ABŞ-dan Bakıya "Soyuq müharibə"

4-05-2015, 21:35   
ABŞ-dan Bakıya "Soyuq müharibə"
Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov ABŞ dövlət katibi Con Kerrinin Konqresdəki ofisi tərəfindən Azərbaycana qarşı kampaniyanın aparıldığı barədə məlumatlara münasibət bildirib.

ANS PRESS-in məlumatına görə, E. Məmmədyarov APA-ya açıqlamasında “APA tərəfindən ABŞ dövlət katibi Con Kerrinin Konqresdəki ofisindən Azərbaycana qarşı kampaniyanın aparıldığı barəsində məlumatlar verilib və hətta sənədlər təqdim olunub. Bunlar ABŞ-ın dövlət səviyyəsində Azərbaycana qarşı iş aparmasından xəbər vermirmi” sualını belə cavablandırıb:

“Bu davam edən vəziyyət təəccüb və ciddi narahatlıq doğura bilər. Təhlillər onu sübut edir ki, ABŞ-da olan müəyyən insanlar “insan hüquqlarının müdafiəsi”ni yalnız vasitə kimi istifadə edərək, məqsədyönlü şəkildə Azərbaycana qarşı əks kampaniya aparırlar.

Göründüyü kimi, bu anti-Azərbaycan kampaniyası müxtəlif ictimai və media təzyiq vasitələri ilə yalnız Azərbaycanın beynəlxalq imicinə xələl gətirməklə məhdudlaşmır, eləcə də Azərbaycanda ictimai-siyasi sabitliyi pozmağa cəhd göstərir.

Azərbaycanın ev sahibliyi etdiyi birinci Avropa Oyunları ərəfəsində dünya mediası tərəfindən ölkəmizə artan marağın fonunda bu qüvvələr “Soyuq müharibə” dövrünə xas əks-təbliğat metodları ilə mövcud şəraitindən öz çirkin məqsədləri üçün fəal şəkildə istifadə etməyə çalışırlar.

Amma onlar hələ də başa düşmürlər ki, bu kimi birbaşa əks-təbliğat əməlləri ilk növbədə Azərbaycan xalqının hisslərinə toxunur. Mövcud sabitlik və inkişaf üçün Azərbaycan xalqı çox böyük əziyyətlərdən keçib. Bu kampaniyanın arxasında duran şəxslər Azərbaycanın son on ildə əldə etdiyi nailiyyətlərini, xüsusilə ÜDM-in 3.5 dəfə artmasını və yoxsulluğun 50 faizdən 4 faizdən aşağı həddə düşməsini düzgün ölçə bilmirlər. Bunlar faktlardır və Azərbaycan xalqı bunu çox yaxşı bilir.

Digər görünən məqam Azərbaycanın ikili standartların hədəfi olmasıdır. Belə ki, Ermənistan tərəfindən beynəlxalq hüquqa zidd olaraq, Azərbaycana qarşı təcavüz və işğal törədilməsinə baxmayaraq, bu işğal faktına adekvat münasibət müvafiq qaydada nümayiş etdirilməyib.

Bir milyondan artıq azərbaycanlı qaçqın və məcburi köçkünün Ümumdünya İnsan hüquqları Bəyannaməsinə ciddi şəkildə zidd olaraq, pozulmuş hüquqlarına sərgilənən biganəlik və etinasızlığın fonunda, insan hüquqlarının qayğısına qalmağa iddia etmək əsl məqsədin insan hüquqları və demokratiyadan tamamilə uzaq olduğunu sübut edir.

Ciddi narahatlığa səbəb sənədlərdə adı çəkilən demək olar ki, bütün QHT və digər təsisatların ABŞ-ın rəsmi strukturları ilə yaxından işləməsi və dövlət büdcəsi hesabına maliyyələşdirilmələridir. ABŞ erməni lobbisi ilə sıx əlaqələri olan bəzi fərdlər də bu prosesə cəlb olunublar.

ABŞ Administrasiyasından gözləntimiz bu dövlət büdcəsi hesabına maliyyələşən təsisatların anti-Azərbaycan kampaniyasına aydınlığın gətirilməsidir. İndiyə qədər olan təəssürat ondan ibarətdir ki, bu, Azərbaycan-ABŞ əlaqələrinin inkişafını istəməyən şəxslər tərəfindən idarə olunur və hətta onlar əvvəlki Administrasiyaların dövründə qazanılmış ikitərəfli əlaqələrə daha çox zərbə vururlar”.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.