Obama Moskvaya sərt xəbərdarlıq etdi

14-05-2014, 15:12   

Rusiya Ukrayna böhranına görə daha böyük maliyyə sanksiyaları ilə qarşılaşa bilər

Ukraynanın Krım bölgəsini ələ keçirməsinin ardından Rusiya ilə ABŞ, eləcədə Qərb ölkələri arasında gərginlik davam edir. Artıq Avropa Birliyi və ABŞ tərəfindən Rusiyanı Ukrayna böhranı ilə bağlı geri addım atmağa məcbur etmək üçün bəzi sanksiyalar da tətbiq edilib. Ancaq bütün bu təzyiqlərə baxmayaraq, Moskva Krımı tamamilə öz nəzarəti altına alıb. Üstəlik Qərbdə Moskvanın bir az da irəli gedərək Ukraynada rusların çoxluq təşkil etdiyi bəzi bölgələri də ələ keçirəcəyi ilə bağlı narahatlıqlar var.

Ekspertlər hesab edir ki, Qərb ölkələri Moskvanı bu addımlarından çəkindirmək üçün daha sərt sanksiyaları gündəmə gətirə bilər.

Moskvaya Ukraynada daha çox irəli getməməklə bağlı xəbərdarlıq edən ABŞ prezidenti Barak Obama da bildirir ki, Rusiyaya qarşı başqa enerji və maliyyə sektoruna sanksiyalar və silah embarqosu gündəmə gələ bilər.

Rusiya və Ukrayna arasındakı böhranın birbaşa görüşlərlə həll edilməsinin lazım olduğunu ifadə edən Obama, Moskvanın diplomatik yolu seçməyəcəyi təqdirdə əlavə xərclə qarşılaşacağını, bu vəziyyətdə qlobal iqtisadiyyata də qismən mənfi təsirlərin olacağını, lakin ortaya çıxacaq xərcin böyük hissəsinin məhz Moskvanın ödəmək məcburiyyətində qalacağını qeyd edib.

Vəziyyət daha da gərginləşəcəyi halda indiyə kimi tətbiq olunmuş sanksiyalardan əlavə daha sərt tədbirlərin gündəmə gətiriləcəyini deyən Obama, hələ də AB ilə texniki səviyyədə üzərində çalışdıqları enerji və maliyyə sektorlarına sanksiyaların ,silah embarqosunun və Rusiya ilə qarşılıqlı ticarəti məhdudlaşdıracaq tədbirlərin masada olacağını bildirib.

ABŞ prezidenti Rusiya ilə Krımın işğalının tanınması qarşılığında Ukraynanın qalanının zəmanətə alınması ilə bağlı razılığın olması iddialarını da təkzib edib.

Rusiyanın Krımı Kosova ilə müqayisə etməsinə qarşı çıxan Obama, minlərlə kosovalının öz hökumətləri tərəfindən qətlə yetirildiyini xatırladıb. O həmçinin, Ukraynada rus dilli əhalinin təhdid altında olmasına işarə edən heç bir dəlilin olmadığını da qeyd edib.

Barak Obama Rusiyanın bəzi qonşularına qarşı hərbi güc istifadə etmək məcburiyyətində qalmasının zəiflik əlaməti olduğunu dilə gətirib.

Hollandiyanın baş naziri Mark Rutte isə Ukrayna böhranının müharibəyə çevriləcəyini gözləmədiyini deyərək, Rusiyanın vəziyyəti daha da gərginləşdirəcək sərt addımlar atacağı halda böyük maliyyə sanksiyaları ilə qarşılaşacağı barədə xəbərdarlıq edib. Rutte sanksiyaları planlaşdırarkən, Rusiya iqtisadiyyatına maksimum zərbə vura biləcək, ancaq Avropa, ABŞ, Kanada və Yaponiyaya ciddi zərər verməyəcək yolu seçəcəklərini bildirib.
Rusiya və postsovet məkanı üzrə ekspert Pol Qobl isə hesab edir ki, Vladimir Putinin Krıma hərbi müdaxiləsi İkinci Dünya Müharbəsindən bəri beynəlxalq sistemin sabitliyinə ən böyük təhlükədir. Belə ki, suveren dövlətin ərazisini ilhaq etməklə və etnik mənsubiyyəti vətəndaşlıqdan yüksək mövqeyə qaldırmaqla Putin sülhün və sabiltiyin əsasını təşkil edən prinsipləri rədd edib. Pol Qobl hesab edir ki, beynəlxalq ictimaiyyət Rusiyanı bu əməllərinə görə cəzalandırmalı və aydın mesaj göndərməlidir ki, dövlət suverenliyinin zor gücünə tapdanması yolverilməzdir: «…Mən əminəm ki, Putin bu son hərəkətləri ilə elə bir qüvvələr qatarına yol açıb ki, bu, əvvəl-axır Rusiya Federasiyasını parçalayacaq. Ola bilsin, bu, gələn həftə olmasın, amma qarşıdakı aylarda və illərdə bu, baş verəcək. Putin çox təhlükəli bir iş görüb.

Yəqin ki, biz bu hərəkəti geri qaytara bilmərik, amma beynəlxalq ictimaiyyət bunun necə yanlış bir addım olduğunu qeydə almalıdır. Putinin əməllərinə görə Rusiya dövlətinə qarşı ciddi sanksiyalar və ölçülər götürülməlidir».
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.