İqtidar “Azərbaycana qarşı” olanları araşdırır - eksklüziv

5-05-2015, 08:27   
İqtidar “Azərbaycana qarşı” olanları araşdırır - eksklüziv

Rəsmi Bakı informasiya müharibəsinə qarşı gedişlərə başlayır; Olimpiya Oyunlarını işıqlandırmaq istəyən 100-dək şübhəli reputasiyalı, o cümlədən erməni lobbisinə yaxınlığı ilə tanınan jurnalist müəyyən edilib
Bakıda keçiriləcək I Avropa Oyunlarının açılışına 38 gün qalıb. Bu mötəbər idman yarışını işıqlandırmağa həm yerli, həm də xarici mediadan ciddi maraq var. Təsadüfi deyil ki, yarışların təşkilat komitəsi KİV nümayəndələri üçün “Media kəndi” yaradıb. “Media kəndi”ndəki 4 binada 1400 mətbuat və televiziya şirkəti nümayəndələri yerləşdiriləcək.

Akkreditasiya ilə bağlı proses artıq yekunlaşmaq üzrədir və 1300-dən çox (bəzi məlumatlara görə, 2000-dək) mətbuat nümayəndəsi (yayım şirkətləri istisna olmaqla) tədbiri işıqlandırmaq üçün müraciət ediblər. Qeyd edək ki, Azərbaycanda ilk dəfə olaraq bir tədbir üçün bu qədər çox sayda müraciət daxil olub.

Akkreditasiya sistemi Beynəlxalq Olimpiya Komitəsinin yaratdığı qaydalara əsasən, Avropa Olimpiya Komitəsinə həvalə edilib. Eyni zamanda bütün akkreditasiyalar Azərbaycana viza rolunu oynayacaq və açılış mərasimindən 30 gün əvvəldən başlayaraq, bağlanış mərasimindən 60 gün sonraya qədər qüvvədə olacaq. Yəni artıq bir həftə sonra akkreditasiya olunmuş jurnalistlər Azərbaycana gələ, yarışlardan sonra da buradan müxtəlif reportajlar hazırlaya biləcəklər.

* * *
Avropa Oyunlarının keçirilməsi ümumilikdə dünyada ziddiyyətli proseslərin baş verdiyi dövrə təsadüf edir. Qərblə Rusiya arasında “suların durulmaması” səbəbindən bu qarşıdurmada tərəf olmaq istəməyən Azərbaycana qarşı hər iki cəbhədən təzyiqlər var. Azərbaycan prezidenti İlham Əliyev “Rossiya-24" telekanalına müsahibəsində Avropa Oyunlarına Azərbaycanın ev sahibliyi etməsinin gözdən salınması cəhdləri barədə danışıb. ”Oyunlar yaxınlaşdıqca bu, özünü daha aşkar göstərir.



Bu, bizdə yalnız təəccüb və anlaşılmazlıq doğurur. Axı bu, nəyə lazımdır?! Azərbaycanın belə bir oyunları təşkil edə bilməsini sanki kimlərsə həzm edə bilmir. Odur ki, indi biz demək olar, sizin Soçi ərəfəsində yaşadığınız vəziyyətdəyik: gözdənsalma, yalan, iftira. Bu cür yalan, düşmənçilik, ədavət kampaniyasına indi biz məruz qalmışıq" deyə, prezident vurğulayıb. Azərbaycana qarşı çox ciddi təzyiqlərin olduğunu Bakıda keçirilən 3-cü Qlobal Forumda Prezident Administrasiyası rəsmisi Novruz Məmmədov da etiraf etmişdi.



Bugünlərdə isə APA Analitik Mərkəzi ABŞ-ın və Avropanın müxtəlif qurumlarının Avropa Oyunlarını gözdən salmaq üçün sosial şəbəkələrdə ciddi antitəbliğat qurulması, hakimiyyətə petisiyalar təşkil olunması, məşhur səyahət portallarında siyasi məzmunlu materialların yerləşdirilməsi və turistlərə Bakıya gəlməmək çağırışlarının əks olunması, jurnalistlərin informasiyalarla təminatı üçün xüsusi qrupun yaradılması planları haqda sensasion material dərc etmişdi.

Materialda yer alan iddialardan belə nəticə də çıxarmaq olar ki, Azərbaycana müxtəlif ölkələrdən gələn bəzi jurnalistlərin də bu kampaniyaya qoşulmaq niyyəti var. Yeri gəlmişkən, “Eurovision-2012" mahnı müsabiqəsi zamanı Azərbaycana gələn xarici jurnalistlərin müxalifətə də diqqət ayırması iqtidar mənsublarının ciddi narazılığı ilə müşahidə olunurdu. İqtidar müxalifəti ittiham edirdi ki, onlar xarici jurnalistlərə Qarabağ problemindən danışmırlar, öz maraqlarına uyğun, ”qərəzli" rəy formalaşdırmağa çalışırlar, hətta şəhər mərkəzindən uzaq yerlərə aparıb çala-çuxur yolları göstərirlər...



* * *
Məlumatlara görə, Avropa Oyunlarına xüsusi həssaslıqla yanaşan Azərbaycan iqtidarı akkreditasiya olunmuş jurnalistlərin siyahısını yenidən gözdən keçirməyə qərar verib. İddia olunur ki, əsasən Almaniya, Hollandiya, Polşa, Belçika, Norveç və İsveçdən yarışların işıqlandırılmasını arzulayan jurnalistlərin siyahısı ciddi təftiş edilir. Belə ki, Bakıya gəlmək istəyən bəzi media təmsilçilərinin Azərbaycanla bağlı indiyədək yazdıqları məqalələr, onların xüsusilə beynəlxalq hüquq-müdafiə təşkilatları (məsələn, “Human Rights Watch”, “Amnesty İnternational”) ilə əlaqələri araşdırılır, onlarla əməkdaşlıq edib-etmədikləri öyrənilir.

Xəbərdə deyilir ki, artıq 100-dək şübhəli reputasiyalı və Azərbaycana bu və ya digər səbəbdən (o cümlədən erməni lobbisinə yaxınlığı əsasında) qərəzli münasibəti təsdiqlənmiş jurnalist müəyyən edilib. Gözlənilir ki, bu şəxslərin Azərbaycana yarışları işıqlandırmağa deyil, əsasən ölkəmiz haqda daha çox mənfi yazılar hazırlamaq niyyətlərini önləmək üçün təşkilat komitəsi onların akkreditasiyasını ləğv etmək niyyətindədir.

İqtidar Azərbaycanın Avropadakı səfirliklərinin təklif etdiyi jurnalistlərlə işləməyə daha çox üstünlük verəcək. Artıq bir neçə ölkənin səfirliklərində Azərbaycana gedəcək jurnalistlərlə hətta görüş də keçirilib.

Məlumatda o da vurğulanır ki, “arzuolunmaz”ların siyahısı uzun ola bilər və bu səbəbdən də yarışların təşkilat komitəsi həmin media qurumları ilə danışıqlar da aparır.

Xəbər xidmətihttp://musavat.com/
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.