onu xatırladır ki, mürəkkəblik müttəfiqliyi korlayır".
C.Fridman Azərbaycanla ABŞ arasında anlaşılmazlığın əsas səbəblərini də göstərir. Yazır ki, Birləşmiş Ştatlar Azərbaycana hökumət tərəfindən insan haqlarının pozulduğunu əsas gətirərək silah satmaqdan imtina edir: "Amerikalılar başa düşə bilmir ki, Rusiya ilə İranın qarşısında dayanan və Birləşmiş Ştatların dəstəyinə ehtiyacı olan Bakı amerikalıların hisslərini təmin edə, rejimə təhlükə kəsb etməyən dəyişikliklərə gedə və repressiyalardan qaça bilmir. Azərbaycanın cavabı isə budur ki, məhz İran və Rusiya təhlükəsi Bakıdan sabitliyi və təhlükəsizliyi təmin etməyi tələb edir. Hər iki ölkə vəziyyəti gərginləşdirmək üçün öz əməliyyatçılarını Azərbaycana göndərir".
Göründüyü kimi, Fridman Azərbaycanda İran və Rusiya təhlükəsinin olması barədə həyəcan təbili çalır.
Onun bu qənaətini nə dərəcədə real saymaq olar?
Sülh və Konfliktlərin Həlli Mərkəzinin direktoru Elxan Mehdiyev qəzetimizə açıqlamasında bildirdi ki, Fridmanın gəldiyi qənaətə ABŞ-ın baxış bucağı kimi yanaşmaq lazımdır":Bəli, ABŞ-dan baxanda Rusiya olduqca aqressiv təsir bağışlayır. Ukrayna kimi dövlətin üzərinə yırtıcı kimi şığıyır. Mən bu ab-havanı SSRİ-nin Əfqanıstana girdiyi dövrə bənzədirəm. Həmin vaxt da Qərb və ABŞ ehtiyat edirdi ki, SSRİ oradan başqa ərazilərin işğalını həyata keçirə bilər. İndi də Rusiyaya yaxın ərazidə yerləşən Azərbaycanın təhlükədə olduğu qənaətinə gəlməkdə bir əsas var. Bunu Rusiyanın aqressivliyi yaradır. İrana gəldikdə isə, bu məsələdə ABŞ ekspertləri bir qədər şişirtməyə yol verir. Onların İranla münasibəti heç də rəvan deyil. Azərbaycanın da belə bir ölkə ilə qonşu olması onları narahat edir. Təsadüfi deyil ki, ABŞ dövlət katibinin köməkçilərindən biri ermənilər qarşısında çıxış edəndə bunları deyib: "Biz Bakıda olanda hamıya başa salmaq istəyirik ki, sizin düşməniniz ermənilər yox, İrandır". Təbii ki, səhv yanaşmadır. İran Azərbaycanla normal qonşuluq münasibətlərində yaşayır".