Ərdoğanın Putindən ilk ciddi “soyqırım” revanşı

7-05-2015, 08:50   
Ərdoğanın Putindən ilk ciddi “soyqırım” revanşı

Türkiyə prezidenti Kreml başçısının İrəvan səfərinə görə 9 may paradını boykot edib Qərbin yanında yer aldı; Ankaranın Moskvaya sürprizlərinin davamı da gələ bilər...
70-75 il öncə qonşu ölkələrin ərazilərini bir-bir yağmalayan faşizm Almaniyasının üzərində qələbəni qutlamağa hazırlaşan bir ölkənin -Rusiyanın özü qonşusunun ərazisini zorla ələ keçirirsə, faşistlərin hərəkətini XXI əsrdə təkrarlayırsa, o zaman hansı mənəvi haqla qələbənin 70 illiyini bayram edir?


Rusiya prezidenti Vladimir Putinin Moskvada faşizm üzərində qələbənin 70 illiyini təntənəli şəkildə bayram edib qlobal hadisəyə çevirmək, bununla da özünə əlavə siyasi xallar qazanmaq planı alınmadı. Artıq bunu əminliklə yazmaq olar.

Mayın 9-da Putinlə bir cərgədə yalnız MDB-nin bəzi dövlət başçıları, BMT baş katibi Pan Gi Mun, bir neçə latındilli ölkənin rəhbərləri, Serbiya, Zimbabve, Somali prezidentləri, Yunanıstan baş naziri dayanacaq. Hətta Şimali Koreyanın və Belarusun liderləri də Moskvaya ziyarət etməyi özlərinə rəva bilmədilər.

Doğrudur, Çin və Hindistan liderlərinin də mərasimə qatılacağı deyilir. Ancaq onlar da tədbirə möhtəşəmlik gətirə bilməyəcəklər, çünki 2-ci Dünya müharibəsində əsas iştirakçı dövlətlərin mütləq əksəriyyəti, o sırada müttəfiq ölkələr (ABŞ, İngiltərə, Fransa) üstəgəl, İsrail, Kanada, Avstraliya rəhbərləri Moskvaya getməyəcəklər.



Ən önəmlisi də məhz Qərbin Ukrayna hadisələrinə görə 9 May qələbə törənini boykot eləməsidir. Kreml özünü o yerə qoymasa da, bu, əslində ona qarşı sanksiyaların yeni formasıdır. Krımı işğal eləməklə beynəlxalq hüququ tapdamış Rusiyanı təcrid siyasətinin növbəti praktik təzahürüdür, nəhayət, beynəlxalq rəyi qulaqardı edən ölkələrin hamısını eyni aqibətin gözlədiyi barədə qiymətli mesaj-anonsdur.

Məsələ də ondadır ki, 70-75 il öncə qonşu ölkələrin ərazilərini bir-bir yağmalayan faşizm Almaniyasının üzərində qələbəni qutlamağa hazırlaşan bir ölkənin -Rusiyanın özü qonşusunun ərazisini zorla ələ keçirirsə, faşistlərin hərəkətini XXI əsrdə təkrarlayırsa, o zaman hansı mənəvi haqla qələbənin 70 illiyini bayram edir? Hələ üstəlik, bunun təntənəli olmasına çalışır, dünya liderlərini öz yanında görmək istəyir...

Amma Putin heç nə olmayıbmış kimi, bu təntənəyə çox ümidli idi. Di gəl, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan da onun dəvətini geri çevirdi. Artıq bəllidir ki, Ankaranı Qırmızı meydanda Moskvadakı səfir Ümid Yardım təmsil edəcək. Bu imtinanı Türkiyədən Rusiyaya yubiley zərbəsi və yaxud Putinin 24 aprel İrəvan səfərinə görə ilk revanş aktı da adlandırmaq olar.



Hələ Putin saxta soyqırımın 100 illik yubiley mərasiminə qatılmaq üçün İrəvana səfər qərarı verəndə Türkiyənin buna praktik kontur-addımlarla cavab verəcəyi təxmin edilmişdi. Hərçənd Putin səfərin Ankarada və Bakıda yaradacağı qıcığı azaltmaq üçün mümkün olanı eləmişdi: aprelin 24-də nə Ermənistanda, nə də Rusiyada Türkiyə əleyhinə kütləvi etiraz aksiyalarının keçirilməsinə imkan verməmiş, öz çıxışında “erməni soyqırımı” ifadəsini yalnız dolayısıyla işlətmiş, Dağlıq Qarabağdakı separatçı rejimin başçısı Bako Saakyanın 24 apreldə İrəvanda görünməsini yasaqlamış, gecəni İrəvanda qalmamışdı. Bundan başqa, Çanaqqala zəfərinin 100 illiyi ilə bağlı yubiley törəninə kifayət qədər yüksək ranqlı rəsmi şəxsi - Rusiya Dövlət Dumasının spikeri Sergey Narışkini yollamışdı.

Göründüyü kimi, sadalananlar Ankaranın “könlünü almaq” üçün yetərli olmayıb. Olması mümkün də deyildi. Rusiya prezidentinin İrəvan ziyarətinə və orada verdiyi açıqlamalara rəsmi Ankaranın sərt reaksiyalarından aydın idi ki, qardaş ölkə mütləq adekvat tədbirlər görəcək, revanş xarakterli addımlar atacaq.



Onlardan biri artıq reallaşıb. Halbuki Rusiya yeni dönəmin özəlliklərini, düşdüyü durumu, Ankaranın Moskvaya uzatdığı tarixi əli və fürsəti nəzərə alsaydı, o zaman 9 mayda dünyanın sayılıb-seçilən dövlətlərdən birinin - Türkiyənin liderini yanında görə bilərdi - bu, Ankaranın imici üçün ziyanlı olsa belə. İrəvana isə Putin aprelin 24-də baş nazir, keçmiş prezident Dmitri Medvedyevi də yollaya bilərdi və bununla dünya dağılmazdı.

* * *
İndi isə Ərdoğan istədə də, istəməsə də 9 may boykotuna qoşulmaqla, Qərblə bir cərgədə yer almış oldu. Putinin lüzumsuz İrəvan səfərinin Rusiya üçün acı nəticələrindən biri məhz budur - Ankaranın Moskvaya qarşı təzədən Qərblə eyni mövqe sərgiləməyə başlaması.
Hələ Türkiyənin başqa revanş tədbirləri də ola bilər. Hərçənd Rusiya ilə ilkin qaz anlaşmaları, AES tikintiləri ilə bağlı müqavilələr qardaş ölkəyə də çox gərəklidir.



Bu xüsusda “Kommersant” qəzeti iki ölkə arasında nəhəng layihələr sırasında mühüm yer tutan “Türk axını”nın siyasi proseslərə görə yubandığını iddia edib. Qəzet bildirir ki, Rusiyanın “soyqırım” addımlarına Ankara “Türk axını”nı gecikdirməklə cavab verə bilər.

Söz yox ki, belə bir addım Rusiya ilə bərabər Türkiyənin də maraqlarına uyğun deyil və müstəsna olaraq Moskvanı sanksiyalarla zəiflətməyə, onun Ankara ilə əlaqələrini soyutmağa çalışan Qərbin işinə yarayır. Lakin nə etməli? Bu, Türkiyənin günahı deyil, Türkiyə haqq etmədiyi bir münasibətlə üzləşib və cavab addımları qaçılmaz olub. Axı dövlətlərin iqtisadi maraqları ilə yanaşı, qürurları da var. O ki ola Türkiyə kimi dövlət.

Siyasət şöbəsihttp://musavat.com/
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.