Avropadan “Şərq tərəfdaşı”na qeyri-səmimi münasibət: AB öz məhdud maraqlarını Bakıya qəbul etdirmək üçün Rusiya ilə bir cəbhədə durmağa qərar verdi; DESFA-nın məhz SOCAR-a verilməsi üçün Yunanıstana ciddi təzyiq edən qurum indi nədən mövqeyini dəyişib?
Yunanıstan hökumətinin ölkənin qaz kəmərləri sisteminin operatoru olan DESFA şirkətinin səhmlərinin 66 faizinin SOCAR-a satışına dair müqaviləni pozmaq istəməsi barədə ötən saylarımızda xəbər vermişdik. SOCAR DESFA-nın səhmlərinin üçdə ikisinin 400 milyon avroya alınmasına dair müqaviləni 2013-cü ilin yayında imzalayıb. Lakin solçu yunan hökuməti bildirib ki, DESFA-nın səhmlərinin 66 faizini yox, 49 faizini SOCAR-a sata bilər.
Yunanıstan hökuməti ölkənin nəhəng məbləğdə xarici borclarını azaltmaq və defolt təhlükəsindən xilas olmaq üçün dövlət əmlakının özəlləşdirilməsi proqramı çərçivəsində DEPA şirkətini satışa çıxarmışdı. Bu şirkətin satışına dair tenderdə əvvəlcə Rusiyanın “Qazprom” şirkəti əsas iddiaçı idi, SOCAR-da DEPA-nın səhmlərini almağa iddia edirdi. Lakin daha sonra SOCAR Rusiyanı qıcıqlandırmamaq üçün bu niyyətindən imtina edib Yunanıstanın qaz kəmərləri sisteminin operatoru olan DESFA şirkətini almağa qərar verdi.
Avropa Birliyi Yunanıstanın o vaxtkı hökumətinə DESFA-nın məhz SOCAR-a verilməsi üçün ciddi təzyiq edirdi. Yunanıstanın Avropa Birliyi liderlərinin iradəsinin əksinə olaraq Rusiya ilə yaxınlaşmasından sonra Kreml bir neçə ay əvvəlki məğlubiyyətin əvəzini çıxmaq üçün yunan baş nazirindən “Qazprom” şirkətinin Yunanıstanın əsas təbii qaz tədarükçüsü olan DEPA şirkətini almaq təklifinə yenidən baxılması şərti qoyub. Yunanıstan hökumətinin paralel olaraq DESFA şirkətinin satışına dair müqaviləni pozmaq istəməsi ilə Kreml bir güllə ilə iki hədəf vurmuş olur. Yəni DEPA “Qazprom”un nəzarətinə keçərsə, aydındır ki, DESFA-nın taleyi də ciddi sual altına düşəcək.
SOCAR-la DESFA arasında müqavilə bir neçə aydır ki, Avropa Komissiyasının Antiinhisar Komitəsində ləngidilir və Azərbaycan tərəfi bununla bağlı bir neçə dəfə etirazını bildirib.
Avropa Komissiyasının antiinhisar məsələlərinə cavabdeh üzvü Marqret Vestegerin ötən gün yayılan açıqlaması onu göstərir ki, Avropa Birliyi bu məsələdə yenə gözləmə (bəlkə də təzyiq) mövqeyindən əl çəkməyib. Türkiyənin “Anadolu” agentliyinə açıqlamasında M.Vesteger DESFA-nın səhmlərinin üçdə ikisini almasına dair 2013-cü ildə bağlanmış müqavilə barədə danışarkən deyib ki, müqavilə “bazarda rəqabət prinsiplərinin pozulmasına dair narahatlıqlar yaranıb”. Bu səbəbdən Avropa Komissiyası sövdələşməni diqqətlə araşdırır.
“Araşdırmanın ikinci mərhələsini 2014-cü ilin noyabrında başlatmışıq. Məqsədimiz dərindən araşdırma apararaq SOCAR-ın DESFA-nı almasının bazara necə təsir edəcəyini və rəqabət prinsiplərinin pozulub-pozulmayacağını üzə çıxarmaqdır. SOCAR qaz bazarının rəqabətçi və güclü oyunçusudur. Bu araşdırmanın nəticəsi nə olursa olsun, SOCAR TANAP layihəsi sayəsində Avropanın enerji bazarında önəmli oyunçu olaraq qalacaq. Lakin araşdırmanın nəticəsi haqda indidən nəsə demək çətindir” - deyə, M.Vesteger bildirib.
Avropa Komissiyasının üzvü deyib ki, tərəflərə narahatlıqların aradan qaldırılması üçün 90 iş günü müddət verilib. Bu müddət martın 23-də bitib. Lakin tərəflərin Avropa Komissiyasına təqdim etdiyi cavablar qanedici olmayıb. SOCAR və DESFA Avropa Komissiyasının narahatlıqlarını aradan qaldıracaq ikinci cavab hazırlayandan sonra proses yenidən başlayacaq.
Avropa Komissiyasının bu mövqeyi doğrudan da sual doğurur. Əvvəla, yuxarıda da qeyd etdiyimiz kimi, Avropa Komissiyası Yunanıstanın o vaxtkı hökumətinə DESFA-nın məhz SOCAR-a verilməsi üçün ciddi təzyiq edirdi. İndi isə bazarda rəqabət prinsipinin pozulmasından danışılır ki, bu da inandırıcı görünmür. İkincisi, Rusiya ciddi şəkildə həm bu müqavilənin pozulmasına, həm də Yunanıstanın qaz bazarında şəriksiz lider ölkəyə çevrilməsi üçün aşkar fəaliyyət göstərir ki, bu da Avropa Birliyinin maraqlarına daban-dabana ziddidir.
O zaman “SOCAR TANAP layihəsi sayəsində Avropanın enerji bazarında önəmli oyunçu olaraq qalacaq” deyən Avropa Birliyi rəsmisinin səmimiyyətinə nə dərəcədə inanmaq olar? Bu həm də o anlama gəlir ki, Avropa Birliyi öz məhdud maraqlarını (assosiativ sazişi imzalayan Ukraynanın durumunu xatırlamaq kifayətdir) Azərbaycana qəbul etdirmək üçün hətta Putinlə belə bir sırada durmağa razıdır. Bu isə səmimi tərəfdaşlıq kimi qəbul edilə bilməz...
Bəzi müşahidəçilər bunu Avropa Birliyinin Azərbaycana qarşı sanksiya təhdidi kimi qiymətləndirir. İddia edilir ki, bu “ləngimə” mayın 21-də Avropa Birliyinin Riqada keçiriləcək “Şərq tərəfdaşlıq” proqramının assosiativ sazişini imzalamaq niyyətində olmayan rəsmi Bakıya “yumşaq sanksiyasıdır”. Qeyd edək ki, bir neçə gün əvvəl Rusiya XİN-in rəsmi nümayəndəsi Aleksandr Lukaşeviç bildirib ki, Moskva Riqada keçiriləcək sammitini anti-Rusiya aktı hesab edir və buna “kifayət qədər sərt, prinsipial” reaksiya verəcək. Diplomat əlavə edib ki, rəsmi Moskva sammitə “olduqca mənfi” yanaşır. “Aydındır ki, bizim mövqeyimiz kifayət qədər sərt və prinsipial olacaq. Çünki biz görürük ki, bu tərəfdaşlıq hara gedir və bu proqramın iştirakçılarının, hər şeydən əvvəl Avropa İttifaqının mövqeləri nəzərə alınmaqla kənardan hansı çalarlar kəsb edir” deyə, Lukaşeviç bildirib.
Avropa Birliyinin bu yumşaq desək, sürüşkən mövqeyi rəsmi Bakının indiyədək tutduğu siyasətin doğru olduğuna dair qənaətləri möhkəmləndirir...
Xəbər xidmətihttp://musavat.com/