Beyləqanın Kəbirli kənd icra nümayəndəsi Zakir Vəlişovun fermasında baş tutan qonaqlıqda havaya avtomat və müxtəlif silahlardan güllə atılıb. Güllə səslərindən təşvişə düşən Kəbirli kəndinin sakinləri Milli Təhlükəsizlik Nazirliyinin Beyləqan Rayon Şöbəsinə və Polis Şöbəsinə şikayət ediblər. Təxminən 20 dəqiqə davam edən atışmadan dərhal sonra Beyləqan Polis Şobəsinin əməkdaşları hadisə yerinə özlərini çatdırıblar. Lakin nədənsə polis ərazidə heç bir yoxlama aparmadan geri dönüb. Hər halda sakinlər belə iddia edir. Bizi məlumatlandıran kənd sakinin sözlərinə görə, Zakir Vəlişov fermasına gələn polislərə əraziyə və maşınlara baxış keçirməyə imkan verməyib.
Yerdə isə 100-dən çox giliz olub. Məhz Zakir Vəlişovun çobanlarına tapşırığından sonra gilizlərin bir hissəsi çaya atılıb. Kənd sakinlərinin hadisə baş verən yerdən götürdüyü gilizlər isə onu deməyə əsas verir ki, Zakir Vəlişovun qonaqları “Vinçester”, “Makarov”, “Kalaşnikov” marakalı silahlardan və “12-lik” ov tüfəngindən güllə ataraq əhalini təşvişə salıb.
Zakir Vəlişov qonaqlarından birinin Müdafiə Nazirliyinin generalı olduğunu sakinlərə deyərək, onları qorxutmağa çalışıb. Beyləqan rayon Polis Şöbəsindən Zakir Vəlişovun fermasına baş çəkən polis zabiti İslam Məmmədov aztoday.az-a açıqlamasında bildirib ki, ərazidə şübhəli heç nə müşahidə etməyiblər: “102” xidmətinə adını bildirməyən bir nəfər zəng edib, hadisə ilə bağlı məlumat verib. Mən ora həmin kəndin sahə müvəkkili ilə birgə getdim. Biz dediyiniz yerə çatanda polkovnik rütbəli bir şəxsin ailəsi ilə yemək yediklərini gördük. Həmin ərazinin 4 tərəfi əkin sahələridir. Orada giliz görmədik. Polisin guya hadisəni ört-basdır etməsi barədə deyilənlərin heç bir əsası yoxdur”.
Məlumatlarda həmçinin iddia olunur ki, Zakir Vəlişov əvvəllər qanunsuz silah gəzdirmək üstündə bir dəfə “ilişib”. Lakin böyük məbləğdə rüşvət verərək həbsdən canını qutarıb…//cumhuriyyet.az/