Demokratik qüvvələrdən Bakı-Vaşinqton savaşına ilginc reaksiyalar

2-05-2015, 08:21   
Demokratik qüvvələrdən Bakı-Vaşinqton savaşına ilginc reaksiyalar
Arif Hacılı: “Əslində bu tipli layihələrin həyata keçirilməsi nə hakimiyyətin, nə də Azərbaycan dövlətinin maraqlarına uyğun deyil”; Sərdar Cəlaloğlu: “Qərb və Amerika Azərbaycanda demokratiya qurmaq istəyirsə, bizim nə istədiyimizə qulaq asmalıdır”
Bakı ilə Vaşinqton arasında kiçik pauzaları çıxmaq şərti ilə tez-tez pozulan “atəşkəs”i hazırda açıq-aşkar “səngər döyüşləri” əvəzləyir. Əvvəllər Azərbaycanın rəsmi şəxslərinin mövqelərini və dövlət qəzetlərinin kəskin yazılarını bir qayda olaraq sükutla qarşılayan ABŞ artıq reaksiyalarını artırmağa, hətta qəzet yazılarına da münasibət bildirməyə başlayıb.

Son zamanlar davamlı şəkildə ABŞ-ın Azərbaycanda hakimiyyət çevrilişi həyata keçirmək planları barədə səslənən mövqelərə Administrasiya rəsmisi Novruz Məmmədovun “Azərbaycanda keçiriləcək Avropa Oyunları ərəfəsində bizə elə kütləvi hücum başlayıb ki, biz bunu təsəvvür edə bilmirik. Bəlkə olimpiada bitərdi, sonra başlayardılar. Biz bildiklərimizin hamısını sizə desək, heyrətə gələrsiniz. Azərbaycanı Liviya, Suriya dövlətinə çevirmək istəyirlər” deməsi vəziyyətin çox kritik olduğunu deməyə əsas yaradır.

Üstəlik, ABŞ dövlət katibi Con Kerrinin demokratiya və insan hüquqları məsələləri üzrə köməkçisi Tom Malinovskini Azərbaycana göndərmək qərarını verməsi durumun dramatikliyindən xəbər verir. Hesab olunur ki, davamlı şəkildə Amerikaya, onun prezidenti və dövlət katibinə ünvanlanan kəskin ittihamlar Vaşinqtonu hərəkətə keçməyə, Bakı ilə yanmaqda olan körpüləri bərpa üçün nümayəndəsini göndərməyə vadar edib. Mötəbər mənbələrdən verilən məlumata görə, səfərdə məqsəd Azərbaycanda insan hüquqları, demokratiya və vətəndaş cəmiyyətinin problemləri ilə bağlı rəsmilərlə müzakirələr aparmaqdır. Həmçinin Azərbaycanda vətəndaş cəmiyyətinə və Qərb institutlarına qarşı repressiya dalğası fonunda iki ölkə arasındakı münasibətlərdə yaranmış hazırkı problemlərə də toxunulacaq.

İki paytaxtın savaşına müxalifətin reaksiyası da maraq doğurur. Maraqlıdır, Azərbaycan müxalifəti Azərbaycana təzyiqlərə dəstək verir, yoxsa bu məsələdə iqtidarın mövqeyini bölüşür? Ümumiyyətlə, Malonivskinin Bakı səfərindən müxalifət nə gözləyir?



Müsavat Partiyası başqanı Arif Hacılı bildirdi ki, Azərbaycan hakimiyyəti adətən, seçkilər ərəfəsində bu tipli məsələləri ortalığa atır: “Son günlər müzakirə olunan Amerikanın planı mövzusu bir tərəfdən Avropa Oyunları, digər parlament seçkiləri ərəfəsində Ortaya atılan bir şoudur. Məncə, bu şou əvvəlkilərə nisbətən daha primitiv şəkildə hazırlanıb. Əslində bu tipli layihələrin həyata keçirilməsi nə Azərbaycan hakimiyyətinin, nə Azərbaycan dövlətinin maraqlarına uyğun deyil. Çünki biz xüsusilə Qarabağ problemi ilə məşğul olan dövlətlərin siyasətinə nəzər yetirsək, görərik ki, bu məsələlərdə daha loyal, Azərbaycanın maraqlarına yaxın olan mövqeni ABŞ həyata keçirir. Elə ”erməni soyqırımı" məsələsi ilə bağlı son proseslərdə də şahidi olduq ki, ABŞ Rusiya və Fransaya nisbətən daha konstruktiv mövqe tutdu. Lakin Azərbaycan hakimiyyəti ölkənin maraqlarını nəzərə almadan öz xarici siyasətində bu tipli addımlar atır ki, bu da Azərbaycanın gələcəyi üçün yaxşı heç nə vəd etmir".

Müsavat başqanı düşünmür ki, ABŞ-a qarşı aparılan bu kampaniya bundan sonra da davam edəcək: “Görünür, hakimiyyət yaxın vaxtlarda ABŞ-la münasibətlərin yaxşılaşdırılması istiqamətində addımlar atacaq”.

Amerikalı diplomatla müxalifətin görüşmək niyyəti varmı və ümumiyyətlə, belə bir dəvəti gözləyirmi? A.Hacılı: “Biz görüş üçün açığıq və əgər müraciət olunacaqsa, görüşəcəyik”.
“ABŞ-ın Azərbaycanda demokratiya ilə bağlı mövqeyi səhvdir. Kerrinin bəyanatı və bu qəbildən olan cəhdlərin heç biri Azərbaycanda demokratiyaya xidmət etmir. Azərbaycanda faktiki olaraq Qərbin və Amerikanın ”demokratiyaya dəstək" adı altında atdığı addımlar demokratiyanı boğur. Hökumətə təzyiq adı altında etdiyi hərəkətlər isə situasiyanı gərginləşdirir". Bunu isə ADP sədri Sərdar Cəlaloğlu “Yeni Müsavat”a açıqlamasında bildirdi. Onun sözlərinə görə, beləliklə, Azərbaycan ikibaşlı uduzur: “Hökumətə təzyiq dövlətə və cəmiyyətə təzyiqə çevrilir.



Müxalifətə dəstək isə müxalifətin istədiyi dəstək olmadığı, yaxud ən azı hədəfi olmadığı üçün heç bir mənfəəti yoxdur. Bu baxımdan Qərb, o cümlədən Amerika əgər Azərbaycanda demokratiya qurmaq istəyirsə, bizim nə istədiyimizə qulaq asmalıdır, özlərinin bizə verdiyinə yox. Vaxtilə Cənubi Amerikada da belə bir şey olmuşdu. Amerikanın məşhur siyasi xadimlərindən biri demişdi ki, amerikanlar özləri demokratiyaya gətirən yolun planını itiriblər. Bizə də elə planlar təklif edirlər ki, o yolla demokratiyaya gəlmək olmaz. Bu gün də Kerrinin olimpiadanın boykot edilməsi kimi məsələlər Azərbaycanda sosial iqtisadi vəziyyəti o qədər ağırlaşdıra bilər ki, siyasi hüquqlar heç insanların ağlına da gəlməz, vəziyyət bundan da qat-qat pis olar. Ona görə də Amerikanın mövqeyi yanlışdır”.

O ki qaldı hökumətin Amerika əleyhinə bəyanatlarına, S.Cəlaloğlu qeyd etdi ki, bu da yanlışdır: “Azərbaycan bilməlidir ki, hansı geopolitik durumdadır, beynəlxalq konyuktura necədir, hansı güclər burda oyun oynayır.

Əgər Azərbaycan dövlətinin və xalqının maraqlarını güdürlərsə, bəzi təzyiqləri doğrudan da obyektiv nəzərə alıb iradları aradan qaldırmalıdırlar. Yoxsa dünya ilə müharibə etmək, bu tərəfdən Rusiya, o tərəfdən Avropa ilə üz-üzə gəlmək Azərbaycan kimi kiçik bir dövlətin davranışlarına uyğun deyil. Azərbaycanın elə bir gücü, qüdrəti yoxdur.

Bir halda ki, bizim iqtisadiyyatımızın inkişafı da, cəmiyyətimizin, dövlətimizin təhlükəsizliyi də Amerika və Avropadan asılıdır, bunu nəzərə almalıyıq. Ukrayna göz qabağındadır. Bizdən on dəfə böyük ölkədir, resursları da bizdən on dəfə çoxdur, liderləri də bizdən on dəfə ötkəmdir. Amma görün vəziyyət nə yerdədir.

Ona görə də Azərbaycanda bu anti-Amerika ovqatı tamamilə yanlışdır. ABŞ-ın da Azərbaycanda demokratikləşmə ilə bağlı mövqeyi yanlışdır. Məgər olimpiadadan qabaqkı neçə illər ərzində Azərbaycanda demokratiya, insan haqları pozulmurdu?

Niyə Kerri ağzını açıb bu barədə heç nə deməmişdi? Məgər ancaq Avropa Oyunlarını boykot etməklə Azərbaycan hökumətini demokratikləşməyə məcbur etmək olar? Azərbaycan iqtidarına təzyiq etməyin o qədər mexanizmləri var ki, heç olimpiadanı boykot etməyə ehtiyac yoxdur”.

ABŞ rəsmisinin müxalifətlə görüşüb-görüşməyəcəyi barədə sualı cavablandıran ADP sədri yenə pessimist danışdı: “Amerikanın son 5-6 illik təcrübəsi ümumiyyətlə, müxalifəti gözardı etmək siyasəti aparır. Məsələn, səfir Azərbaycana gəlib, hələ bir müxalifət lideri ilə görüşməyib. Biz hətta məktub da yazmışıq ki, sizinlə görüşmək istəyirik. Yaxşı, siz bu ölkədə demokratiya, insan haqları ilə maraqlanırsınızsa, demokratiya daşıyıcılarına qulaq asmırsınızsa, onlarla söhbət etmirsinizsə, gedib hansısa bir uzaq dağ kəndində kiminləsə görüşməklə, yaxud 5-10 nəfərlə təmasda olmaqla ölkədəki siyasi hadisələri necə dərk edə bilərsiniz? Yəni bu, onu göstərir ki, ABŞ-ın yüksək rütbəli məmurları da müxalifətlə görüşməyəcək. Görüşəcəksə də, nəzakət xatirinə, Azərbaycan reallıqlarını o qədər də əks etdirməyən bir-iki nəfərlə görüşəcəklər, onların səhv olan təsəvvürlərini bir az da möhkəmləndirəcəklər”.

E.PAŞASOYhttp://musavat.com/
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.