Politoloqdan maraqlı açıqlamalar; Elxan Şahinoğlu: “Azərbaycan Avropa İttifaqı üçün daha dəyərli tərəfdaşdır”
“Brüssel Bakıya təzyiq etmir. Avropa Komissiyası Bakı ilə strateji sazişin imzalanmasını da münmkün sayır. Sadəcə, belə bir sazişin imzalanması və imzalanması aparacaq”.
“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu bunu Musavat.com-un əməkdaşının mayın 21-22-də Riqa şəhərində keçiriləcək Avropa İttifaqının Şərq Tərəfdaşlığına üzv ölkələrin sammitindən gözləntiləri barədə sualını cavablandırarkən bildirdi.
Qeyd edək ki, rəsmi Bakının sammitdə hansı səviyyədə iştirak edəcəyi və hansısa sənədə imza atıb-atmayacağı gündəmin əsas suallarındandır. Həm Avropa paytaxtlarında, həm də Rusiyada Bakının hansı mövqedən çıxış edəcəyini də intizarla gözləyirlər. Avropa Birliyinin təmsilçiləri etiraf edir ki, Azərbaycanın onlar üçün xüsusi önəmi var. Putin Rusiyası da Bakını yanında görmək istəyir. Bu mənada Azərbaycanı kimin qazanacağı sual doğurur.
E.Şahinoğlu bildiridi ki, əgər əvvəllər Brüssel assosiativ saziş imzalamadığına görə rəsmi Bakının siyasətindən narazı idisə, indi bu narazlığı dilə gətirmir: “Brüsselə indi Bakı ilə belə bir saziş imzalasa, bu, assosiativ saziş imzalayan digər ölkələrdə haqlı sual yaradacaq: Niyə Brüssel bizlə assosiatv saziş, Azərbaycanla strateji saziş imzalayır? Ona görə də Brüsselə vaxt lazımdır. Riqa sammitində Rusiya faktoru da var. Rusiya Riqa sammitini hədəf alıb. Ora toplaşan ölkələri dolayı yolla hədələyib. Rəsmi Bakı Kremllə normal münasibətlərə malik olsa da, fikrimcə, Kremlin istəyi ilə Avropa Birliyi ilə əməkdaşlığını azaltmayacaq”.
Politoloq xatırlatdı ki, Şərq Tərəfdaşlığına üzv ölkələrdən yalnız Gürcüstan, Ukrayna və Moldova artıq assosiativ sazişə imza atıb: “Ermənistan son ana qədər assosiativ saziş barədə danışıqlar apardı. Ancaq Moskvanın xəbərdarlığından sonra rəsmi İrvan Avropa Birliyi ilə saziş imzalamadı. Çünki Ermənistan Rusiyanın təsiri altında müstəqil qərar qəbul etmə, müstəqil siyasət yürütmək imkanlardan məhrumdur. Rəsmi Bakı da assosiativ sazişə imza atmaq istəmədi. Ancaq Ermənistandan fərqli olaraq bu Rusiya faktoru ilə deyil, daxili faktorla bağlıdır. Birincisi, Azərbaycandakı iqtisadi model Avropa Birliyinin şərtlərini yerinə yetirməyə hazır deyil. İkincisi, Azərbaycan Ümumdünya Ticarət Təşkilatına da üzv deyil. Rəsmi Bakı assosiativ sazişin əvəzinə Brüssellə strateji saziş imzalamaq istəyir. Azərbaycan prezidenti İlham Əliyev Bakıda keçirilən 3-cü Qlobal Forumda çıxışı zamanı qeyd etdi ki, Azərbaycanın Avropa Birliyinin üzv dövlətləri ilə güclü ikitərəfli əlaqələri var. Həqiqətən Azərbaycan Avropa Birliyinin 7 ölkəsi ilə strateji tərəfdaşlığa dair saziş imzalayıb”. E.Şahinoğlu qeyd etdi ki, rəsmi Bakı Avropa Birliyi ölkələri ilə bu sazişlərin artmasına çalışır, digər dövlətlərlə bu saziş ətrafında danışıqlar gedir: “İlham Əliyevin mövqeyi belədir ki, Avropa Birliyi Şərq Tərəfdaşlığı Proqramındakı üzv dövlətlərə fərqi yanaşma ortaya qoymalıdır. Rəsmi Bakı məhz bu səbəbə Avropa Birliyi ilə assosiativ sazişə yox, fərqli strateji sənədə maraq göstərir. Azərbaycan hakimiyyətinin fikrincə, assosiativ sazişdə əsasən Avropa Birliyinin maraqları və istəkləri əsas götürülüb. Rəsmi Bakının Brüsellə imzalamaq istədiyi strateji sənəddə isə tərəflərin qarşılıqlı maraqlı əsas götürülməlidir. Yəni rəsmi Bakı Avropa Birliyinin yalnız Azərbaycana uyğunlaşdıra biləcəyi şərtləri yerinə yetirmək istəyir. Bunlar elə şərtlər olmalıdır ki, onların reallaşmasında rəsmi Bakı da maraqlı olsun. Əslində Brüssel Gürcüstan, Moldova və Ukrayna ilə assosiativ saziş imzalasa da, Azərbaycanla əməkdaşlıq Brüssel üçün fərqli çəkiyə malikdir”.
Siyasi şərhçimiz onu da əlavə etdi ki, Gürcüstan, Moldova və Ukraynanın iqtisadiyyatları ağır vəziyyətdədir, bu dövlətlərin əlavə kreditlərə ehtiyacı var: “Avropa Birliyinin özündə də iqtisadi problemlər var və Brüssel birliyə üzv olmayan ölkələrə kredit ayrımağa tələsmir. Bu 3 ölkənin Brüsellə assosiativ saziş imzalamaları onların iqtisadi problemlərin həll demək deyil. Məsələn, gözlənilənlərin əksinə olaraq Ukraynada iqtisadi və struktur islahatları zəif gedir. Ukrayna hökuməti islahatları ona görə sürətləndirmir ki, əhalinin sosial vəziyyəti daha da ağırlaşmasın. Ancaq iqtisadi islahatlar aparılmasa, Kiyev Brüsseldən zəruri maliyyə ianələri ala bilməyəcək. Gürcüstan, Moldova və Ukraynadan fərqli olaraq isə Azərbaycanın Avropadan kreditə ehtiyacı yoxdur, əksinə Azərbaycan özü Avropa Birliyinin bəzi ölkələrinə investisiya yatırmağa hazırdır. Avropa Birliyini Azərbaycanla əməkdaşlığıa sövq edən ikinci faktor enerji resurslarının Avropa bazarına çatdırılmasıdır. Azərbaycan TAP və TANAP boru xətləri ilə nəinki öz qazını, Türkmənistan qazını da Avropaya daşımağa hazırdır. Bu isə Avropanı Rusiyanın qaz asılılğından qurtaracaq. Keçən həftə Aşqabadda keçirilən görüşlərin nəticəsi olaraq, Türkmənistan-Azərbaycan-Türkiyə-Avropa İttifaqı dördlüyü yaranıb. Bu dördlüyün əsas istəyi türkmən qazının TAP və TANAP boru xəttinə çıxarılmasıdır. Bununla Avropaya daha çox qaz nəql ediləcək. Bu cür çoxsaylı arqumentləri ortaya qoysaq görərik ki, Azərbaycan Avropa İttifaqı üçün daha dəyərli tərəfdaşdır”.
Cavid TURANhttp://musavat.com/