“Nida” məhbuslarından yeni məlumatlar

14-05-2014, 17:16   
“Nida” məhbuslarından yeni məlumatlar
“Media forum” saytı Bakı İstintaq Təcridxanasında saxlanan “Nida”çı məhbusların vəziyyəti ilə maraqlanıb.

Zaur Qurbanlının anası Səkinə Qurbanlı deyib ki, oğlu ilə mayın 12-də telefonla danışıb: “Səhhəti normaldır, amma 20 günlük aclıq aksiyasından sonra 22 kiloqram arıqladığını dedi”.

Rəşadət Axundovun atası Fikrət Axundov da oğlu ilə telefonla danışıb. Fikrət Axundov “Media forum”a deyib: “Keçirdikləri aclıq aksiyasından sonra çox əziyyət çəkiblər. İndi isə səhhəti normaldır. Bir istəyi var: övladını görmək üçün ona heç olmasa iki həftədən bir indiki kimi şüşə arxasından yox, canlı görüş verilsin”.

Məmməd Əzizovun atası Rasim Əzizov “Media forum”a bildirib ki, məhkəmə prosesi bitəndən sonra oğlu ilə görüşüb: “Səhhəti normaldır, şikayəti yoxdur. Yaxın günlərdə yenə ona baş çəkəcəm”.

İlkin Rüstəmzadənin atası Bakir Rüstəmzadə mayın 11-də oğlunun yanında olub. Bəkir Rüstəmzadə “Media forum”a deyib: “Səhhətində bəzi problemlər var. Müayinə edildikdən sonra ürəyində qan dövranının zəif olduğu üzə çıxıb”.

Üzeyir Məmmədli mayın 13-də yaxınları ilə görüşüb. Görüşdə iştirak edənlərin “Media forum” saytına bildirdiyinə görə, aclıq aksiyasından sonra Üzeyirin mədəsində problemlər yaransa da, artıq bu arxada qalıb.

Rəşad Həsənovun yaxınları onunla telefon əlaqəsi yaradıblar. Onların “Media forum” saytına dediyinə görə, Rəşadın səhhəti normaldır, şikayəti yoxdur.

Şahin Novruzlunun atası İbrahim Novruzlu isə oğlu ilə mayın 14-də görüşəcək. Onun və İlkin Rüstəmzadənin vəkili Nemət Kərimli “Media forum”a deyib ki, yaxın günlərdə apellyasiya şikayətini məhkəməyə təqdim edəcək.

Ötən ilin mart-aprel aylarında tutulan “Nida”çılar əsasən kütləvi iğtişaşları təşkil etmə cəhdində təqsirli biliniblər. Bakı Ağır Cinayətlər Məhkəməsinin 6 may hökmünə görə, gənclər Məmməd Əzizov, Bəxtiyar Quliyev, Şahin Novruzlu, Rəşadət Axundov, Üzeyir Məmmədli, Rəşad Həsənov, Zaur Qurbanlı, İlkin Rüstəmzadə 2013-cü il martın 10-da Bakıda kütləvi aksiya zamanı “Molotov kokteyli”ndən istifadəyə hazırlaşırmışlar. Zaur Qurbanlı, Rəşadət Axundov, İlkin Rüstəmzadəyə 8 il, Məmməd Əzizov, Rəşad Həsənova 7 il 6 ay, Bəxtiyar Quliyev, Üzeyir Məmmədliyə 7 il, Şahin Novruzluya 6 il azadlıqdan məhrumetmə cəzası verilib.

Gənclər aprelin 17-dən mayın 6-dək aclıq aksiyası keçiriblər.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.